"Tarixin kölgəsi və yaxud Gələcəkdən gələnlər" - FİRUZ MUSTAFA

 

TARİXİN KÖLGƏSİ

və yaxud

GƏLƏCƏKDƏN GƏLƏNLƏR

(siyasi- tarixi dram-xronika)

 

Əsərin iştirakçıları

 

Məmməd Əmin.  (Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə) 31 yanvar 1884-cü ildə  Bakının Novxanı kəndində anadan olub –  6 mart 1955-ci ildə Türkiyədə, Ankara şəhərində vəfat edib. Milli Məsələlər Komissarlığının müvəkkili.  Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illərdə )  rəhbəri. Milli Şuranın sədri.

 

Nəriman Nərimanov.  (Nərimanov Nəriman Kərbəlayi Nəcəf oğlu) 14 aprel 1870-ci ildə Gürcüstanda anadan olub – 19 mart 1925-ci ildə  Moskvada vəfat edib.  Milli Məsələlər Komissarının müavini.  1920-1922-ci illərdə  Azərbaycan Respublikasının Baş naziri (XKS-nın sədri). SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri. 

 

İosif Stalin.  (İosif Vissarianoviç  Stalin) 18 dekabr 1879-cu ildə Gürcüstanda, Qori şəhərində anadan olub  -  5 mart 1953-cü ildə  Moskvada vəfat edib.  Milli Məsələlər Komissarı. Sov. İKP Mk-nın (1922-1953-cü illərdə) Baş katibi.

 

Rəhim bəy.   ( Rəhim bəy Alı ağa oğlu Vəkilov) 1898-ci ildə Qazax qəzasının Salahlı kəndində anadan olub - 1934-cü ildə intihar etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin ən gənc üzvü.  İstiqlal Bəyannaməsinin mətninin müəllifi.

 

Dadaş bəy.  (Dadaş Əbdül Hüseyn oğlu Həsənov  (Həsənzadə). 1897-ci ildə Şuşa şəhərində  tacir ailəsində doğulmuşdur - 1927-ci il yanvar ayının 28-də   Solovki həbs düşərgəsində  güllələnmişdir. Müsavat partiyasının gizli fəaliyyət göstərən müqavimət təşkilatının fəal üzvlərindən biri. İxtisasca həkim.

 

Gülsüm xanım.  (Gülsün Əliyeva-Nərimanova). Nəriman Nərimanovun arvadı. 1898-ci ildə Bakıda doğulub - 1953-cü ildə Moskvada vəfat edib.

 

Nadejda Alliluyeva. (Nadejda  Sergeyevna   Alliluyeva)    İosif Stalinin arvadı. Xalq Komissarları Sovetinin İşlər İdarəsində katib (Leninin katibəsi). 1901- ci ildə Bakıda doğulub - 1932 ci ildə Moskvada intihar edib.

 

Məmmədəli Rəsuloğlu.  (Məhəmməd Əli Əbdüləziz oğlu Rəsulzadə). 7 aprel 1882-ci ildə Bakının Novxanı kəndində doğulmuş - 3 fevral 1982-ci ildə Türkiyədə, İstanbul şəhərində vəfat etmişdir. Rusiya Milli Məsələlər Komissarlığı nəzdindəki kooperativin işçisi.  Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü. Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu. Jurnalist, publisist.

Artıq qeyd olunduğu kimi, əsərdə baş verən hadisələrin böyük bir qismi Məmmədəli Rəsulzadənin dili  ilə nəql edilir.

Səhnədə geniş məkan və sonsuzluq. Divarda iri bir təqvim. Təqvimin üstündə əks olunmuş iri rəqəmlər:

                        1982.

  Təqvimin önündə yaşlı bir kişi. Bu, Azərbaycan Xalq  Cümhuriyyətinin  parlament üzvü, qocaman jurnalist  Məhəmmədəli Rəsulzadədir.  Məmmədəli bəy əvvəllər Azərbaycan, sonralarsa Türkiyə mətbuatında əsasən Rəsuloğlu imzası ilə tanınıb. O,  Məmməd Əmin Rəsulzadənin əmisi oğludur.  Məmmədəli Rəsuloğlu tədricən, asta addımlarla səhnənin önünə gəlir. Əlində tutduğu jurnalı vərəqləyir. Əvvəlcə sakit, sonra qismən sürəkli şəkildə danışmağa başlayır. O, əsər (yəni tamaşa) boyu sərbəstdir. Danışır, susur, çay və ya qəhvə içir, yaxınlıqdakı kresloda əyləşir, gəzişir, fikrə gedir, hətta, arada səhnəni tərk edir. Əsərin iştirakçıları sanki onu görmürlər. Əslində isə əsərdə baş verən hadisələri öz təhkiyəsi ilə bir-birinə “bağlayan” məhz Məmmədəli Rəsulzadədir.

 

Məmmədəli Rəsuloğlu.  Mən uzun, çox uzun bir ömür yaşamışam. Bu il düz yüz yaşım tamam olacaq. Kimləri görməmişəm bu dünyada? 20-ci illərdə Moskva Kremlində Lenin, Stalin, Nərimanov tez-tez gördüyüm adamlar idi. Trotskini, Zinovyevi, Kamenevi, Buxarini, Kirovu, Orcanikidzeni, Kalinini, Kaqanoviçi, Mikoyanı, Voroşilovu, Rıkovu da  görmüşəm, hətta, onlardan bir çoxu ilə salam-kəlamım, ünsiyyətim  olub. Türkiyənin soltanı İkinci Xəlifə Əbdül-Məcidi həyatda görmüşəm,  Demokratik Tütkiyənin rəhbərlərindən Mustafa Kamal Paşa və Mustafa İsmət İnönü  tanıdığım adamlar olub. İran şahı Şahənşah Sultan Əhməd şah , habelə Rza xan və Rza şah Pəhləvilər, Fransa prezidenti Aleksandr Milyeran, Rumıniya kralı Birinci Kral Ferdinand,  Almaniyanın  reyx kansleri Vilhelm Kuno,  Bolqar çarı Üçüncü Boris,  Avsraliya İttifaqının kralı Kral Georq,  İtaliyanın Baş katibi Benite Mussolini mənim həyatda görüb söhbət etdiyim insanlardır.

Azərbaycanın müstəqilliyi yolunda canlarını belə əsirgəməyən Topçubaşov, Usufbəyov, Ağaoğlu, Hacınski, Qarabəyov, habelə Şıxzamanovlar, Hacıbəylilər, Vəkilovlar  yaxın dostlarım  idi.

