Terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum oldu - FOTO - YENİLƏNİB

Terrorun təşkilatçısı və atəş açan şəxsin kimliyi məlum oldu - FOTO - YENİLƏNİB
 

 

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan təşkilatçısı və iştirakçıları məlum olub.

İlkin məlumata görə hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib. 1993-2002-ci illərdə Qum şəhərində yaşamaqla orada təhsil alıb, təhsil aldığı müddətdə İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Azərbaycana qayıtdıqdan sonra İran xüsusi xidmət orqanlarının maliyyə dəstəyi ilə xeyriyyəçilik adı altında ölkədə biznes fəaliyyəti qurub. Sonrakı müddət ərzində dəfələrlə İrana səfərlər edib. İran xüsusi xidmət orqanlarından aldığı sifariş əsasında məlum cinayətin törədilməsinin maliyyə və təşkilatı işlərini təmin edib.

Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib. Orada olduğu müddətdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub və döyüş hazırlığı keçib. Azər Səricanovdan aldığı təlimat əsasında məlum cinayəti icra edib.

Dəstənin digər üzvləri isə bunlardır:

Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.

Hər iki şəxs Fazil Mustafaya qarşı terrorun törədilməsinin təşkilində Azər Səricanova köməklik göstərib.

Beləliklə, məlum olur ki, Fazil Mustafaya qarşı terror İranın Azərbaycanda yaratdığı şəbəkə vasitəsilə reallaşdırılıb.

Baş vermiş cinayətin xarakteri, iştirakçıların kimliyi, istifadə olunan metodlar bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusən də SEPAH-ın dayandığını aydın şəkildə göstərir.

Bu, İranın Azərbaycana qarşı dövlət səviyyəsində apardığı terror siyasətinin növbəti çirkin təzahürüdür.

Bundan əvvəl Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub, bütün dünya bunu terror aktı kimi qiymətləndirib.

Hazırkı dövrə kimi Azərbaycana qarşı Ermənistan terror siyasəti həyata keçirib, vətəndaşlarımız bu qatı cinayətlərin qurbanına çevriliblər. İndi İran da Azərbaycana qarşı eyni metodlardan yararlanır və bu hal Azərbaycan ictimaiyyətində İranı Ermənistanla eyniləşdirir.

Məhz bu səbəbdən İrana işləmək, onun xüsusi xidmət orqanları, dini-ideoloji mərkəzləri ilə əməkdaşlıq etmək Ermənistanla əməkdaşlıq etmək deməkdir.

İranın öz məqsədlərini reallaşdırılması üçün dindən istifadə etməsi, dini terror siyasətinin alətinə çevirməsi İslama xəyanətdir.

İranın Azərbaycanda qurduğu şəbəkənin bütün üzvləri ifşa olunmalı və qanun qarşısında cavab verməlidirlər. Azərbaycan xalqı xəyanəti bağışlamır və heç vaxt bağışlamayacaq.

***

Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb.

Paralel.az xəbər verir ki, cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub.

Xatırladaq ki, dünən Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfərin müəyyən olunaraq saxlanıldığı barədə rəsmi açıqlama yayılmışdı.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

 

0.01519513130188