Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXVI yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XXVI yazı
 

Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)

“Əgər qullarım səndən Məni soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər” (2/186)

XXVI YAZI
A) AYƏ NİYƏ ORUC AYƏLƏRİNİN İÇİNDƏ (BAĞLAMINDA) GƏLDİ?

BƏQƏRƏ surəsinin 183, 184, 185-ci ayələri RAMAZAN ORUCU ilə bağlıdır, arada indi şərh etdiyimiz 186-cı ayə var, sonra yenə orucla bağlı ayə gəlir (187-ci ayə). İlk baxışda şərh olunan ayə ilə oruc ayələri arasında bağ yoxdur. Ancaq ayənin bağlamını (kontekst) doğru düşündükdə, sağlam əlaqə qurduqda ayələr arasında qırılmaz məna bağı olduğunu görürük. Belə ki, Allah öncəki ayədə buyurdu ki, O, sizin üçün asanlıq istəyər, sizi sıxıntıya salmaq istəməz. O, sizdən üç şey istəyir: a) oruc günlərini tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün Onu ucaldın – təkbirə yönəlin (oruc tutmaq feili təkbirdir); c) şükür edin;

ALLAH sonra da buyurur ki, Mən qullarıma çox yaxınam, yəni bu əməlləri yerinə yetirsəniz:
- Allahın rəhmətini, bərəkətini, lütfünü hiss edəcəksiniz;
- O, sizi görür, bilir, eşidir;
- dualarınızı, təkbirlərinizi, şükürlərinizi bilir, eşidir, görür (duanın, təkbirin, şükrün sözlü olanı da, əməli olanı da var);
- O, sizi darda qoymaz;
- O, sizə ümid, cəsarət, güc verər;
- Allahdan xeyir, bərəkət, rəhmət istəyirsinizsə, öncə siz addım atın;

- ALLAHIN QANUNU QULDAN ALLAHA DOĞRU İŞLƏYİR, yəni, ey insan, sənə verilmiş ağıl və iradənin haqqını ver, tənbəl olma, çalış, nəticəni Ondan istə, dua et ki, qəbul etsin, istə ki, versin, qapını döy ki, açsın, Onu zikir et ki, O da səni zikir etsin, zəhmətsiz rəhmət, tikansız gül yoxdur, dəyərin əməyin qədərdir, hər kəsə çalışdığının qarşılığı var, qədərçilik (insandan bir şey asılı deyil düşüncəsi) ağıla, iradəyə, əməyə sayğısızlıqdır, insanı tənbəllik bəlasına sürükləyər, halal zəhmət ibadətdir, igidlikdir, axirət azuqəsidir, qarşılığı ilahi rəhmətdir;
- ayə buyurur ki, Allahla ünsiyyətin (hər ibadət Allahla ünsiyyətdir) varsa, oruc tutmaq asandır;
- oruc tutmaq Allahın insana nə qədər yaxın (mənəvi yaxınlıq) olduğunu hiss etdirən, rəhmət qapılarını açan ibadətdir;
- Allah Mən insana çox yaxınam ölçüsü ilə buyurur ki, ey insan, Mənimlə ünsiyyətini canlı, içdən (səmimi), davamlı tut;
- öncəki ayənin sonunda ALLAHU ƏKBƏR – Allah tək böyükdür anlayışı var, bu ayə buyurur ki, O, insana çox yaxındır, yəni insan düşünə bilər ki, tək böyük olan Allahla ünsiyyət qurmaq imkansızdır, O hara, mən hara? O, insana yol göstərir, onu çaşqınlıqdan qurtarır, deyir ki, Mən sənə çox yaxınam, səni hər an eşidir, bilir, görürəm, oruc tutduğundan xəbərdaram, təkbirini, duanı eşidirəm, sənə Mənimlə ünsiyyət vasitələri nazil etmişəm, hər ibadət Allahla ünsiyyətdir, gözəl adlarımı (əsma-i hüsna) öyrən, kainat ayələrini araşdır ki, Məni doğru tanıyasan, ağlına, qəlbinə, vicdanına hüzur gəlsin;
- ayə deyir ki, O, hər an hazırdır, iş başındadır, yatmaz, yuxuya ehtiyacı yoxdur, ilahi rəhmət qapısı əsla bağlanmaz;
- Mənim sizə yaxın olduğuma iman edin ki, şüurlu ibadətə qovuşasınız;
- ey insan, özünü hər an Allahın hüzurunda hiss et ki, qorunasan;
- Allahın sizə nə qədər yaxın olduğunu bilməyiniz, hiss etməyiniz, anlamağınız üçün bəlli bir müddət yeməkdən, içməkdən, cinsi münasibətdən uzaq durmağınız – oruc tutmağınız zəruridir;
Qurani-Kərimdə Allahın insana çox yaxın olduğunu ifadə edən başqa ayələr də var. İkisini oxuyaq:
“Biz ona (insana) şah damarından daha yaxınıq”; (50/16)
“Allah insanla qəlbinin arasına girər”; (8/24)
Ardı var...

Paralel.az

0.035356998443604