20-30-cu illərdə Haqverdiyev, Mirzə Cəlil, Çəmənzəminli, Ömər Faiq, Cəfər Cabbarlı, Sanılı, Əhməd Cavad, Abdulla Şaiq, Süleyman Sani, Cavid, Nəzərli, Simurğ,  Seyid Hüseyn kimi maarifçi və yazıçılar tez-tez görüşdüyüm tarixi şəxsiyyətlərdir.

Azərbaycanın o vaxtki kommunist  rəhbərləri Bağırov, Qarayev, Sultanov, Musabəyov, Mirzə Davud, Axundov, İldırım,  Ağamalıoğlu da mənim yaxından  tanıdığım adamlar olub.

Dediyim kimi, yaşım yüzə çatıb. Ömrümün qüruba çatdığını hiss edirəm. Elə bu səbəbdən də fürsətdən istifadə edərək, görüb-eşitdiklərimi, şahidi olduqlarımı insanlarla bölüşmək istəyirəm.

Təqvimin üstündə iri rəqəmlər dəyişir:

 1982” rəqəmini 

1920  yazısı əvəz edir.

1-ci hissə.

BAKI.

1920-ci il.

 

Payızın rənginə bürünmüş şəhər peyzajı.

Bağ. Yaxınlıqdan ensiz yol keçir. Uzaqdan boz təpəlik və həmin təpəliyin sinəsi boyu səpələnmiş kiçik evlər görünür.

 

Rəhim bəy. Dadaş bəy, bəlkə doktor öz kabinetində imiş? Bəlkə heç səninlə görüşmək istəməyib?  Hətta, olsun ki, orada səni aldadıblar?

Dadaş bəy. Köməkçisindən soruşdum ki, yoldaş Nərimanovla görüşmək olar? O bildirdi ki, doktor yerində deyil. Lap dəqiq söyləsəm, belə dedi: “Yoldaş Nərimanov Mərkəzdən gələn hörmətli qonaqları qarşılamağa gedib”.

Rəhim bəy. Mərkəz... Qırmızı Moskvanın bir adı da Mərkəz olub. İnnən sonra bu millətin qulağı Mərkəzin əlində qalacaq.

Dadaş bəy. Ta demə...

Rəhim bəy. Günah özümüzdədir.

Dadaş bəy. Yəni kimdə?

Rəhim bəy. Elə hamımızda. Gərək onları Bakıya buraxmayaydıq.

Dadaş bəy. Bəyəm biz buraxdıq onları? Ya biz çağırdıq? Ağlınca o  bolşevik cəlladlar Bakı kimi yağlı bir tikəni heç əldən buraxardılar? Özün görmədin üstümüzə necə top-tüfənglə gəldilər? Alçaqlar hələ parlamenti də gülləboran etmək istəyirdilər.

Rəhim bəy. Axı onları çağıranlar da vardı. Deyirdilər ki, “Qızıl ordu” nə qədər tez gəlsə, bizə bir o qədər yaxşıdır. Buyur, bu da sənə çağırdığın qırmızı ordu.

Dadaş bəy. Sən bunu kimə deyirsən? Mənə?

Rəhim bəy. Yox, Əliheydərə...  Əliheydər  Qarayevə və bütün qaraniyyətlilərə...

Gülürlər.

Dadaş bəy. O qaraniyyət Qarayev öz dəstəsi ilə parlamentə soxulanda görmədin nə həngamə, nə oyun çıxartdı?

Rəhim bəy.Gördüm... Əmin bəyə dedi ki, buranı tez tərk edin, yoxsa gözünüzü çıxardaram. Əmin bəy gülümsəyib dedi ki, tezliklə sənin gözünü özününkülər çıxaracaq. Əliheydər çaşıb qaldı. Soruşdu ki, özümüzünkülər kimdir? Əmin bəy dedi ki, bolşeviklər.

Dadaş bəy. Eşitdiyimə görə, indi Əliheydər öz inqilabçı dostları ilə də yola getmir. Xüsusən, Nərimanovla.

Rəhim bəy. Nədir? İndi nə istəyir?

Dadaş bəy. Nə istəyəcək? Vəzifə.

Rəhim bəy. Axı onun vəzifəsi var, Dadaş bəy.

Dadaş bəy. O, Nərimanovun yerinə göz dikib. Deyir ki, Leninin Moskvada əyləşdiyi kresloya Bakıda mən sahib olmalıyam. Burada bəziləri Nərimanova “Şərqin Lenini” deyəndə heç bilirsən Əliheydər necə özündən çıxır?..

Rəhim bəy. Yəqin özünü Leninin yerində görür...

 

Gülürlər.

Dadaş bəy. Əliheydər dedin, yaxşı yadıma düşdü. Heç bilirsən, Əmin bəyin yeni doğulan övladının adını evdəkilər nə qoymuşdular?

Rəhim bəy. Eşitmişəm ki, Əliheydər qoyublar.

Dadaş bəy. Əmin bəy bu xəbəri eşidib çox qeyzlənib. Deyib ki, o nə addır elə? Əlbəttə, o, Əliheydərə görə belə deyib... Yoxsa adın bir dəxli yox. Belə götürəndə bu da özünə görə bir addır.

Rəhim bəy. Elədir. İnşallah, Məmməd Əmin bəy həbsdən azad olar, evinə qayıdar, uşağa öz istədiyi adı qoyar.

 

Əvvəlcə at ayaqlarının səsi, sonra maşın uğultusu  eşidilir.

Dadaş bəy. Görürsən?

Rəhim bəy. (Boylanır). Görürəm.

Dadaş bəy. Bəs maşındakıları necə?

Rəhim bəy. Yox. Onları seçə bilmirəm.

Dadaş bəy. Hə, odur... Görə bilirsən? (Boylanır). Düşürlər...  Qabaqdakı Nərimanovdur... Ortadakılar Orconikidze ilə  Kobadır... Deyəsən, sonda düşən Mikoyandır.

Rəhim bəy. Bilmirsən, onlar Bakıya nə üçün gəliblər?

Dadaş bəy. Nəyə gələcəklər ki? Neftin iyinə yığışıblar... Ac Rusiyaya indi neft hava-su kimi lazımdır. Nərimanov özü onlara dedi ki, buyurun, neftin sahibi sizsiniz...

Rəhim bəy. Hə, bir vaxt elə demişdi. Sonra deyəsən fikrini dəyişdi... Gəl gedək buradan. Doktor bizi görsə yenə pərt olacaq.

