Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXVII yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXVII yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)

“Əgər qullarım səndən Məni soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər” (2/186)

XXVII YAZI
B) ALLAH ƏL-QƏRİBDİR
O, ƏL-QƏRİBDİR – çox yaxındır, yaxınlıqda sınır tanımayandır, yaxınlıqda tayı-bərabəri olmayandır. Allahın insana yaxın olmasını bu ölçülərlə anlaya bilərik:
- əl-Qərib adı Qurani-Kərimdə üç yerdə Allaha aid edilmişdir; (11/61)
- yaxınlıq iki növdür: a) maddi; b) mənəvi;
- MADDİ YAXINLIQ cisimlərə aiddir, fiziki yaxınlığı ifadə edir (uzunluq, genişlik, dərinlik, zamanla bağlıdır. İki maddi varlığın bir-birinə yaxınlaşması üç yolla baş verir: a) biri sabit olur, o birisi ona yaxınlaşır; b) ikisi də bir-birinə doğru hərəkət edir; c) arxadan gələn öndə gedəndən sürətli hərəkət edərək ona yaxınlaşır;
- MƏNƏVİ YAXINLIQ – bu, maddi varlığı olmayanlara aiddir: Allahın, ağılın, vicdanın, fikrin ... yaxınlığıdır;
- Allaha yaxınlaşmağın məkanı, zamanı yoxdur, fiziki hərəkətlə bağlı deyil;
- insan Allaha iman, təqva, saleh əməllərlə yaxınlaşa bilər;
- Allah buyurur: “Harada olursanız, olun, O, sizinlə bərabərdir”; (57/4)
- “Allaha qurbanların nə ətləri, nə də qanları çatar, ancaq sizdən Allaha çatan təqvanızdır” (22/37). “... Ət, qan maddi aləmə aiddir, bizi maddi olana, məsələn, insana yaxınlaşdırar, birinə qurban əti versən, ona yaxın olarsan, təqva isə maddi deyil, mənəvi vasitədir – mənəvi olan maddi olandan daha böyük, daha güclü, daha təsirli, daha qalıcı, daha dəyərlidir”;
QURANİ-KƏRİM ALLAHA YAXINLAŞMAĞIN YOLLARINI BİR-BİR SAYMIŞDIR:
- SAĞLAM FİTRƏT – fitrət insanı insan edən, onu seçən, üstün qılan nemətdir (yaradılan hər varlığın fitrəti var), mayadır, özəllikdir, ilahi proqramlaşdırmadır, yazılımdır, fitrət vermək Allaha aiddir, insan fitrət qoya bilməz, ancaq qoyulmuş fitrəti poza bilər. Günahlar fitrəti pozar, ona görə də yasaqlanmışdır. Bütün ibadətlər imanı, iman fitrəti, fitrət insanı qoruyur. İnsan fitri olaraq Allaha təslim olma ehtiyacı ilə yaradılmış, fitrət imana kodlanmışdır, hər insanın inanma ehtiyacı var, fitrətin inanma ehtiyacının təmini tövhid (Allahdan başqa ilah yoxdur – la ilahə illallah) inancı ilə mümkündür. Fitrətin sağlam qidası tövhiddir.
Allaha inanmayan bir insan mütləq başqa bir varlığa (şeyə) inanır, məsələn, ateist də Allahın yoxluğuna inanır, bu da bir inancdır (iman deyil – doğru inanc (tövhid) imandır). İnanmaq mütləqdir dedik, belə ki, fitridir, fitri olan qaçılmazdır, ehtiyacdır, su, hava, qida, yuxu kimidir, istəmirəm deyə bilməzsiniz. Bu halda, önəmli olan doğruya inanmaqdır. Doğru imanın ölçülərini də Allah müəyyən etmişdir. Doğru iman (tövhid) fitrəti qoruyur, yanlış inanc (şirk) fitrəti pozur, insanın ağıl, vicdan, qəlb, iradə enerjisini parçalayır. Tövhid azadlığa, şirk köləliyə yol açır. Fitrəti sağlam olanın əxlaqı da gözəl olur, o insan xeyrə, ədalətə yönəlir, iş burada da bitmir, xeyrə yönəldir, onu çoxaldır, sadəcə özü gözəl olmur, həm də gözəlləşdirir. Fitrəti xəstə olanın isə əxlaqı pozular, pisliyə çevrilər, iş burada da bitməz, pisliyi, şəri, zülmü çoxaldar.
Fitrətin pozulması təsəvvürdən başlayır, insan Allahı doğru tanımayanda fitri olan inanmaq ehtiyacını başqa varlıqlar (şeylər) vasitəsi ilə təmin etməyə çalışır, anlayış dəyişəndə fitrət, fitrət dəyişəndə davranış dəyişir. Fitrəti bərpa etməyin, əslinə qovuşdurmağın yolu, sıralaması belədir: təsəvvürü düzəlt, bu, anlayışların mənasını doğru təsbit etməklə mümkündür, bir anlayışı doğru tanıyanda təsəvvür də doğru olur, doğru məna (həqiqət) təsəvvürü, təsəvvür ağılı, ağıl fitrəti, fitrət əxlaqı, əxlaq davranışı düzəldir.
Sağlam fitrət insanın Allaha mənəvi yaxınlığını təmin edir, xəstə fitrət insanı Allahdan uzaqlaşdırır. Sağlam olan sağaldır, çürük olan çürüdür.

Xəstə maddi qidalar insanın fiziki sağlamlığını, xəstə mənəvi qidalar - xurafələr, yalanlar, iftiralar, uydurmalar da təsəvvürü, ağılı, qəlbi, vicdanı, fitrəti öldürür, yəni onların doğru çalışmaq imkanını sıradan çıxarır.
Allahın insanı qoruma qanunu belədir: ey insan, sənə Elçim vasitəsi ilə göndərdiyim sağlam mənəvi ruzilərlə - Qurani-Kərimlə, tövhidlə, ədalətlə, barışla, mərhəmətlə fitrətini qoru ki, Mən də səni qoruyum. İlahi ruzilərdən imtina Allahın insanı qoruma sistemindən imtinadır, onun qorumadığını da heç kimsə qoruya bilməz. Toplasaq, bunu deyə bilərik: fitrəti, mayası sağlam olan Allaha yaxın olar, fitrəti pozulan da Ondan uzaqlaşar...
Ardı var...

Paralel.az

0.080210208892822