İnam Kərimov birbaşa hakim təyin oluna bilməz

İnam Kərimov birbaşa hakim təyin oluna bilməz
 


Ali Məhkəmə sədri postunun boşluğu yeni sədrin kim olacağı barədə adları - proqnozları topluma çatdırmaqda mediaya fürsət verib. Namizədlər arasında kənd təsərrüfatı naziri İnam Kərimovun adının hallanması, hətta Milli Məclisin təqdimatı ilə hakim təyin ediləcəyi haqqında aparıcı kütləvi informasiya vasitələrində yayılan bilgilərin heç bir qanuni əsası yoxdur. Nədən “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4 maddəsi hakimlərin təyin edilməsinin xüsusi qaydasını tənzimləyir.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4 maddəsinə görə, hüquq sahəsində yüksək nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə malik şəxslər nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən yüksək hakim vəzifəsinə təyin oluna bilərlər. İnam Kərimov yüksək mənəvi keyfiyyətlərə, nüfuza malik olsa da, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsi yoxdur. Hörmətli nazirin iş təcrübəsi 2002-ci ildən başlayır və 2018-ci ilin 21 aprelindən kənd təsərrüfatı naziri siyasi postunu tutur. Kənd təsərrüfatı naziri görəvi isə hüquqşünaslıq deyil . Yəni qanunvericilik İnam Kərimovun birbaşa nəinki Ali Məhkəmənin sədri, ümumiyyətlə, hakim təyin edilməsinə belə yol vermir. 

İstənilən halda Ali Məhkəmənin sədrinin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi ilə doğrulanan səlahiyyətinə aiddir.  

Məğrur Bədəlsoy

Paralel.az

0.041846990585327