"Azersky"la əlaqələr qəflətən kəsilib: nə baş verib?

 

"Azərkosmos" "Azersky" peykinin fəaliyyətini vaxtından tez bitirməsi ilə bağlı açıqlama verib. Həmin açıqlamaya görə, peyklə əlaqələr qəflətən kəsilib və istehsalçı şirkət olan Fransanın "Airbus Defence and Space" ilə birgə çalışsalar da, "AzərSky" ilə rabitə qurmaq mümkün olmayıb.

2014-cü ildə orbitə qaldırılan peykin istismar müddətinin başa çatmasına isə bir il qalmışdı.  Həm də gözlənilirdi ki, onun resursları aktiv fəaliyyət üçün daha bir-iki il də yetərli olacaq. Bəs nə baş verib?

"Paralel.az" xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, baş verənlər çox ciddi bir hadisədir:

"AzerSky" yerin müşahidəsi baxımından, həmçinin açıq desək kəşfiyyat baxımından da  Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Prezident məhz bu peykin 44 günlük Vətən müharibəsində xüsusi  əhəmiyyətini vurğulamışdı.

Həm də bu peyk ölkəmizə yetərincə valyuta gətirirdi. Təqribi hesablamaq olar ki, yaxın iki ilə daha 20 milyon da xeyir verə bilərdi. Peykin istismarı ətrafında Azərbaycanda nəhəg bir infrastruktur formalaşmışdı".

Ekspert yaranan problemin kiberhücumla bağlı ola biləcəyini deyib:

"Azərkosmos" ehtimal olaraq müşahidə peykimizin meteorit və ya hansısa göy cisimləri ilə toqquşma versiyasını irəli sürüb. Əlbəttə, ilk ağlagələn bu, ola bilər. Başqa kosmos ölkələrində də bu tip hadisələr olub. "Azərkosmos"un kömək üçün müraciət etdiyi Amerikanın kosmik qurumları peykin öz orbitində fırlanmaqda davam etdiyini bildirib. Lakin peyklə hansısa əlaqələr qurmaq mümkün olmayıb.

Düşünürəm ki, burada mütləq şəkildə peykimizə qarşı kiberhücum faktoru üzərində də işləmək doğru olardı. Xüsusən də kosmik resurslara malik olan Fransa və İranla münasibətlərimiz xeyli gərginləşib ki, istehsalçı ölkə də Fransa şirkətidir. Eyni zamanda bu resurslara sahib olan Rusiya faktorunu nəzərdən qaçıqmaq olmaz. Ermənistan da yenicə dünya peyk ailəsinə qoşulub.

Güman ki, Fransa artıq baş verənlərdən Azərbaycanın növbəti peyk istehsalında bu ölkəni tərəfdaş olaraq nəzərdə tutmadığını anlayıb. Bütün bunlar Azərbaycanı istəməyən qüvvələrin "AzerSky" peykimizə qarşı kiberhücum təşkil edəcəyini düşünməyə əsas verir".

"İstənilən halda fikrimcə səlahiyyətli və kəşfiyyat qurumlarımızın mütləq olaraq kiberhücum  araşdırması məntiqli və doğru olardı. 

Həm də, düşünmək olar ki, maraqlı tərəflər məqsədyönlü olaraq bu kiberhücum faktını qabarda bilərlər. Belə olan halda isə "Azərkosmos" 45 milyon manat sığorta ödənişindən məhrum ola bilər. Yəni, hər bir halda kiber hücumun olub-olmaması faktı mütləq şəkildə araşdırılmalıdır.
Baş verənlər müharibə labüd olan Azərbaycanın milli maraqları baxımından olduqca ciddidir, milli təhlükəsizlik məsələsidir", - deyə O. Gündüz əlavə edib.

"Paralel.az"

0.013803958892822