İKTA nə zaman operatorlara 5G lisenziyası verəcək?
Osman Gündüz:
Mobil operatorlar nəhayət iPhone istifadəçiləri üçün də 5G -ni aktiv etdilər, amma 5G şəbəkəsinin özü hələ ortada yoxdur
İKTA nə zaman operatorlara 5G lisenziyası verəcək?
Bir neçə gün öncə Azercell və Bakcell Apple şirkəti ilə əməkdaşlıq çərçivəsində iPhone telefonlarda 5G -ni aktiv etdiklərini açıqladılar.
Digər telefon istehsalçıları isə öz telefonlarında bu imkanı elə öncədən də aktiv ediblər.
Və maraqlıdır ki, mobil operatorlarımız 5G-dən bəhrələnmək üçün istifadəçiləri Fəvvarələr meydanına yönəltdilər
Çünki hələlik ölkədə heç bir operatorun 5G lisenziyası , təbii ki, ölkə və ya konkret bölgə üzrə 5G şəbəkəsi də yoxdur.
Operatorlara yalnız bu texnologiyanı məhdud bir ərazidə, Fəvvarələr meydanında testdən keçirmək üçün DRİ tərəfindən radiotezliklər ayrılıb.
Xatırladıram ki, bəzi qonşu ölkələrdə artıq bu tip şəbəkələr qurulub və fəaliyyət göstərir.
Nə zaman bizim mobil operatorlar 5G üçün tezlikləri ala biləcəklər ?
Bu sualın cavabı yeni fəaliyyətə başlayan, sektorda səlahiyyətli qurum olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) və Dövlət Radiotezliklər İdarəsindədir.
İndiyədək verilən açıqlamalardan belə qənaətə gəlmək olar ki, 5G üçün zəruri olan tezliklər zamanında digər radioxidmətlər tərəfindən əldə edilib.
Hazırda onlar bu tezlikdən istifadə etməsələr də, müşahidələr göstərir ki, kiməsə vermək fikirləri yoxdur.
Uzun müddətdir ki, proses bu qaydada davam edirdi.
Nəhayət ötən il RİNN-nin təşəbbüsü ilə radiotezliklərdən effektiv və səmərəli istifadə edilməsi ilə bağlı Telekommunikasiya haqqında qanuna dəyişiklik edilib.
Radiotezliklərin müddətli veriləcəyi, istifadəsiz olan tezliklərin geri alınacağı, həmçinin radiotezliklərin dövlət tərəfindən digər məqsədlər üçün geri alınması ilə bağlı radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi nəzərdə tutulub.
Bildiyim qədər hazırda bununla bağlı, xüsusilə də kompensasiya ilə bağlı mexanizmlərin hazırlanması üzərində işlər aparılır.
Eyni zamanda DRİ Telekommunikasiya haqqında qanuna edilmiş yeni dəyişikliklərə uyğun olaraq radiotezliklərdən səmərəli istifadə ilə bağlı monitorinqlər aparlr.
Görünən odur ki, 5G ilə bağlı məsələlərdə biz bir xeyli gecikmişik.
Artıq tənzimləyici qurum, lisenziya verən qurum - İKTA da fəaliyyətə başlayıb.
Hələlik ortada bu tezliklərin hansı qaydada , ənənəvi formada , yoxsa auksionla veriləcəyi, qiymətlərin necə müəyyən olunacağı, şəbəkələrin ayrılıqda yoxsa birgə qurulacağı ilə bağlı RİNN və İKTA-nın açıqlamaları yoxdur.
Bizim mobil operatorlar, xatırlayıram ki, 2017-ci ildən başlayaraq 5G ilə bağlı açıqlanmalar verirlər.
Təəssüf ki, tezliklər ayrılmadığından hələlik bu istiqamətdə real işlər yoxdur.
5G isə hamı üçün, bütün sahələr və cəmiyyət üçün, innovasiyaların və texnologiyaların inkişafı üçün çox şeyi dəyişəcək bir potensiala malikdir.
Ümid edirəm İKTA bu istiqamətdə səylərini gücləndirəcək
Paralel.az