"Azərbaycanın quru sərhədlərinin bağlanması-açılması "geosiyasi trend" prizmasından

 

Azərbaycanın quru sərhədlərinin bağlanması-açılması "geosiyasi trend" prizmasından. Azərbaycan-Türkiyə və Azərbaycan-Gürcüstan quru sərhədlərin açılması məsələsi gündəmdədir.

Sərhədlərin bağlanması və bunun gerçək səbəbinin açıqlanmaması Azərbaycan əhalisi arasında haqlı olaraq mənfi reaksiyaya səbəb olmuşdu, amma məsələnin incəliklərini görməyimiz vacibdir. Bu məsələ ilə bağlı ABŞ-ın təhlükəsizlik üzrə aparıcı mütəxəssislərin rəyini almağa çalışmışdım və o zaman sərhədlərin bağlanmasının əsas səbəblərindən biri Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulması göstərilmişdir. Bu nə deməkdir?

Rusiyaya sanksiyalardan yayınmaqda dəstək- Qərbin qırmızı xəttidir və Qərb buna olduqca sərt reaksiya verir, bu məsələ strateji təhlükəsizlik məsələsidir. Azərbaycan Rusiyanın yanında yer ala bilməz, əks halda Azərbaycan ən yaxın Qərb müttəfiqlərilə belə qarşı-qarşıya qalmış olacaq idi, misal üçün Türkiyə kimi nəhəng ölkə əvvələr beynəlxalq sanksiyalara qoşulmasa da, ABŞ-la uzun sürən danışıqlardan sonra sanksiyalara qoşulmaq məcburiyyətində oldu. Azərbaycan Türkiyə deyil və bu gün dünyada Ukraynada müharibə kontekstində mövcud olan "şər oxu"-nun(Rusiya-Belarus-İran) 2 ölkəsilə həmsərhəddir. Yəni bir tərəfdən strateji təhlükəsizlik doktrinasına müvafiq olaraq Qərb qarşısında öhdəliklərimiz, bir tərəfdən isə "realpolitik", gerçək durum və gerçək coğrafiya.

Bu mürəkkəb durumda Rusiyaya qarşı sanksiyalara qoşulmaq məqsədilə ANCAQ Rusiya(və İran) ilə sərhədlərin bağlanması açıq siyasi-diplomatik demarş kimi qiymətləndiriləcək idi və coğrafiyamızı nəzərə alaraq ciddi risklər yaradacaq idi. Azərbaycan nə etdi? Bütün sərhədləri bağladı və təbii ki bunun gerçək səbəbi göstərilə bilməz idi.

Hal-hazırda Türkiyə və Gürcüstanla quru sərhədlərimizin açılması gündəmdədir. Diplomatik baxımdan İranla sərhədlərin bağlı saxlanması anlaşılandır, ölkələr arasında siyasi-diplomatik gərginlik yaşanır. Bəs Rusiya? Düşünürəm ki, əgər Azərbaycanın Türkiyə və Gürcüstanla sərhədlərinin açılması fonunda Rusiya ilə sərhədləri bağlı saxlasa, bu açıq siyasi-diplomatik demarş olacaq.

Əvvəl belə addım risklər yaradırdı bəs indi? "Dişləri tökülən" Rusiya gündən-günə zəifləyir və gec-tez rahatlıqla belə demarşlar etmək iqtidarında olacağıq.

22 fevralda imzalanan "müttəfiqlik" isə kağız parçasına çevrildi. Qərb illərlə Rusiyanın təsir gücünü nəzərə alaraq Azərbaycanla "realpolitik" çərçivəsində davranırdı. İndi isə Azərbaycan Qərbin artan nüfuzu və gücünü nəzərə alaraq Rusiya ilə "realpolitik" çərçivəsində davranır.

0.015439033508301