Universitetlərimizin rəqabətqabiliyyətliyi niyə yoxdur? -dos. İlham Əhmədov
Məlumdur ki, ali təhsil xidmətlərinin ixracı ölkə üçün, eləcə də universitetlərin özləri üçün güclü iqtisadi potensiala malikdir. İnkişaf etmiş ölkələr bundan böyük iqtisadi mənfəət əldə edirlər. Tələbələr və valideynlər ali təhsil almaq üçün əcnəbi universitet seçərkən onun reytinq cədvəlindəki mövqeyini nəzərə alırlar.
Əcnəbi tələbələrin cəlb edilməsi faizinə görə bizim ali təhsil müəssisələrimiz çox zəif görünürlər. Bizim ali təhsil müəssisələrimizi nəinki əcnəbi tələbələr, heç yerli tələbələr və işəgötürənlər də bəyənmirlər. Biz ali təhsil islahatlarını keyfiyyətli apara bilsəydik, universitetlərimizin heç olmasa10% -i Boloniya prosesi tələblərinə cavab verə bilsəydi, milli universitetlərimiz qlobal reytinqlərdə nisbi irəliləyiş edə bilərdilər.
Bunun üçün isə Elm və Təhsil Nazirliyində və universitetlərimizdə son 20 ildə sağlam maliyyə və kadr siyasəti yürüdülməli idi. Təəssüf ki, milli təhsil sistemində olan durğunluq hələ də davam edir.
Qlobal ali təhsil bazarının maliyyə tutumu bu gün150 milyard dollar civarındadır. Bütün dünya üzrə 5 milyon tələbə xarici ölkələrdə təhsil alır. ABŞ-da 1 milyondan çox əcnəbi tələbə təhsil alır. Amerika təhsil ixracından ildə 50 milyard dollar qazanır.
Ali təhsil ixracına görə dünyada 2-ci yeri Böyük Britaniya universitetləri turur. Bu ölkədə 500 min əcnəbi tələbə təhsil alır. Onlar mühəndislik, biznes, texnologiya, sosial elmlər, dizayn, hüquq ixtisaslarına üstünlük verirlər. Avstraliyada 400 min əcnəbi tələbə təhsil alır.
Xaricdə ali təhsil alan tələbələrin 25%-i Çin, Hindistan və Cənubi Koreyanın gəncləridir. Rusiya bu bazarın 2%-nə nəzarət edir.
Ölkənin ali təhsil sistemindəki proseslərin müşahidəsi göstərir ki, bu sahədə aparılan işlər sistemli xarakter daşımır, heç bir elmi bazaya əsaslanmır, icrası qeyri-peşəkar səviyyədə olur. Ölkə üzrə nisbi olaraq 4-5 ali təhsil müəssisəsində yeniliklərə müəyyən təşəbbüslərin olduğunu görürük.
Qlobal səviyyədə universitetlər arasında olan, getdikcə artan ciddi rəqabət milli universitetlərimizə bu sahədə heç bir perspektiv vəd etmir. Necə deyərlər, “onlar çox sürətlə inkişaf edir”.
Ölkələr arasında qlobal rəqabət bu günümüzün reallığıdır. Bizim milli universitetlərimiz dünya universitetləri ilə heç cür rəqabətə girə bilmir, nəinkiABŞ və Avropa, hətta MDB ölkələri universitetləri ilə də rəqabətə girmək imkanımız yoxdur. Çünki, son 20 ildə TN ali təhsilinin qlobal meyllərindən, tendensiyalardan bixəbər olub, bilməmək bir yana, bilənləri, bu mövzuda danışanları, yazanları da heç eşitmək istəməyiblər. ETN hələ də bu yoldadır, çox təəssüf ki. Yəni, ali təhsilin rəqabətqabiliyyətli olmamasının səbəbi son 20 ildə olan təhsil nazirlərinin, komandaların, rektor korpusunun böyük qisminin özlərinin rəqabətqabiliyyətli olmamasından, öz yerində olmamasından qaynaqlanır. Bu səbəbdən də ATM geridədir, ölkəmizə təhsil almağa çox az əcnəbi tələbələr gəlir, bizdən isə hər il minlərlə tələbə xaricə ali təhsil almağa gedir. Bu illər ərzində milyard dollarlarla vəsait xaricə axıb.
Amma işi düz qura bilsəydilər indi tam fərqli mənzərə olardı. Milli Təhsilin qlobal rəqabətqabiliyyətliyinin təmin edilməsi təhsil siyasətinin əsası olmalı idi. Hətta 4 il əvvəl qəbul edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da bu problemləri həll edə bilmədi. Çünki, gerilik çox, təşəbbüslər, layihələr, səriştəli komandalar, maliyyə qoyuluşu azdır.
Dövlət proqramı ilə tanışlıq göstərir ki, bu proqram bizim yox, xarici universitetlərin rəqabətqabiliyyətliyinin artmasına xidmət edir. Çünki, pullar bizim ATM-nə yox, xarici universitetlərin inkişafına yönəldilir: 2007-2015-ci illər üzrə, 2019-2023-ci illər üzrə, 2024 və davamı üzrə də, toplam 1 milyard dollara yaxın vəsait birbaşa xarici universitetlərin büdcəsinə yönəlmişdir. 2007-ci ildə ilk dövlət proqramı müzakirə ediləndə biz bu təklifi vermişdik. Lakin, həmişəki kimi strateji baxımdan səhv qərar qəbul edildi. O pullar bizim yerli ATM-nə yönlənsəydi, universitetlərdə (elə nazirlikdə də) səriştəli və vətənpərvər komandalar olsaydı, son 15 ildə ATM-də xeyli inkişaf olardı.
Heç müstəqillik illərində bizim ATM-nin inkişafı üçün bu məbləğin 10 % verilməyib. Sonuncu dövlət proqramı nəticəsində sadəcə 4-5 universitetin hərəsində1-2 ixtisas üzrə ikili diplom proqramları yaradılıb ki, bu da dəryada bir damladır. Dövlər Proqramında ali təhsilin rəqabətqabiliyyətliyi nədir, buna necə nail olmaq olar kimi anlayışlara toxunulmayıb, buna necə nail olmaq olar v.s. sualların cavabı yoxdur. Nəticə də ortadadır. Universitetlərimizdə əcnəbi tələbələr çox azdır, çünki, ATM rəqabətədavamlı deyillər.
"Paralel.az"