Ərəstun Oruclu: “Oktay Gülalıyevə sui-qəsd işi də yenidən araşdırılmalıdır”

Ərəstun Oruclu: “Oktay Gülalıyevə sui-qəsd işi də yenidən araşdırılmalıdır”
 

Azərbaycan ictimaiyyətinin, xüsusilə də “Tərtər İşi” üzrə zərərçəkən onlarla ailənin prinsipial mübarizəsindən sonra bu işlə bağlı istintaq yeniləndi, günahsız həbs edilənlər azadlığa qovuşdu və bu cinayəti törədən bəzi adamlar məsuliyyətə cəlb olundu.

Artıq “Tərtər İşgəncələri”ndə icraçı olmuş əsas şəxslər məhkəmə qarşısında dayanıb.
Belə bir məqamda “Tərtər İşgəncələri”ni ilk dəfə ictimailəşdirən, bu məsələ ilə bağlı prinsipial mübarizə aparan insan haqları fəalı Oktay Gülalıyevin məsələsi də unudulmamalıdır.
Məhz bu fəaliyyətinə görə, sui-qəsd cinayətinə məruz qaldığı iddia olunan Gülalıyevin də işi yenidən araşdırıla bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu gununsesi. info açıqlamasında bu baqda danışıb.

“Mənim fikrimcə, Oktay Gulaliyevin başına gələnlər bilavasitə onun “Tərtər işi”ilə bağlı araşdırmalara başlamasıdır. Bildiyimiz kimi 2019-cu ilin əvvəlindən başlayaraq Oktay Gulaliyev “Tərtər qurbanları”nı səfərbər edərək,bu işin ictimailəşdirməsində rol oynayanlardan biridir. Məndə olan məlumata görə Oktay bəy bu proses zamanı bir neçə dəfə açıq təhdid olunub. Hətta “Tərtər qatilləri”ni dəstəkləyən, onların media kampaniyasını aparan Tofiq Şahmuradov adlı şəxs vaxtilə Oktay Gulaliyevə qarşı facebook sosial şəbəkəsi vasitəsilə zorakılıq çağırışları etmişdir. Bütün bunların surəti (ekran görüntüləri) mövcuddur. Birbaşa zorakılıq çağırışının ardınca Oktay Gulaliyev belə bir qəzaya uğrayıb, hansıki bu qəzanın özü də çox müəmmalidir. Buna görə də düşünürəm ki, Oktay bəyin işi ilə bağlı yeni istintaq aparılmalıdır. Oktay Gulaliyevə daxil olan bütün zənglər, eyni zamanda ona edilən hədələr ciddi şəkildə araşdırılmalıdır. Edilən araşdırmalar cinayətin izini tapmaqda yardımçı olacaq. Bunlar “Tərtər qətliamları”nı törədən şəxslərdir”.

Ərəstun Oruclunun sözlərinə görə, Baş Prokurorluğun yüksək vəzifəli rəsmisi və Müdafiə Nazirliyinin korpus komandirinin adı ilə də Gülalıyev hədələnib.

“Onlar məhz Oktay Gulaliyevi hədələyiblər. Əgər normal istintaq praktikasında hüquq mühafizə orqanlarının işində bir insanın başına hansısa hadisə gələrsə, ilk növbədə onu hədələyən, ətrafına yerləşdirilmiş müəmmalı və eyni zamanda guya hüquq müdafiəçisi cildə girərək sonradan qatilləri müdafiə edən şəxslər araşdırılıb, sorğulanmalıdırlar. Həmən şəxslərin bütün fəaliyyətləri həmən hadisə ərəfəsində araşdırılmalıdır. O cümlədən telefon zəngləri və s. Mən bu işi müəyyən qədər araşdırmış bir şəxs kimi tam məsuliyyət hissi ilə deyə bilərəm ki Oktay bəyə sui-qəsd olunub. Törədilən sui-qəsd xəstəxanada davam etdirilib. Buna görə də mütləq şəkildə araşdırılmalıdır. Nə qədər ki, cinayətkarlar cəzasız qalır, ölkədə cinayətkarlıq, kriminalaşma artacaq”.

0.018480062484741