"Rusiya əlindən gələn imkanlardan istifadə edəcək..." - Politoloq
“Dumanlı şəraitdə yolu azan əsgərimizin əsir götürülərək ona işgəncə verilməsi Rusiya və İrana bağlı olan qrupların təxribatı da ola bilər”.
Bunu Ermənistanla Azərbaycan arasında yenidən gərginləşən münasibətlər haqqında danışan politoloq Samir Hümbətov deyib.
O bildirib ki, sərhəddə baş verən təxribat, İrəvanda bayrağımızın yandırılması və Ermənistanın idmançılarımızın təhlükəsizliyini təmin edə bilməməsi təsadüfi deyil:
“Əlbəttə ki, bütün bu hadisələr planlaşdırılmış şəkildə həyata keçirilir. Bu hadisələrdə yalnız Ermənistanın əlinin olduğunu desək, doğru olmaz. Üçüncü tərəflərin əlinin olması şübhəsizdir.
Vaşinqton görüşünün keçirilməsi planlaşdırılırdı. Belə bir görüşün baş tutacağı ərəfədə Rusiyadan da “bizdə də görüş keçirilməlidir” mənasına gələn açıqlama verildi. Vaşinqton görüşündən gözləntilər yüksəkdir. Çünki ABŞ dövlət katibi Entoni Blinken verdiyi açıqlamada tərəflərin bu görüşünün nəticə verə biləcəyini qeyd edib.
Rusiyanın istəyi bölgəyə sülh gəlməməsidir. Çünki nə qədər ki qarışıqlıq olacaq, Rusiya Cənubi Qafqazda varlığını davam etdirəcək. Bunun üçün Rusiya əlindən gələn bütün imkanlardan istifadə edəcək.
Hadisələrin bu yöndə cərəyan etməsi yalnız Rusiyanın yox, İranın da maraqlarına uyğundur. Dumanlı şəraitdə yolu azan əsgərimizin əsir götürülərək ona işgəncə verilməsi Rusiya və İrana bağlı olan qrupların təxribatı da ola bilər”.