Dadaş bəy. Niyə pərt olur ki?

Rəhim bəy. Zənnimcə, Əmin bəyi həbsdən qurtarmağa gücü çatmır. Buna görə əndişələnir. Allah bilir, bəlkə də doktor özünü yalandan belə aciz göstərir...

Dadaş bəy. Bax buna deyərlər oyuna düşmək, paza keçmək... Yəni ölkənin başçısı olasan, özünün də başçılıq etdiyin məmləkətdə sözün keçməyə. Fəlakətdir, vallah, fəlakət.

Rəhim bəy. Elə söhbət ondan gedir də...

Dadaş bəy və Rəhim bəy danışa-danışa gedirlər.

 

                                2.

                    Səhnə dəyişir.

 

 Nərimanovun kabineti.

Stalin və Nərimanov. Onlar ayaqüstə söhbət edirlər.

Stalin arada trubkasını tüstülədir.

İosif Stalin. Yaxşı, yoldaş Nərimanov, indi keçək o biri məsələyə. Burada Məmməd Əmin Rəsulzadəyə münasibət necədir?

Nəriman Nərimanov. Yoldaş Stalin, əgər söhbət mənim münasibətimdən gedirsə, Rəsulzadə ilə heç bir şəxsi ixtilafım yoxdur. Biz yalnız siyasi mövqelərimizə görə bir-birimizi qəbul etmirik.

İosif Stalin. Unutmayaq ki, vaxtilə Rəsulzadə bizim ideya dostumuz olub.

Nəriman Nərimanov. Şübhəsiz.

İosif Stalin. Mənə verilən məlumata görə indi o, həbsxanadadır.

Nəriman Nərimanov. Bəli, o, həbs olunub.

İosif Stalin. Mən bu gün onunla görüşmək istəyirəm.

Nəriman Nərimanov. (Susub bir müddət Stalini diqqətlə süzür). Rəsulzadəni görmək çətin məsələ deyil. Amma bu görüşdə məqsədiniz nədir, yoldaş Stalin?

İosif Stalin. Onunla bəzi məsələlər barədə fikir mübadiləsi aparmaq istəyirəm, yoldaş Nərimanov.

Nəriman Nərimanov. Fikir mübadiləsi? Rəsulzadə ilə? (Gülümsıyir). Əgər sirr deyilsə, o nə məsələdir elə?

İosif Stalin. Məncə Rəsulzadə bizimlə əməkdaşlıq edə bilər.

Nəriman Nərimanov. “Əməkdaşlıq?..”  Çətin... Daha doğrusu, bu, mümkünsüz bir işdir.

İosif Stalin. Nədən bilirsiniz bunu?

Nəriman Nərimanov. Mən Əmin bəyi pis tanımıram. Doğrudur, vaxtilə bir cəbhədə olmuşuq. Bilirəm, onun Sizinlə də xoş münasibəti vardı. Amma o, indi başqa bir yolun yolçusu, başqa bir ideyanın adamıdır.

İosif Stalin. Bunu bilirəm. Mənə çatan məlumata görə, yaxın dostları onu  hələ də ömrü cəmi iki il çəkən bir dövlətin vuran ürəyi, düşünən beyni hesab edirlər. (Pauza). Amma indi dövran dəyişib. Belə hesab edirəm ki, ən böyük müəllim elə zamanın özüdür. (Mənalı-mənalı gülümsəyir). Yaxşı ki,  indiyəcən Rəsulzadəni güllələməyiblər...

Nəriman Nərimanov. Burada onun aradan götürülməsini istəyənlər çoxdur. Mərkəzə də bu barədə çoxlu teleqramlar vurulub. Bu məsələ ilə bağlı Pankratov dəfələrlə mənə müraciət edib. O, Məmməd Əminə nifrət edir. Halbuki Rəsulzadə ilə onu bağlayan heç nə yoxdur. Amma mən...

İosif Stalin. Pankratov, deyəsən, özünü burada əsl dəniz qulduru kimi aparır. (Əsəbi). Mən ona vaxtilə ona öz sözümü demişəm. O, öz cızığından çox çıxıb...

 

Məmmədəli Rəsuloğlu.  Semyon Pankratov 1920-ci ilin aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun Xüsusi şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayına qədər isə Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuş keçmiş Qara dəniz matrosu.  Azərbaycanda ilk kütləvi qırğınların, milli hökumət üzvlərinə işgəncələrin, sui-qəsdlərin və repressiyaların əsas təşkilatçılarından biri kimi tanınırdı.

 

Nəriman Nərimanov. Hər necə olsa da  Rəsulzadə dövlətin başında durub, Milli Şuranın sədri olub.Yəqin Sizə o da məlumdur ki, Rəsulzadə təkcə burada deyil, İranda da böyük nüfuz sahibidir.  İran Kommunist partiyasının rəhbərliyi Rəsulzadənin məsələsi ilə daim maraqlanır.

İosif Stalin. Bunları bilirəm... Yoldaş Nərimanov, yeri gəlmişkən, mənim Bakıya gəlişiminin başlıca səbəblərindən biri də İran inqilabçıları ilə bağlıdır. Lenin yoldaş İranda Baş verən proseslərə çox diqqətlə yanaşır.

Nəriman Nərimanov. Yoldaş Koba, yəqin  ki, İranda Səttarxanın rəhbərliyi altında on ilə qədər davam edən mübarizənın acı sonluğu Sizə yaxşı məlumdur.

İosif Stalin. Bilirəm. Səttarxan güclü sərkərdə idi.

 

Məmmədəli Rəsuloğlu. Səttarxan 1866-cı ildə İranın Azərbaycan bölgəsinin Qaradağ vilayətində, Bişək kəndində tacir ailəsində anadan olub. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanın adıyla bağlıdır. Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.

Nəriman Nərimanov. Artıq Səttarxan yoxdur. Səttarxandan iki il sonra onun yaxın silahdaşı Bağır xan da həlak oldu.

İosif Stalin. Bilirəm. O, həbi şuranın beş üzvündən biri idi.

Məmmədəli Rəsuloğlu. Bağır xan 1862-ci ildə Təbrizin Xiyaban məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Səttarxanın yaxın silahdaşı, 1905-1911-ci illər Məşrutə inqilabının rəhbərlərindən biri olub. O, 1916-cı ildə  bir kürd irticaçıları tərəfindən öldürülmüşdür.

 

Nəriman Nərimanov. İki ay əvvəl Şeyx Məhəmməd Xiyabani də öldürüldü.

