QARĞA və QARANQUŞ - Şahlar Hacıyev

QARĞA və QARANQUŞ - Şahlar Hacıyev
 

QARĞA və QARANQUŞ
(alleqorik mənzum hekayə )

Qarğa baş soxaraq həyətə, hinə,
Oğurlayıb yeyib, dönmüşdü cinə.
Hasarın üstündə gəzib keyfi çağ,
Tay- tuş arayırdı etsin bir qınaq.
Lağ etsin birini, ya da söz atsın,
Bu cür keyfə baxıb, başını qatsın..
Gördü dirək üstə qonub qaranquş;
Dərddən mübtəladır, fikirdən bihuş.
Tez qanad çalaraq qondu yanına,
Sorğu - sual ilə düşdü canına.
Lağ etdi:
- Sən Bahar elçisinə bax !
Nə günə qalıbdır bizim bu qoçaq.
Büzüşüb dəvəsi ölən ərəb tək,
Azzarın nədir ki, bir söylə görək!
İnsana cancigər oldun əzəldən,
Bəyənməzdin bizy cəh- cəh edərkən.
Məni həyətə də buraxmır insan,
Sən isə evində yuva qurursan.
Bəs indi nə olub , ay Gülümşəkər?
Elə şansı olan belə dərd çəkər!?!
Qaranquş başını çevirib aciz,
Susaraq ah çəkdi, dayandı səssiz.
Sonra qımıldandı gözlərində yaş,
Dedi düz deyirsən ay Qarğa qardaş!
İndi göz açınca dəyişir zaman.
İlqarı , ülfəti unudur insan.
Əzəldən onunla dostam, sirdaşam,
Bahar müjdəsini gətirən quşam.
Bahar hər məxluqa ruzi fəslidir.
Sevgi amallıdır, nur nəfəslidir.
Hər kim sevgi ilə çəkərsə zəhmət,
Bahar bəxş eləyər ruzi bərəkət.
Mən bu amal ilə gətirib xəbər,
Deyirəm yarısın baharsevərlər..
Çovgunu, sazağı qarı iunutsun
Qoy sevgi, məhəbbət yolunu tutsun.!
Bu, lap yaranışdan olubdur peşəm.
Hər zaman , hər kəsə düzün demişəm.
Sınaqdan keçirib bunu insanlar,
Sənintək yay günü çığırmıram - qar ! Qar.
Bəs niyə insanlar oldular bivec!
Bahar müjdəsindən sevinmirlər heç!
Üzü müəmmalı, içdə qəm çəkir
Beynində dolaşır min qəliz fikir!
Çıxmır pişvaza da , Neynədim kimə?!
Qapı- pencərəsin açmır üzümə!
Başından aşsa da dövləti malı,
Evi tək qəlbi də olub qapalı,!
Yoxdur doğulduğum o köhnə yuva,
Söküb, villa tikib, satıblar baha.
Yer vermir təzədən yuva tikməyə
Villası, sarayı bulaşar - deyə.
Tamah aldadıbdır bu insanları,
Ayırmaq istəmir qışdan baharı.
Burda doğulmuşam axı mən özüm.
Sadiq elçisiyəm o Bahar- qızın.
Gəzirəm onunla bütün dünyanı
Neynim, Allah verib bu cür fərmanı.
Allahın lütfünə biganə qalan,
Sonra nə aparar fani dünyadan.?!
Qarğa gülüb dedi, ay bəxtsiz avam !
Qaydalar dəyişib, sən qalmısan xam.
Dünyanı dolanıb , uçub gəlirsən
Dünya bambaşqadır , bəs nə bilirsən?!
Əzəldən insanın yox etibarı ,
Canında çox sevir dövləti varı.
Qəsd esib özünə, ay qəmbərqulu,
Müjdə gətirirsən bu qədər yolu !
Gəlib çıxmasaydı, guya ki bahar,
Aciz qalacaqmış burda insanlar!
Hamı kombi çəkib- dərdi az edir.
Qızdırır hər yanı, qışı yaz edir.
Yaradır evində nəbatat bağı;
Neynir gül- çiçəkli çəmən, yaylağı!
Marketlər, dükanlar durub baş- başa
Quş südü istəsən , al ye və yaşa!
Qışda alça satır ağac əkməyən,
Hamıdan çox yeyir zəhmət çəkməyən.
Satılır moruqdan - qarpıza qədər
Ürəyi istəyən alıb nuş edər.
Heç gül- çiçəyə də yoxdur ehtiyac
8 Martda alır kimsə , naəlac.
Tək məzar üstünə lazımdır çiçək.
Süni güllər çoxdur, alıb gedəcək.
İndi hərb dəbdədir, sevirlər qanı,
Həvəslə öldürür insan insanı.
Hər kəs öz xeyrini güdür dünyada,
Sənin tək bədbəxtlər gedirlər bada.
İt- pişik saxlamaq düşübdür dəbdən,
Onlara rəhm etmək deyil ədəbdən.
Sülh quşu sayılır, hərgah, Göyərçin,
Ovlayırlar daha andriqot üçün.
Təkcə mən Qarğaya toxunmur heç kim,
Yeməli deyiləm , yox əsla dərdim.
Xislətdə insana çoxdu bənzərim,
Çünki oğurluqdan vardır xəbərim.
İnsan oğurlayır biri- birindən.
Hazırına nazir oluram həmən.
Sən də qoşul mənə bu gündən sonra.
Düşərsən dalımca dürtülsəm hara..
Mən yazda "qar" deyim, sən qışda "gül"de,
-Vətən xainidir Şeyda Bülbül! - de !
Nə çoxdur evlərdə pendir yumurta.
Konfet , çörək , buğda- hər şey var burda.
Girib oğurlayaq , qarın olsun tox.
Düzlükdən, halaldan sən danışma çox.
"Vor- zakon" eləyim səni məhlədə,
Yaşa özün üçün , şad - xürrəm , sadə!
Neynirsən , dalınca düşüb baharın,
Xoşbəxt etmək üçün bu insanları ?
Kəsilsin yollardan daha ayağın,
Gir yaşa çəpərdə sərçə sayağı.
Qoy dünyanın dərdi qalsın dünyaya,
İndi dərd çəkəni salmırlar saya.
Qaranquş dedi, yox bacarmaram mən!
Dönmərəm heç zaman əməllərimdən.
Allah bəxş eləyib bu etiqadı,
Qoy müqəddəs qalsın Qaranquş adı!

"Paralel.az"

0.034551858901978