Şərin, riyanın yanında yer alan İranın bu fəaliyyəti İslama böyük zərbə və xəyanətdir - AÇIQLAMA

Şərin, riyanın yanında yer alan İranın bu fəaliyyəti İslama böyük zərbə və xəyanətdir - AÇIQLAMA
 

“İslam sülhü, həmrəyliyi, ən gözəl bəşəri dəyərləri özündə əks etdirib, haqq-ədaləti müdafiə edib, haqsızlığa zülmə qarşı çıxmağı təşviq edən bir dindir. Lakin nə qədər acınacaqlı olsa da, belə bir gözəl dinin adını mənimsəyən və özünü İslam dövləti hesab edən İran haqqında bunu demək mümkün deyil. Çünki İslam adından dəm vuran İran İslamı dəyərlərin tam əksi olaraq sülhə qarşı çıxan, işğalı, terroru, soyqırımını dövlət siyasəti səviyyəsində həyata keçirən Ermənistanla  eyni səngərdə yer alaraq   Azərbaycana qarşı düşmən mövqe sərgiləməkdədir. Hansı ki, Ermənistan təkcə  Azərbaycan torpaqlarını işğal edib, həmin əraziləri viranəliyə çevirib, hərbi cinayətlər törətməyib, eyni zamanda minlərlə qocalara, qadınlara, uşaqlara qarşı amansız cinayət əməli törədib, onları girov götürərək olmazın əzabını verib. Erməni vəhşiliyi fəaliyyətini bununla bitirməyib. İşğal etdiyi ərazilərdə olan 67 məsciddən 63-nü yerlə yeksan edərək dağıdıb, müsəlmanlara qarşı təhqiredici əməllərə əl ataraq Allahın evi hesab edilən məscidlərdə donuz saxlayıblar. Özünün İslamın “keşikçisi” hesab edən İran ermənilərin bu vəhşiliyinə göz yumaraq, “qaşın üstə gözün var” da deməyib”.

Bunu “Paralel.az ”a açıqlamasında deputat İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, İran əksinə, erməniləri bir müsəlman ölkəsinə qarşı işğalçılıq, terror, soyqırımı, bəşəri cinayətləri törətməkdə davam etməyə sövq edib.  

“İran müsəlmanlara düşmən kəsilən ermənilərə təkcə mənəvi və siyasi dəstək verməyib. İran 30 ilə yaxın müddətdə Ermənistana hərtərəfli iqtisadi dəstək verərək, onlar üçün nəfəslik rolunu oynayıb. İşini bununla bitirməyən İran Ermənistana hərbi sahədə də dəstək verib. Tehran rejimi Ermənistanı silah-sursatla təmin etməkdə müstəsna rol oynayıb. Biz bunun 44 günlük Vətən müharibəsi dövründə də şahidi olduq. Gürcüstan Ermənistana silah daşınması üçün quru və hava məkanını bağlasa da, İran əksinə, hər cür dəstək verdi. Üçüncü ölkələrdən daşınan silahları öz ərazisindən Ermənistana daşınmasına yaxından yardım etdi. Müharibədən sonra isə Xankəndidəki terrorçulara dəstək verməkdə davam etdi. Azərbaycan tərəfi İrandan Xankəndiyə gələn terrorçuları ifşa etdi və bunu beynəlxalq aləmə çatdırdı”, - deyə o vurğulayıb.

Deputat əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra isə İran davamlı olaraq Azərbaycana qarşı qərəz, böhtan dolu informasiya müharibəsini, o cümlədən siyasi, hərbi-psixoloji cəhətdən təhdid siyasətini  davam etdirməkdədir: “İran Azərbaycan qarşı təzyiq edib tutduğu xarici siyasət yolundan döndərmək üçün ölkəmiz daxilində terroru dəstəklədi. Azərbaycan xüsusi xidmət və hüquq-mühafizə orqanları zaman-zaman İranın ölkəmizin daxilində terror şəbəkəsini aşkar edərək, onları ifşa etməklə məşğuldur. Deputat Fazil Mustafaya qarşı edilən sui-qəsd hadisəsindən sonra Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanları ilə əlaqəsi olan terror şəbəkəsi ifşa edilərək, onların üzvləri saxlanılıb. 

İranın istər Tehrandakı səfirliyimizdə, istərsə də deputat Fazil Mustafaya qarşı həyata keçirdiyi terror aktı Azərbaycan dövlətçiliyinə qarşı terror aktı idi. 

Belə bir ölkə bu gün Azərbaycanı İsraillə əməkdaşlıq etməkdə, orada səfirlik açmaqda ittiham etməyə qalxıb. Belə bir ittiham irəli sürməyə qalxan İran ilk növbədə “öz gözündəki tirə” baxsa, yaxşı olar. Tehran rejimi təkcə İrəvanda deyil, eyni zamanda Zəngəzurun Qafan şəhərində konsulluq açır. Bununla paralel olaraq ermənilər üçün Təbrizdə konsulluq açmasına razılıq verir. İran şəri dəstəkləyib, şərlə eyni səngərdə olmaqla bir daha özünün necə bir riyakar ölkə olduğunu ortaya qoyur. İranın bu hərəkəti isə nəticə etibarı ilə İslama böyük zərbə və xəyanətdir.

İkincisi, Azərbaycan müstəqil ölkədir və istənilən ölkə ilə münasibətlər qurmaq hüququna malikdir. Azərbaycanın İsraillə əməkdşalığı hər hansı ölkəyə qarşı yönəlməyib. Bu əməkdaşlıq bütövlükdə Cənubi Qafqaz bölgəsinin ümumi inkişafına və sıx əməkdaşlığına yönəlib. Azərbaycan bütün səylərini İran və Ermənistandan fərqli olaraq  bölgədə dayanıqlı sülhün və sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaranmasına yönəldib. İran isə bölgədə sabitliyin yaranmasına qarşı çıxaraq bölgədə gərginliyin davam etməsinə və bununla da regionun təhlükəsizliyinə təhdid yaradır. Bununla da  İran beynəlxalq aləmdəki beynəlxalq terroru dəstəkləyən imicini daha da möhkəmləndirmiş olur. Nə qədər gec deyil, İran bu mövqeyindən geri çəkilsə yaxşı olar. Çünki Azərbaycanla hansısa təzyiq, hədə dili ilə danışmaq heç kimə müyəssər olmayıb və olmayacaq da... İran bu siyasətini davam etdirəcəksə, nəticədə bundan itirən tərəf onlar olacaq”.

Paralel.az

0.014460802078247