 İosif Stalin. Biz bu münasibətlə onun silahdaşlarına başsağlığı verdik. Bu, əlbəttə,  İran inqilabı üçün ağır itkidir.

 

Məmmədəli Rəsuloğlu.  Şeyx Məhəmməd Xiyabani 1879-cu ildə Təbriz yaxınlığındakı Xaminə kəndində doğulmuşdu.  Məşrutə hərəkatının məğlubiyyətindən sonra Şeyx Məhəmməd Xiyabani Xorasanda, Mahaçqalada, Bakıda və Tiflisdə yaşayıb siyasi fəaliyyətini oralarda davam etdirmiş, sonra Təbrizə qayıtmişdi. O, var gücüylə Demokrat Partiyasının fəaliyyətini genişləndirməyə çalışırdı. 1919-cu ilin avqustunda Şeyx Məhəmməd Xiyabani Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinə sədr seçildi.  1920-ci il aprelində Şeyx Məhəmməd Xiyabani "Azadıstan" ("Azadlıq ölkəsi") adlı dövlətin qurulacağını bəyan etdi. 1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücum etdi, sentyabrın 14-də Xiyabani öldürüldü, onun tərəfdarları həbs olundu. Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən devrilməsi Xiyabaniyə çox üzücü təsir bağışlamışdı.

 

Nəriman Nərimanov. Xiyabaninin ölümü elə bizim üçün də ağır itkidir.

 İosif Stalin. Amma onun apardığı mübarizənin bəzi momentləri qəbuledilməz idi.

Nəriman Nərimanov. Bu, təbii bir haldır. Hər xalqın özünün səciyyəvi cəhətləri olduğu kimi, onun inqilabçılarının apardığı mübarizənin də öz fərqli xüsusiyyətləri olmalıdır.

 İosif Stalin. Yoldaş Nərimanov, bilmirəm siz hansı fərqlərdən danışırsız. Fakt budur ki, Xiyabani bolşeviklərin fəaliyyətinə şübhə ilə yanaşırdı.

Nəriman Nərimanov. Buna şübhəkarlıqdan daha çox, ehtiyatkarlıq demək olar.

 

Məmmədəli Rəsuloğlu.  Şeyx Məhəmməd Xiyabani Azərbaycan demokratiyasına İranı azad edəcək qüvvə kimi baxsa da, xalqların azadlığına və müstəqilliyinə də böyük önəm verirdi. O, hər bir xalqın müstəqilliyinə xüsusi əhəmiyyət verərək deyirdi: ” Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur.”

Xiyabani Sovet Azərbaycanda cərəyan edən hadisələrə biganə deyildi. AXC-nin devrilməsi Təbriz üsyanı ilə eyni vaxta düşdü və Xiyabanini Bakıdakı 28 aprel çevrilişi çox ağrıtdı.

 

 İosif Stalin.Əlbəttə, mən belə hesab edirəm ki, İranda baş verən proseslərə biz nəzarət etməliyik.

Nəriman Nərimanov. İranda inqilab indiyəcən səngiməyib. Bu gün orada Məhəmməd Tağı xanın inqilabi fəaliyyəti  davam etməkdədir.

İosif Stalin. Bizim də  Məhəmməd Tağı Xan Püsyanla əlaqəmiz möhkəmdir. Tez-tez Xorasandan sevindirici məlumatlar alırıq. Bu gün Xorasan və Gilanda yaradılan yeni respublikalara yardım etməliyik.

 

Məmmədəli Rəsuloğlu.   Məhəmmədtağı xan Məhəmmədbağır xan oğlu Soltanzadə 7 avqust 1891-ci ildə Təbriz şəhərində doğulmuşdu. Ailə Qarabağ vilayətindəki Püsyan mahalından (indiki Qubadlı rayonundan) köçüb Qaradağa, oradan da Təbrizə getmişdi. Onların soyadı Soltanzadə olsa da, doğma yurdun adı ilə Püsyan çağırılırdılar.
O,
Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Azadıstan Hərəkatında şöhrət qazanmışdır. 1920-ci ildə Məhəmmədtağı  xan Xorasanda üsyan bayrağını qaldırdı və 1921-ci il aprel ayında müstəqillik elan etdi. O, Lenin ideyalarına inanırdı. Lakin çətin anda Sovet Rusiyası Püsyana arxa durmadı, əksinə ona arxadan zərbə vurdu. Belə ki, 1921-ci ildə Püşyana köməyə gedən fəhlə və döyüşçü dəstəsinin qarşısı bolşeviklər tərəfindən kəsildi. Püsyanın tərəfdarları birləşmiş ordu qüvvələri ilə döyüşdə qətlə yetirildi.

Nəriman Nərimanov. Zənn edirəm ki, Heydər xan Əmioğlunun fəaliyyətini də izləyirsiz.

İosif Stalin. Bəli, mənim onunla şəxsi tanışlığım da var. İran kommunistlərinin baş katibi kimi çevik fəaliyyət göstərir. (Gülümsəyib var-gəl edir). Səhv etmirəmsə o, xalq arasında “Bombaçı Heydər xan” kimi  məşhurdur.

Nəriman Nərimanov.  Elədir. Onu inqilabçılar “Heydər xan Bombai” deyə çağırırlar. O, əslən qafqazlıdır, türkdür. Heydər xan bir neçə dəfə Rəsulzadənin arxasınca Bakıya gəlib. Axı onlar dostdur. Əmin bəyin tutulduğunu eşidib hədsiz qeyzlənmişdi.

İosif Stalin. Maraqlıdır. Bəs sonrası necə oldu?..

Nəriman Nərimanov.  Heydər xan mənimlə də görüşdü.

İosif Stalin. Sizə nə dedi?

Nəriman Nərimanov.  Dedi ki,  “Məmməd Əminin başından bir tük belə əskik olmamalıdır!”  Vəssalam.

İosif Stalin. Əslində elə mən də bu cür düşünürəm. Rəsulzadə xilas olmalı, sağ qalmalıdır. Heydər Əmoğlu düz deyir. Mən onunla məktublaşmışam...

