Bu qərar vətəndaşlarımıza küllü miqdarda ziyan vura bilər - AÇIQLAMA

Bu qərar vətəndaşlarımıza küllü miqdarda ziyan vura bilər - AÇIQLAMA
 

Dünən Nazirlər Kabineti zavod buraxılış tarixi 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin məhdudlaşdırılacağı ilə bağlı qərarını açıqladı.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərli sözügedən qərarı “Paralel.az”a şərh edib və bildirib ki, bu qərar avtomobil parkının yenilənməsinə və ekoloji vıəziyyətin yaxşılaşdırılmasına yönlənib:

“Çünki Azərbaycanda yaşı 10 ildən artıq olan avtomobillərin sayı həddindən artıq çoxdur. Son illər ərzində Gürcüstandan da ölkəmizə yararsız, ömrünü başa vurmuş, metallom daşınırdı. Bunun qarşısı qismən alınacaq”.

Ekspert artıq xarici ölkələrdən sifariş verilmiş, yaşı 10 ildən artıq olan avtomobillərin taleyindən də danışıb. Belə ki, bu avtomobillərin ölkəyə gətirilməsi minimum 2 ay vaxt tələb etsə də, qərar 30 gündən sonra qüvvəyə minir.

Ekspertin sözlərinə görə, hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil var ki, onlar hələ də yoldadır:

“Bunlar Yaponiya, Cənubi Koreya, ABŞ kimi uzaq ölkələrdir. Oradan gəmi vasitəsilə avtomobillərin gətirilməsi minimum 2-3 ay vaxt tələb edir. Dövlət bütün bunları və özünün sosial yönümlü siyasətini nəzərə alaraq 30 gün müddətini 60 günə qədər uzatsa, daha yaxşı olar ki, vətəndaşlarımızın sifariş etdiyi və ödənişini həyata keçirdiyi avtomobillər ölkəyə daxil ola bilsin”. 

“Əks təqdirdə həmin avtomobillər Gürcüstan limanlarında qala bilər ki, bu da vətəndaşlarımıza və sahibkarlarımıza küllü miqdarda ziyan vura bilər”, - deyə E. Cəfərli əlavə edib. 

 

 

0.016421794891357