Milli-mənəvi dəyərlərdən uzaqlaşan xalq - millət gücsüz olur! - Zahid müəllim yazır...

Milli-mənəvi dəyərlərdən uzaqlaşan xalq - millət gücsüz olur! - Zahid müəllim yazır...
 

Uzun illər imperiyanın əsarətində yaşamağımız, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına öz mənfi təsirini göstərmişdir.
Təəssüflər olsun ki, müstəqillik dönəmində də milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yad təsirlərə məruz qalmaqdadır. Çoxları bunu Avropaya inteqrasiya olmağımızla əlaqələndirirlər. Amma gedib-gələnlər, orada yaşayan soydaşlarımız Avropanın gözəl dəyərlərindən, insan faktorunun əsas amil kimi götürülməsindən razılıqla danışırlar.
Ölkəmizdə televiziya kanalları, onların aparıcıları, səviyyəsiz layihələr, məzmunu-forması olmayan verilişlər, özlərinin bahalı avtomobili, villası ilə gündəmdə olan yarıçılpaq ''səhnə ulduzları'' və s... milli-mənəvi dəyərlərimizə ən çox ziyan vurmaqla bərabər, həm də ailə tərbiyəsini də pozur.
Bir haşiyə. Sovet vaxtı ''Gün geçdi'' filminin çəkilişində rejissor Arif Babayev Oktay rolunu ifa eləyən Xalq artisti Həsən Məmmədova kadrların birində tərəf müqabilini (Əsmər-Leyla Şıxlinskaya) öpməyi təklif edir. Böyük sənətkar bu təklifə razı olmur və qəti şəkildə etirazını bildirir.
Amma indi Zaurlar, Elgizlər ''xeyirxahlıq'', ''savab iş'' adı altında 70-80 yaşlı nənələri, babaları televiziyaya çıxararaq ələ salırlar, komediyalar göstərirlər və guya ki onları evləndirirlər. Ailə təcrübəsi olmayanlar, dəfələrlə evlənib-boşananlar, hətta ailə qurmayanlar ''ekspertlik-ağsaqqalıq'' edirlər. Belə üzdəniraq verilişlərə görə elə vəziyyət yaranıb ki, ailədə xırda probremlərə görə cavan oğlan, qız, uşaqlı gəlinlər və yaşlı qocalar Xoşqədəmin, Zaurun, Elgizin və digər aparıcıların yanına qaçırlar.
Aparıcılar isə ''ağıllı ekspert'' komandası ilə saatlarla müzakirələr aparır, öz səviyyələrinə uyğun və milli-mənəvi dəyərlərimizə zidd ''qərarlar'' çıxarırlar.
Vaxt var idi ki, adətə görə evlilik üçün iki ailə arasında gizli söhbət aparılardı. Razılaşma baş tutardısa açıq şəkildə elçilik edilərdi, baş tutmasaydı isə gizli söhbət örtülü olaraq qalardı ki, el-oba arasında filankəs filankəsi bəyənmədi kimi yayılmasın.
Belə üzdəniraq evlənmələrin əksinə olaraq, ömür-gününü bir qız övladına həsr eləyən, saçının birini ağ, birini qara hörərək bir üzü qız, bir üzü gəlin olan tanıdığım neçə-neçə fədakar xanımlarımız gözlərimin önündən keçir.
Belə bir deyim də var ki, MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNDƏN UZAQLAŞAN XALQ - MİLLƏT GÜCSÜZ OLUR !

0.088414907455444