 

Məmmədəli Rəsuloğlu.  Heydər xan Əmu oğlu (Tariverdiyev)  ictimaiyyata  daha çox “Heydər Əmoğlu” adıyla tanışdır. Səttarxan və Bağırxanla yaxın dost olmuş, Gilanda Mirzə Kiçiyə böyük köməkliklər göstərmişdir. İrana ilk dəfə elektriki gətirən şəxs Heydər nan Əmoğlu olmuşdur. Heydər Əmoğlu 1908-ci ildə İranda mühacirətdə olan Məmməd Əmin bəylədostlaşmışdı.  O vaxtlar  Güney Azərbaycanda azərbaycanlılarla kürdlərin arasında yaranan toqquşmalarda iştirak etmiş, kürdlərin Mərənd və Xoy şəhərlərindən geri çəkilmələrində onun da böyük rolu olmuşdur.  İranda Kommunist Partiyası yaranandan sonra Heydər xan bu təşkilata başçılıq etdi. Gilan Respublikasının yaranmasında Seyid Cəfər Pişəvəri ilə birgə iştirak edib. 1921-ci ildə kemiş əqidə dostu Kiçik xanın adamları tərəfindən öldürülmüşdür.

Nəriman Nərimanov.   Mənə belə gəlir ki, biz Gilan Sovet Respublikasın yaşaması üçün yoldaşlara lazımı dərəcədə kömək etmirik.

İosif Stalin. Kuçek xana necə lazımdırsa kömək göstərilib.

Nəriman Nərimanov.  Onun adı “Küçek”  yox, Kiçik xandır...

İosif Stalin. Hmmm... Bunun bir fərqi yox. Türklər kiçiyə çox vaxt belə deyirlər... Bir də ki, bizim rəsmi sənədlərdə onun adı belə gedir. Amma daha dəqiq variantı, əlbəttə, siz bilirsiz.

Nəriman Nərimanov. Bu öz yerində... Biz bilməliyik ki,  Rza xan Pəhləvi hər vasitə ilə Gilan hökümətini yıxmaq istəyir.

İosif Stalin.  Yoldaş Nərimanov, siz unutmayın ki,   Küçek xanın başçılıq etdiyi  hökuməti  Cəngəli, yəni “Meşəçilər Hərəkatı”  ilə yanaşı Qızıl ordu  yaradıb. Yəni biz bu işlərdə çox maraqlıyıq.

Nəriman Nərimanov.   Mən bunları bilirəm, yoldaş Koba. Xəzər hərbi-dəniz donanmasının desantları orda vuruşub. Fəqət bu gün Gilanda vəziyyət elə də ürəkaçan deyil. Hətta, eşitdiyimə görə Heydər Əmoğlu ilə Kiçik xan arasında kəskin  ixtilaf yaranıb.

İosif Stalin. Yoldaş Nərimanov, mən bunları yaxşı bilirəm. Niyə onu demirsiz ki, “Ədalət” partiyasının 1920-ci ilin aprel ayında keçirilən Birinci Türküstan diyar konfransında Heydər Əmioğlu məhz sizin təlimatla çıxış edirdi.

Nəriman Nərimanov. Mən Heydər Əmioğlu ilə dünənin tanışı deyiləm ki. Bəli, gizlətmirəm, mən ona müəyyən məsləhətlər vermişəm. O, mənim millətimin oğludur.

İosif Stalin. Yoldaş Nərimanov, bolşevik üçün millət və ya milli dəyərlər yüzüncü anlayışdır.

Nəriman Nərimanov. Mən özümün türk olmağımı dana bilmərəm, Koba. Eləcə də siz özünüzün gürcü olduğunuzu...

İosif Stalin. Hesab edirəm ki, mənim mənsub olduğum millətin adı bolşevikdir. (Gülür).

Nəriman Nərimanov. Bolşevizm bizim ən böyük əqidəmizdir.

İosif Stalin. Mənsə bunu elə millət kimi qəbul edirəm.

Nəriman Nərimanov. Mən nə öz əqidəmi gizlədə bilərəm, nə də öz millətimi.

 

Məmmədəli Rəsuloğlu.  Kiçik xan 1905-11-ci illərdə İran inqilabının iştirakçısı olmuşdur. Gilanda milli azadlıq hərəkatının yüksəlişi dövründə -1920-1921-ci illərdə İran kommunistləri ilə vahid cəbhədə çıxış etmişdir. 1920-ci ilin iyun ayında Gilan respublikası müvəqqəti inqilabi hökumətinin sədri, daha sonra-1921-ci il mayın 8-də Gilan respublikası yeni hökumətinin - İnqilab Komitəsinin sədri oldu. İnqilab dalğası get-gedə genişləndiyi üçün bu hökumət bir müddət sonra özünü Persiya (İran) Sovet Sosialist Respublikası adlandırdı.

 

İosif Stalin. Yaxşı, yoldaş Nərimanov, yeri gəlmişkən, Siz Kuçek xana necə münasibət bəsləyirsiniz?

Nəriman Nərimanov. Əvvəla, bu məsələdə mənim şəxsi mövqeyim hələ nəyisə həll etmir, çünki baş verən proseslərin öz məntiqi var. İkincisi,  Kiçik xan özünü bolşeviklərə yaxın adam hesab edir. Üçüncüsü, İran məsələsi ilə, bildiyiniz kimi birbaşa Trotski yoldaş məşğul olur.

İosif Stalin. Trotiski deyir ki, Kuçek xana və bütövlükdə İran xalq azadlıq hərəkatına bütün vasitələrlə kömək etməliyik. Hətta,  bizim hazırda tutduğumuz əraziləri Kuçek xanın tabeçiliyinə verməklə ona yardım göstərməliyik. Əgər Kuçek xanın mübarizəsinin sonrakı uğurları üçün hərbi gəmilərin iştirakı zəruridirsə, gəmilərin üzərinə Azərbaycan respublikasının bayraqlarını sancmaq lazımdır.

Nəriman Nərimanov. Mən Kiçik xanı qismən tanıyıram. Onun əsl adı Yunisdir. O, emosional, coşqun  bir inqilabçıdır. Sizə elə gəlmirmi ki, Kiçik xan sanki bir oyuna salınıb?

İosif Stalin. O, nə oyundur elə?

Nəriman Nərimanov. Oyun göz qabağındadır. Trotski və Karaxan sanki bir tamaşa hazırlayıb. Bu tamaşada faciəvi qəhrəman Kiçik xandır.

İosif Stalin. Kuçek xan özü oyun qurmağı yaxşı bacarır... Düzü, mən bilmirəm, Siz niyə belə düşünürsüz?

Nəriman Nərimanov. Belə düşünmək üçün mənim əlimdə əsas var. Sanki Kiçik xan bizə İran kommunistlərinin və digər demokratik qrupların səylərinin İngiltərəyə qarşı mübarizədə birləşdirmək üçün lazımdır.

