Ramazan orucu Allahın tərbiyə proqramıdır - XVI yazı
Siracəddin Hacı:
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)
2) “... İnsanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir”
ALLAH Ramazan ayının niyə bu dərəcədə önəmli olduğunu açıqlayır. Qurani-Kərim Məkkədə, Nur dağında, Hira mağarasında (“hira” sözü arayış mənasını daşıyır, Allah Rəsulu o mağaraya gedər, özü ilə baş-başa qalar, mən kiməm, məni kim yaratdı, niyə yaratdı, bu dünyada niyə varam, haradan gəlib haraya gedirəm suallarına cavab axtarar, iç dünyasına yolçuluğa çıxar, özünü kəşf etməyə, Allahı, insanı, varlığı, həyatı, ölümü anlamağa çalışardı. O, Elçi seçilməzdən öncə Hira məktəbində, sorğu-sual, düşüncə, arayış məktəbində oxudu), son Elçiyə - aləmlərə rəhmət olaraq göndərilmiş hz.Məhəmmədə, altı yüz onuncu ilin Ramazan ayının bir gecəsində (Qurani-Kərim nazil olanadək o gecə Qədir gecəsi adlanmırdı, sıradan bir gecə idi, o gecənin adını Allah qoydu - QƏDİR, QİYMƏT, DƏYƏR gecəsi) vəhy mələyi Cəbrail vasitəsi ilə ilk ayələri nazil edildi. O gecə bu mübarək adı ona görə aldı, bu adla ona şərəfləndi ki, Qurani-Kərim o gecə enməyə başladı, Qurani-Kərim nazil olduğu gecənin mahiyyətini, anlamını dəyişdirdi, ona yeni dəyər yüklədi, yeni status verdi, sıradan bir gecə olmaqdan xilas etdi. Mesaj budur: ey insan, Qurani-Kərim sənə nazil olsa, Onu anlasan, dəyərlərini həyatına daşısan, yenidən doğulacaqsan, bu mübarək KİTAB sənə anlam, məna, dəyər yükləyəcək. Allah Qurani-Kərimin nazil olmağa başladığı gecənin şərəfinə bir surə endirmiş, adını da Qədir surəsi qoymuşdur, yəni kim Quranla yaşasa, nəfəs alsa, dəyər qazanacaq.
Qurani-Kərimin nüzulu (endirilməsi) Məkkə, Mədinə dönəmi olmaqla iyirmi üç il davam etdi. Belə bir görüş var, İbn Abbasa aiddir, deyir ki, Qurani-Kərim Ramazan ayında, Qədir gecəsində tam biçimdə lövhi-məhfuzdan dünya səmasına, daha sonra da hissə-hissə Allah Rəsuluna endirilmişdir. Bu görüşün Qurani-Kərimə bağlı heç bir dəlili yoxdur. Qurani-Kərimin tamamı Ramazan ayında enmədi, ilk ayələri bu ayda nazil olmağa başladı.
ALLAH ayədə buyurur ki, Ramazan Qurani-Kərim ayıdır, Quransız Ramazan olmaz, Quran bu ayın ruhudur. Bu ayda Qurani-Kərimi anlamağa yönəlin, siz Onu anlasanız, O sizin ağlınızı, qəlbinizi, vicdanınızı, iradənizi, bütövlükdə həyatınızı yenidən inşa edəcək, bu ayda Qurani-Kərimdən doğulun.
AYƏ Qurani-Kərimin üç özəlliyini önə çıxarır: a) insanlığa rəhbərdir – hidayətdir; b) bu hidayətin açıq-aşkar dəlillərini daşıyır; c) haqqı batildən ayırır;
Ardı var...
Paralel.az