Milli Məclisin bugünkü iclasında Ziyafət Əsgərov Türkiyəyə görə, Vahid Əhmədovu QINADI
“Vahid müəllim müsahibəsində deyir ki, Azərbaycanda hamının gözü var, İranın gözü var, Fransanın gözü var, Rusiyanın gözü var, Türkiyənin gözü var”.
Paralel.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ziyafət Əsgərov deyib.
“Yaxşı, İranı başa düşdüm, Rusiyanı da başa düşdüm, Fransanı ruslar demiş “tem bolee” başa düşdüm, Türkiyənin burada nə gözü var? Bu həmin Türkiyədir ki, müharibə vaxtı “F-16”-larını saxladı burada, halbuki təlimə gəlmişdilər. Onlar burada, aeroportda gözlədilər, digər dövlətlərə mesaj verildi ki, hünəriniz var, Azərbaycana hücum edin, “F-16”-ları göydə görəcəksiniz. Bu, qardaşdır e! Qardaş, dost, müttəfiq haqqında belə söz demək olarmı, Vahid müəllim? Vallah yaramaz! Siz dəfələrlə deyirsiniz ki, “Mən dövlət adamıyam”, dövlət adamı dövlətin yanında olmalıdır, Mehman Hüseynovun, AXCP-nin, Müsavatın, İranın, Rusiyanın yox”, - deyə Ziyafət Əsgərov deputat Vahid Əhmədov barəsində danışarkən bildirib.