İosif Stalin. Bəli, bizim bir istəyimiz də budur ki, ingilislər İrandan rədd olub getsinlər. Bunu heç gizlətmirik də.

Nəriman Nərimanov. Zahirən hər şey sanki çox sadədir. Sovet qoşunları tərəfindən işğal olunmuş Ənzəli və Rəşt kimi şəhərlərin Cəngəli hərəkatının rəhbərinə verilməsi bu gün Kiçik xanda sovetlərə münasibətdə böyük təəssürat yaradıb. Yaxşı, bəs sabah necə olacaq?..

İosif Stalin. Siz niyə bu işlərə şübhə ilə yanaşırsız?

Nəriman Nərimanov. Elə isə mən də sual verirəm: bəs nə üçün Gilandakı sovet ordusu rəsmən geri çağırıldı?

 İosif Stalin. Siz niyə unudursuz ki, Bakıdan və Həştərxandan  göndərilən hərbi dəstələr hesabına beş min nəfərdən ibarət İran qırmızı ordusu necə, hansı çətinliklərlə yarandı?..

Nəriman Nərimanov. Bəs sonra? Siz niyə unudursuz ki, tezliklə İran qırmızı ordusunun komandanlığı 11-ci ordunun qərargahına tabe edildi, bir az keçmiş indi bolşevik olan,  keçmiş çar polkovniki Vasili Karqaretelini oraya  komandan göndərdi?.. Yəqin Sizə Karqaretelinin kimliyi məlumdur. Biz onu burada Şapur soyadı ilə tanıyırıq. Bu adam vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun generalı  olub.

İosif Stalin. Yoldaş Nərimanov, soyadın və yaxud keçmiş çar generalı olmağın bu məsələyə nə dəxli? Axı özünüz Lenin yoldaşa məktubunuzda yazmısız ki, biz təcrübəli hərbçılərdən istifadə etməliyik.

Nəriman Nərimanov. Əvvəla, İrana biz öz milli generallarımızı göndərməli idik. İkincisi də Mirzə Kiçik xan özü, habelə onun hərbi məsələlər üzrə köməkçisi  Ehsanulla xan və Xalu Qurban o qədər sadəlövh deyillər ki, bu “oyunlara” inansınlar.

İosif Stalin. Yenə “oyun”? Görürəm, siz İran məsələsi ilə çox maraqlanırsız. (Gülür).  Hətta, dostunuz Trotskidən də çox...

Nəriman Nərimanov. Trotski ilə mənim nəinki dostluğum, heç yaxın münasibətim də yoxdur.

İosif Stalin. (Bığını burub eyhamla). Yaxşı, qoy olsun mənim dostum. Trotski bir müddət əvvəl hər gün Lenin, Çiçerin, Kamenev, Krestinski və Buxarinə qalaq-qalaq teleqramlar göndərirdi. O, belə hesab edir ki, Xivə, İran, Buxara və Əfqanıstanda indiki anda çevriliş etmək gələcəkdə bizim üçün böyük çətinliklər yaradar.

Nəriman Nərimanov. Trotski baş verən hadisələrə sanki teatr səhnəsindən baxır. Həyat bir az başqa cürdür.

İosif Stalin. Mən onu yaxşı tanıyıram. Trotski hər bir şeydən, hətta faciədən belə,  şəxsən yararlanmaq istəyir.

Nəriman Nərimanov. Bəs iki nəfər rus vətəndaşının-Kojanov və Abukovun İran vətəndaşlığına qəbul edilməsinə necə qiymət vermək olar, yoldaş Koba? Bu da Trotskinin planıdır?

İosif Stalin. Xeyr. Bu, həm də bizim plandır. Burada qəribə nə var ki? İnqilabda ümumi işin xeyrinə olan hər cür vasitəyə əl atmaq qəbulediləndir. Bir də ki, yoldaş Nərimanov, narahat olmayın, orada sizin maraqlarınızı təmin edən adam da var: Xəzər hərbi donanmasının komandanı Raskolnikovun vəkaləti ilə Müslüm İsrafilov Sovet Rusiyasının İran inqilabi hökumətinin başçısı yanında müvəqqəti işlər vəkili təyin edilib.

Nəriman Nərimanov. Bu məsələdə mənim heç bir şəxsi marağım ola bilməz.

İosif Stalin. Siz burada hökumətə başçılıq edirsiz. Əlbəttə, bunu hamıdan yaxşı bilirsiz ki, Azərbaycandan “xüsusi təyinatlı tatar dəstəsi” adlanan səkkizyüz nəfərlik şəxsi heyət İran qırmızı ordusunun tərkibinə daxil edilib. Bu da onu göstərir ki, “İran məsələsi” daim diqqət mərkəzindədir.

Nəriman Nərimanov. Yaxşı, yoldaş Stalin, siz Məmməd Həsən Sultanzadənin Gilandakı proseslərdə fəallaşması və onun mərkəz tərəfindən himayə edilməsinə necə baxırsız?

İosif Stalin. Təbii baxiram. Sultanzadə Kommunist İnternasionalının İcraiyyə Komitəsinin üzvüdür. Necə bəyəm?

Nəriman Nərimanov. Bu adamın əsl ad-familiyası Mikaelyan Avetis Sultanoviçdir.

İosif Stalin. Yoldaş, Nərimanov, axı mən dəfələrlə demişəm, əsl bolşeviklərin vətəni və milləti olmur.

Nəriman Nərimanov. Axı öz azadlığı uğrunda mübarizə aparan bir millətə başqa bir millətin nümayəndəsinin rəhbərlik etməsi nə dərəcədə doğru ola bilər?

İosif Stalin. Yoldaş Nərimanov, bəyəm hər hansı türkün və ya  gürcünün başqa millətlərin inqilabi işində ön cəbhədə olması yasaq olunmalıdır?

Nəriman Nərimanov. Yoldaş Stalin, biz rus proletariatı ilə eyni məkanda eyni taleni yaşayırıq.

İosif Stalin. Axı Persiya ərazisində də  sizin çoxlu soydaşlarınız, qardaşlarınız yaşayır.

Nəriman Nərimanov. Bəli, orada yaşayanların çoxu türk əsilli əhalidir.

İosif Stalin. Səhv etmirəmsə, Siz özünüz də əslən Cənubi Azərbaycandansız. Yəni atanız Arazın o tayından gəlib...

Nəriman Nərimanov. Bəli. Doğrudur. Amma şəxsən mənim üçün “o tay-bu tay” anlayışı yoxdur.

