“Türkiyənin zəlzələ ağrıları”

“Türkiyənin zəlzələ ağrıları”
 

“Türkiyənin zəlzələ ağrıları”

Açığı, (xüsusi) istedadlı insanların qələmə aldıqları maraqla qarşılanır və bir tədqiqat işi kimi diqqət çəkir. Dünyanın bir nömrəli sinədəftər publisisti Əli Rza Xələflinin bugünlərdə “Gənclik” nəşriyyatında ayaq açmış “Türkiyənin zəlzələ ağrıları” kitabı da (elə bu mənada) özündə çox ciddi bir sanbal ehtiva edir. Burada ağrı-acı (fakt olaraq) poetik təcəlladadır. Əli Rza Xələfli bu kitabla bütün Türk dünyasına (bir növ) təsəlli vermir, başsağlığı da vermir, məlum bir həqiqəti anladır.
Oxucuya, özündə güc tapmaq əzmi verən bu kitabın redaktoru və ön söz müəllifi filologia elmləri doktoru, professor Təyyar Salamoğlu, rəyçiləri Əməkdar mədəniyyət işçisi Adil Abdullayev, şair-ədəbiyyatşünas Sərvaz Hüseynoğlu və ədəbiyyatşünas Əli Bəbiroğludur. Müəllifdən öyrəndik ki, bu nəfis kitab Azərbaycanın ilk poliqrafist alimi, tanınmış ictimai xadim Şəddat Cəfərovun rəhbərlik etdiyi mətbəədə işıq üzü görüb.
Əslində, Əli Rza Xələflinin, adıçəkilən kitabda toxunduğu mövzu təkcə poeziya, ədəbiyyatşünaslıq işi deyil, həm də bir tale məsələsidir; o, bu mövzunu dəqiq təfərrüatlar fonunda sarsıdıcı zəminlə yox, səbr, toxtaqlıq prizmasında cilalayıb. Həyatın, taleyin geniş fövqü görünən, min rəngdə çalar tapan bu kitabda, belə demək mümkünsə, duyğusallıq fəlsəfi şüurun nüfuzu kimi diqqət çəkir.
Kitabdakı eyniadlı poemada müəllif acı hisləri Türk xalqının həyat örnəyi kimi verir, hadisələrə tarixi aspektdən yanaşır. Bəzi nümunələrə diqqət yetirək:

...Yaddaşda adı qalan fəlakətlər çox olub,
Çox “mənəm”lər sovrulub, yer üzündən yox olub.

...Allah özü acizdir. Hesabı fələk sayıb,
Gəncəni alt-üst qoyub, Kəpəzi parçalayıb.

Əvəzində Göygölü güzgü verib insana,
“İbrətlə bax, ey könlüm” bu çətinə, asana.

...Bir bədənin, bir canın ağrısı bizdən keçir,
Doğma qardaş yarası göynəyən izdən keçir...

Bu parçalardakı həyat fövqü əsas verir deyək ki, Əli Rza Xələfli “Türkiyənin zəlzələ ağrıları” kitabı ilə həm də gələcək faciələrə (qarşı) duruş tapa bilmək məğzi aşılayır...
Allah sizi qorusun, Əli Rza Xələfli!

Hikmət Məlikov

0.019282102584839