Sui-qəsdçini özü zərərsizləşdirən prezident Avila Kamaço

Sui-qəsdçini özü zərərsizləşdirən prezident Avila Kamaço
 

Onun adı XX əsr Meksika tarixinə görkəmli hərbi xadim və siyasətçi kimi düşüb. Avila Kamaço 1940-cı ildə Meksika prezidenti seçilərək ölkəsinin ictimai-siyasi, hərbi, sosial həyatında bir çox yaddaqalan hadisələrə imza atıb.

1940-cı ilə qədər aqrar ölkə kimi tanınan Meksikada qeyri-sabit siyasi vəziyyət hökm sürüb. Xarici ölkələrlə diplomatik əlaqələrdə də heç bir inkişaf tempi nəzərə çapmayıb. Meksikanın ABŞ və Britaniya ilə əlaqələri isə tamamilə kəsilib. Sözsüz ki, bu cür təcridolma Meksikanın bütün sahələr üzrə inkişafına əngəl yaradıb.

Məhz Avila Kamaçonun hakimiyyətə gəlişindən sonra ölkədəki mövcud problemlər zaman-zaman öz həllini tapıb.

376045
 

Avila Kamaço 1896-cı ildə Meksikanın Tesyutlan şəhərində anadan olub. Orta təhsil illərindən Kamaço hərb sənətinə böyük maraq göstərib. Bu maraq onu 1914-cü ildə Meksika ordusunun sıralarına aparıb. O, hərbi xidmətə kiçik leytenant rütbəsində başlayıb, altı ildən sonra, 1920-ci ildə isə Kamaço polkovnik rütbəsi daşıyıb və həmin ildən Miçoakan ştatında qərargah rəisi vəzifəsində işləyib.

Kamaço 1933-cü ildə ordudan tərxis olunaraq mülki vəzifəyə keçib, Meksika Milli Müdafiə Katibliyinin icraçı direktoru vəzifəsinə təyinat alıb.

Kamaço ilə həmin dövrdə Meksika prezidenti olan (1934-1940) Lasaro Kardenas arasında sıx, işgüzar münasibətlər yaranıb. Kardenas Meksikanın müdafiə məsələlərini ona tam etibar edib. Kamaço 1937-ci ildə Meksikanın milli müdafiə naziri vəzifəsinə təyinat alıb.

376044

1940-cı ildə keçirilən prezident seçkilərində Kardenas öz namizədliyini ikinci müddətə irəli sürməyib. Seçkilərə qatılan Kamaço isə səs çoxluğu ilə prezident kürsüsünə sahib olub.

O, siyasi məsələlərə son dərəcə ehtiyatla, həssaslıqla yanaşan bir siyasətçi olub. Kamaço prezident kimi ilk növbədə ölkədə milli həmrəyliyə nail olmağa çalışıb. Bu məqsədlə o, həyatda olan sabiq prezidentləri heç vaxt siyasi müstəvidən kənarda saxlamayıb. Məhz bu cəhətlərinə görə meksikalılar onu “centlmen prezident” adlandırıblar.

Kamaçonun hakimiyyətə gəlişi ilə ölkədə aztəminatlı ailələrə xüsusi güzəştlər tətbiq edilib, xüsusilə kənd təssərrüfatı sahəsində çalışanlar üçün vergilərin azaldılması əhalinin sosial rifahına müsbət təsir göstərib.

Sosial məsələlərə xüsusi diqqət yetirən, fəhlə sinfini həmişə müdafiə edən prezident 1943-cü ildə Meksika Sosial Təhlükəsizlik İnstitutu yaradıb ki, məhz bu institut vasitəsilə mütəmadi olaraq əhalinin sosial rifahını yaxşılaşdıran sosial tədbirlər həyata keçirilib.

376046

Kamaço altı illik prezidentliyi dövründə beynəlxalq müstəvidə Meksikanın mövqeyini və yerini yenidən müəyyənləşdirib. 14 mart 1941-ci ildə Meksika-ABŞ münasibətlərinin yeni mərhələsi başlanıb, tərəflər iqtisadi, hərbi və siyasi əlaqələrin yaradılması ilə bağlı sənədlər imzalıyıblar. Sənədə Kamaço və Ruzvelt imaza atıblar. Həmin ilin oktybrın 22-də Meksika və Böyük Britaniya arasında diplomatik əlaqələrin bərpası ilə bağlı sənəd imzalanıb. 12 noyabr 1942-ci ildə isə Meksika ilə SSRİ arasında diplomatik əlaqələr rəsmiləşib.

Məhz Kamaçonun bu diplomatik gedişlərindən sonra Meksika Almaniya, İtaliya və Yaponiyaya qarşı müharibədə SSRİ-ABŞ-Britaniya ittifaqına qoşulub və müharibədə Meksika öz ordusu ilə iştirak edib.
Xarici ölkələrlə diplomatik əlaqələrin qurulması Meksika iqtisadiyyatına da müsbət təsir göstərib.

376047

Kamaço Meksikada milli həmrəylik yaratmaq istiqamətində ciddi addımlar atsa da, ölkədə onun apardığı siyasətdən narazı qalanlar da olub. Hətta bu narazılar 10 aprel 1944-cü ildə prezidentə sui-qəsdə cəhd də ediblər. Həmin gün Kamaço prezident iqamətgahına, öz iş yerinə gələndə iqamətgahın hətyətində fəxri karaul marş keçirib. Kamaço liftlə kabinetinin yerləşdiyi mərtəbəyə qalxıb. Liftdən çıxanda karaulda xidmət edən leytenant Xose Antonio onu qarşılayıb. İlk olaraq Kamaço ona hərbi salam verib.

Leytenant salamı hərbi qaydada aldıqdan sonra prezidentə sualla müraciət edib:

- Cənab prezident, sizin işləriniz necə gedir?

Sual Kamaçonu təəccübləndirib:

- Mən sizi başa düşmürəm? Siz nə edirsiniz?

- Mən sizə demək istəyirəm ki, bizim ölkədə nə azadlıq var, nə də ədalət, hətta biz hərbçilərə hərbi formada kilsəyə getməyə də icazə vermirlər.

Bu sözləri dedikdən sonra leytenanat tapançasını çıxarıb prezidentə atəş açıb. Kamaçonun kostymunun altında zirehli jilet olduğundan güllə bədənə çatmayıb. O, əsl peşəkar hərbçi kimi leytenantın üzərinə atılıb və onu zərəsizləşdirib.

376048

Növbəti prezident seçkisi vaxtı, 1946-cı ildə Kamaço siyasətdən birdəfəlik uzaqlaşıb. O, paytaxt Mexiko ətrafındakı bağ evində məskunlaşıb və kənd təsərrüfatı ilə məşğul olub. Sabiq prezident məxsus olduğu torpaqda özünə böyük bir ev tikib, meyvə bağları salıb və kifayət qədər böyük heyvandarlıq kompleksi yaradıb.

Avila Kamaço 13 oktybr 1955-ci ildə, 59 yaşında vəfat edib. O, Mexikoda Franses qəbirstanlığında dəfn olunub. Mənbə: Musavat.com

0.01823878288269