Məmmədəli Rəsuloğlu. Nərimanovun ulu babası (onun da adı Nəriman olub) əslən “o taydan”,  Cənubi Azərbaycanın Urmiya mahalındandır.

O,  Gürcüstana gələndən sonra XVII əsrdə Kaxetiya valisi I İraklinin sarayında “sabitqədəm”  eşik ağası olmuşdur.
Kərbəlayi Nəcəfin atası (Nərimanovun babası) Allahverdi bəy XIX əsrdə Zaqafqaziyada tanınmış musiqi xadimlərindən biri olub. Onun məlahətli, xoş səsi vardı. Allahverdi bəy gürcü, erməni və Azərbaycan xalq mahnılarını məharətlə oxuyardı. O, məşhur gürcü şairi Nikolos Barataşvilinin atası ilə yaxın dost, Aleksandr Çavçavadze və Qriqol Orbeliani ilə tanış idi. Şair Qriqol Orbeliani Allahverdi bəyin bütün Gürcüstanda məşhur tarzən olduğunu öz müxəmməsində ehtiramla qeyd etmiş, Şahzadə İohan isə “Kalmasoba” dastanında şah İohan Xelaşvilinin Gürcüstanda Şulaver kəndində, şahanə bir məclisdə məşhur tarzən-xanəndə Allahverdi bəylə görüşdüyünü məhəbbətlə qələmə almışdır. Şah İohan Allahverdi bəyin məlahətli səsinə və məharətlə tar çalmasına heyran qalmışdır.
Gürcüstan vilayətinin hökmdarı II İrakli “ xoş ləhcəli” xanəndənin pərəstişkarlarından idi. O, Allahverdiyə bəyzadəlik mənsəbi vermiş, ona hörmət və ehtiramla yanaşmışdır. Allahverdi bəy bütün ömrü boyu Tiflisdə böyük zövqlə tikdirdiyi ikimərtəbəli mülkdə yaşamışdır. 

Kərbəlayi Nəcəf tiflisli Hacı Məmmədqasım Zamanovun qızı Həlimə xanımla evlənmiş, nümunəvi ailə həyatı qurmuşdur. 

 

İosif Stalin. Mənim üçünsə, ümumiyyətlə,  milli anlayış mövcud deyil. Mən iki millət tanıyıram: bolşeviklər və  bolşeviklərin düşməni. Mən elə Arazın o tayındakı fəhlə və kəndlilərə də öz millətim kimi yanaşıram.

Nəriman Nərimanov. Bəs elə isə oradakı sadə adamlara nə üçün divan tutulurdu?

İosif Stalin. Anlamıram. Kimdir onlara divan tutan?

Nəriman Nərimanov. Məsələn, Raskolnikov və onun dəstəsi.

 

Məmmədəli Rəsuloğlu.  Fyodor  Raskolnikov (əsl familiyası İlin) avantyurist bir şəxs idi. 1892-ci ildə Sankt-Peterburqda doğulub.  Əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olmuşdu. Politexnik institutda təhsil almışdı. 19 iyun 1919-cu il tarixdə Astraxan-Xəzər hərbi donanmasına, 31 iyuldan Volqa-Xəzər hərbi donanmasına rəhbərlik edib. İrana daxil olan ordu Raskolnikovun rəhbərliyi altında bir sıra hərbi əməliyyatlar keçirmişdi. Bunlardan ən başlıcası kimi Gilan və Ənzəli civarında gedən döyüşləri qeyd etmək olar. O, 1920-ci ilin iyunundan Baltik donanmasına rəhbərlik edib.

 

İosif Stalin. Biz  Raskolnikova tapşırmışdıq ki, əlində olan müxtəlif vasitələrlə  Kuçek xana zəruri olan yardımı göstərsin. O da bunları edirdi. Orada Kuçek xana  yardım məqsədilə gəmilərmiz də vardı. Onların bir hissəsi polis xidməti adı altında Ənzəlidə saxlanılırdı, özü də Azərbaycan bayrağı altında.

Nəriman Nərimanov. Mənə çatan məlumata görə Raskolnikov özünü orada çardan, padşahdan betər aparırmış. Matroslarla da qul kimi rəftar edib.

 

Məmmədəli Rəsuloğlu. Bolşeviklər qısa müddətdə Ənzəlinin  və Xəzər dənizinin İran sahillərini ələ keçirdi. May ayının 18-də  Raskolnikovun başçılıq etdiyi Azərbaycan və Rusiya qırmızı donanması Bakıdan İrana doğru hərəkət edərək  strateji baxımdan Denikin ordusuna məxsus gəmiləri, silah və sursatı geri qaytarmaq adı altında hərbi əməliyyatlara başladı və  tezliklə hadisələr İranın dəniz sahili ərazilərinin işğalı ilə müşayiət olundu. Qırmızı donanmanın  Ənzəliyə hücumu ilə eyni vaxtda Lənkəran istiqamətindən İran sərhədlərinə daxil olan atli sovet diviziyası İran Astarasını tutub, Ənzəli limanına doğru hərəkət etdi. May ayının 20-də Çiçerin sovet ordusunun İranın daxili işinə qarışmaq niyyətinin olmadığını və bu ordunun ağ qvardiyaçı donanmanın əmlakı üçün Ənzəliyə gəldiyini bəyan etsə də, bir gün sonra həmin orduya komandanlıq edən Raskolnikov nəzərdə tutulan hərbi əmlak qaytarıldıqdan sonra da sovet donanmasının Ənzəlidə qalacağını bəyan etdi.

 

İosif Stalin. Raskolnikov keçmiş jurnalistdir. Özünü işgüzar adam kimi təqdim edir. Amma müəyyən mənada Sizinlə razıyam; o, çox şöhrətpərəst, tərifsevən  bir adamdır. Ədəbazlığı da var. Yəqin ki, arvadını da tanıyırsız.

Nəriman Nərimanov. Xeyr, tanımıram. Özünü tanıyıram, bu kifayət edir.

İosif Stalin. Onun arvadı Larisa Leysner yazıçıdır.

