Hacı Şahin Həsənlinin ruhu “danışır” -Səadət Sultan

Hacı Şahin Həsənlinin ruhu “danışır” -Səadət Sultan
 

Son cümə axşamı

Mənim vəfatımdan 40 günə yaxın vaxt keçir. Son cümə axşamı da gəldi çatdı. Müsəlmançılıqda dini mərasimlərin və ayinlərin mənası var.
Öncə mənə sevgisi olanlara Allah kömək olsun, onlara minnətdaram.
Mediamızda heyf ki, mənə, dəfnimə on minlərlə adamın yığışıb məni yola salmasına (hətta gecə saatlarında məzarımın başında məni tək qoymayanlardan Allah şəfqət və kəraməti, ilahi hikməti əksik olmasın) münasibət birmənalı olmadı. Kim necə düşünür, düşünsün, mən axirətdə öz mükafatımı almışam.
Məhəmməd Peyğəmbər (s.ə.s) kəlamlarında belə deyib: “Allah-təala sizin simanıza, mallarınıza baxmaz, ürəklərinizə və əməllərinizə baxar”. İmam Zeynalabdin Əleyhissəlam buyurub: “Dünya sizdən üz döndərib gedir, axirət isə üz tutub sizə tərəf gəlir. Siz hamınız onun övladlarısınız, dünya övladı olmayın, axirət övladı olun”. Həqiqətən də göylərin və yerin tək Allahı bizim zahirimiz də, batinimizi də bilir...
Mənim borcum olub ki, Allahın, müqəddəs şəxsiyyətlərini buyurduqlarını bilməyənlərə çatdırım. Demişəm ki, əxlaqi xüsusiyyətlər Allah-təala tərəfindən insanın ruhunda yerləşdirilmişdir. Allah insana ağıl vermişdir ki, özünün nə cür möcüzəli varlıq olduğunu anlaya bilsin. Ağıl bəndələri hərtərəfli əxlaqa doğru aparır.  Nəfslə ağlın mübarizəsi insan üçün böyük imtahandır. Şəhrimiz də, şəhadətimiz də bu iki yolun ayrıcındadır...
Bir dəfə mömin bir şəxs mənə yanaşıb, “Hacı, duanın mahiyyətini, savabını mənə izah edə bilərsənmi?” – deyə soruşdu.  Həmin an belə cavab verdim: “Qurani-Kərim”də ayələrin mövzusu duadır. Dualarımızda insanla Allah arasında əlaqə var. Dua sonlu əv aciz varlığın sərhədsiz, sonzuz qüdrət sahibi ilə qurduğu körpüdür.
Peyğəmbərimiz (s.ə.s) demişdir: “Dua ibadətin iliyidir”, “Allah yanında duadan qiymətli heç nə yoxdur”. Duanın əsas məqsədi, insanın vəaiyyətini Allaha bildirməsini olduğuna görə, Allahla bəndə arasında bir dialoq mənası daşıyır.
Məşhur Amerika psixoloqu, professor Viliyam Jeyms deyib: “Elm və texnologiya nə deyir desin, mənə elə gəlir ki, dünyamız  yaşadığı müddətdə insanlar da dua və ibadət etməyə davam edəcəklər”.  Tibbin çarəsiz qaldığı  vəziyyətlərdə duanın gücü kara gəlir.
Çox geniş və əhatəli olan bu mövzu insanlara gərəkli olduğu qədər hər şeyi yox, lazım olanları gərək ətrafımızdakı insanlara çatdıraq, onların ürəyində bəşəri hissləri gücləndirək. Biz həmişə bunu deyirik və yenə də deməyə ehtiyac var.
Mömin qardaş və bacılara Məhəmməd Peyğəmbərin kəlamlarını çatdırıram: “Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, pislikdən, doymayan azğın nəfsdən, Səndən qorxmayan ürəkdən, fayda verməyən elmdən, qəbul olunmayan duadan, özünü bilməyəcək dərəcədəki qocalıqdan Sənə sığınıram”.

Səadət Sultan 
Yazıçı-publisist
 
  

0.013520002365112