 

Məmmədəli Rəsuloğlu. Hərbi əməliyyatlar zamanı Raskolnikovun arvadı Larisa Leysner daim gəmidə olur, hətta, bəzən dəniz döyüşçülərinin fəaliyyətinə müdaxilə edirdi. O, vaxtilə monarxist olmuş, sonra əqidəsini dəyişərək kommunist ideologiyasına üstünlük vermişdi.  Onun xarakteri ədəbiyyat adamlarının da diqqətini çəkmişdi. Dramaturq Vsevolod Vişnevskinin “Optimist faciə” pyesinin qəhrəmanı olan inqilabçı matros qadının həyatdakı proobrazı Larisa Leysnerdir. Cəmi 31 il yaşayıb. Bu xanım vaxtilə  şair Nikolay Qumilyovla eşq macərası yaşamışdı. Qumilyov sonralar məşhir rus şairəsi, tatar əsilli Anna Axmatova ilə evlənmişdi. Qumilyov 1921-ci ildə “antisovat fəaliyyətinə” görə edam olunub. Onların övladları dünyaca məşhur tarixçi-türkoloq Lev Qumilyovdur.

 

İosif Stalin. Artıq Raskolnikov fəaliyyətini başqa yerdə, Baltik donanmasında davam etdirir. Amma mən onun orada hansı işlə məşğul olduğunu yaxşı bilirəm. O, özünü Trotskinin ən sadiq şagirdi hesab edir.

 

 Məmmədəli Rəsuloğlu. Raskolnikov alovlu trotskiçi idi. Bunu Stalin bilməmiş deyildi. Sonrakı hadisələr də bu deyilənləri təsdiq etdi.

 

Nəriman Nərimanov. İndi özünü məşhur inqilabçıların şagirdi hesab edənlər çoxdur.

İosif Stalin. Hər kəsin öz yüksəliş və eniş saatı olur.

 

Məmmədəli Rəsuloğlu. Sonrakı mərhələdə Raskolnikov “dənizçilik” fəaliyyətini diplomatiya ilə əvəzlədi. Bolqarıstanda daimi nümayəndəliyin başçısı oldu. 1938-ci ilin aprel ayinda  İkinci arvadı Muza Raskolnikova- Kanivez ilə Sofiyadan Berlinə düşərkən qəzetdə işdən azad edilməsi haqda məlumatı oxuyub geriyə, vətənə dönmək arzusundan daşındı. Parisdə yaşadı. Oradan Stalinə məktub yazıb Sovet vətəndaşlığının saxlanılmasını xahiş etmişdi.1939-cu ildə SSRİ Ali məhkəməsi ona qiyabi ölüm hökmü kəsmişdi. Onun ölümü haqda  versiyalar çoxdur. İntihar etdiyi, habelə  tauna yoluxduğu yazılır. Əslində isə o, 1939-cu ildə Sovet xüsusi xidmət orqanlarının əli ilə qətlə yetirilmişdi.

 

 Nəriman Nərimanov. Yoldaş Stalin, mən belə hesab edirəm ki, biz İran məsələsində ardıcıl siyasət yürüdə bilməmişik. Bir yandan Kiçik xanla Sultanzadə bir-birlərinə düşmən kəsilib. O biri yandansa bizim bolşeviklər onların hər ikisinə düşmən kimi yanaşırlar.

İosif Stalin. İran məsələsinə görə məsuliyyət daşıyanlardan biri siz özünüzsüz, yoldaş Nərimanov. Siz hələ iyul ayının əvvəlində Moskvanın razılığı olmadan Azərbaycanda  Mərkəzi Komitənın rəhbərliyi altında “İran bürosu” yaratmısız.  Büroya rəhbərliyi əsasən Siz icra etmisiz.

Nəriman Nərimanov. Biz orada kollegial qaydada təmsil olunmuşuq. Heç bir rəhbər və ya rəhbərlikdən söhbət gedə bilməz. Büroya Mdivani, Mikoyan, Lominadze, Bünyadzadə və Əlixanov daxil edilmişdi.

İosif Stalin. Mən görürəm, siz İran Azərbaycanının müstəqilliyini çox istəyirsiz, həm də istəyirsiniz ki, bu iş ildırım sürətilə başa çatsın.

Nəriman Nərimanov. Mən belə bir istəyimin olduğunu gizlətmirəm də...

İosif Stalin. Ürəyinizdən böyük Azərbaycan yaratmaq arzusu keçir, yoldaş Nərimanov.

Nəriman Nərimanov. Biz böyük Azərbaycan yox, bütöv Azərbaycan arzusu ilə yaşayırıq, yoldaş Stalin.

İosif Stalin. Hmm... Özü də bütöv Sovet Azərbaycanı...

Nəriman Nərimanov. Düz buyurursuz. Amma təəssüf edirəm ki, həmkarlarımız arasında bu məsələyə etinasız yanaşanlar çoxdur.

İosif Stalin. Bunun səbəbini nə ilə izah etmək olar, yoldaş Nərimanov?

Nəriman Nərimanov. Mən olsa-olsa öz şəxsi fikrimi deyə bilərəm. Açıq desəm, Moskva Gilan, ümumən İran hadisələrindən, daha çox İngiltərəyə təzyiq kimi istifadə etməyə çalışır.

İosif Stalin. Bunu inkar edə bilmərik, bu gün bizə bu təzyiq lazımdır. Axı siyasət həm də bir oyundur.

Nəriman Nərimanov. Amma bu “oyunu” düz oynamaq lazımdır. Bu necə olur ki, Kiçik xanın nümayəndəsi Müzəffərizadə və onun şəxsi tərcüməçisi Konstantin Qauk Moskvaya yollandılar, üç həftə ərzində orada Çiçerin və Karaxanla danışıqlar apardılar. Amma sonra... Onlar  geri qayıdarkən Budu Mdivani tərəfindən həbs olundular.

İosif Stalin. Bu suala Mdivaninin özü daha yaxşı cavab verə bilər.

 

Məmmədəli Rəsuloğlu. Gilanı və ətraf bölgələri ələ keçirmiş “Cəngəl” qüvvələri 1920-ci ilin iyun ayının 9-da Gilan Respublikasının ilk hökumətini təşkil etdilər.
Gilan hökuməti bu tərkibdə təşkil olunmuşdu:
Mirzə Kuçik xan- baş komissar və hərbi nazir;
Mir Cəfər Cavadzadə- Xarici İşlər komissarı
Mirzə Məhəmmədəli Pirbazari– maliyyə komissarı
Mahmudağa- Məhkəmə sədri
Hacı Məhəmmədcəfər - Poçt və teleqraf komissarı
Nəsrulla Fəttahi – maarif komissarı
Mirzə Məhəmmədəli Xumami - ümumi işlər üzrə komissar
Mirzə Məhəmmədəli Fəxrai - Ticarət İşlər üzrə komissar.

( 45) Ardı var...

0.044525861740112