Dəyərlərimizə sahib çıxaq... - “Bunun üçün türk olmaq gərəkir”
“Bunun üçün türk olmaq gərəkir”
Vacibatlarımıza, imanımıza, əqidəmizə, təqvimimizə, tariximizə sahib çıxaq. Təhsilimizə, elmimizə, bizə xas olan bayramlarımıza sahib çıxaq, qondarmalardan uzaq duraq.
Mənəviyyatımıza sahib çıxaq ki, yad təsirləri dəf edə bilək. Üzərimizə düşən mənəvi vəzifələri icra edək ki, yadellilər bizə sahib çıxaraq yad dəyərləri ruhumuza sırımasınlar....
Bəli, artıq yeni həyatın, torpağın dirçəlişini, oyanışını özündə cəmləşdirən Novruzu hərəmiz ruhumuza və cibimizə uyğun şəkildə qarşıladıq və yola saldıq. Sayılı bayram günləri başa çatdı.
Əhvalımızın yaxşı, yaxud pis olmasından asılı olmayaraq ilin xoş, bol-bərəkətli keçməsi mənalarını özündə daşıyan adətlərə illərdir böyüklü-kiçikli hamı riayət etməyə çalışır. Lakin müşahidələr onu göstərir ki, ildən-ilə bu ənənələrə maraq, həvəs sanki azalır. Elə bil daha nə kuçələrdə yumurta döyüşdürən uşaqlar var, nə də məhlədə tonqal qalamağa tələsənlər. Sayları əməlli- başlı azalıb. İnsanlarda bayram əhval-ruhiyyəsi demək olar ki, hiss olunmur. Bir sözlə əvvəlki təntənədən bu il əsər-əlamət görmədim. Maraqlıdı, görəsən bunun səbəbi maddiyyatla bağlıdı, yoxsa psixolojidi?
Bəzi ekspertlərə görə, dünyada baş verən pandemiyadan sonra ölkəmizdə insanların həm maddi, həm də psixoloji çətinlikləri davam edir. İnsanlar hələ də onun təsiri altındadırlar. Bu baxımdan bayramı ənənələrə uyğun keçirə bilmirik, kasıb təbəqə üçün isə bayram heç vaxt maraqlı deyil. Onlar bayram keçirmək haqqında belə, düşünə bilmir, yaxud da çox az sayda insan düşünür bu haqda.
Bəli, istər elmi dairələrdə, istərsə də geniş ictimaiyyət arasında Novruzun milli, dini, mövsimi, yoxsa təqvim bayramı olması haqda qəti fikir yoxdu. Ona görə də bəzi araşdırmaçıların da fikirlərini qeyd edərək, bir sıra tarixi məlumatları oxucuların diqqətinə çatdırmağa çalışacam. Yalnız mövzuya yeni baxış bucağından baxaraq folklorşünaslığın diqqətini bu istiqamətə yönəltməyi mümkün sayıram. Bu bayrama tam sahib çıxmasaq, onu elmi dəlillərlə təsdiqləməsək, bir çox milli-mənəvi sərvətimiz kimi bunu da itirə bilərik.
Çünki bəzi mənbələrdə Novruzu fars bayramı kimi qələmə verirlər. Bu, yəqin ki, "Novruz" kəlməsinin farsa aid olması fikrilə bağlıdır. Yəni fars bayramı olduğu fikrinin formalaşmasının səbəbi bu ola bilər. Sözün farsca olması və eyni bayramın farslar tərəfindən də qeyd olunması istər-istəməz hər kəsdə «Novruz fars bayramıdırmı» sualını yaradır. Gəlin, görək farslarda Novruz bayramının keçirilmə tarixi nə vaxtdır. Araşdırmaçıların gəldiyi qənaətə görə, farsların rəsmi şəkildə Novruz bayramını yeni ilin ilk günü, yeni il bayramı kimi qeyd etməsi Sasanilər (225-651) zamanına təsadüf edilir. Və fars təqviminə görə, Novruz martın 21-dən aprelin 21-nə qədər davam edirdi. Eyni zamanda ilin ilk ayı sayılıb. Qədim fars təfəkkürünə görə Novruz Cəmşidin taxta çıxması ilə bağlıdır. Və bunu Firdovsi də öz "Şahnamə"sində qeyd edib. Belə olan təqdirdə farslara görə Novruz Cəmşidlə başlayır və bu qeyri-müəyyən tarixdən o yana getmir. Burada əsas məsələ ondan ibarətdir ki, yazın gəlişini bir şəxsin hakimiyyətə gəlməsilə bağlamaq döğru anlayış deyil. Bəzi mənbələrdə Novruz haqda söylənilən rəvayətlərə dini don geydirilərək qeyd olunur ki, guya Tanrı yeri, göyü və insanı Novruzda yaradıb və Adəmlə Həvva da Yerdə məhz Novruzda görüşüblər. Digər rəvayətə görə qardaşları tərəfindən quyuya atılan Yusif peyğəmbər də quyudan Novruzda xilas olub. Musa peyğəmbər də əsası ilə Qızıl dənizi yararaq tərəfdarlarını Novruzda qurtarıbmış. Həzrəti Əli peyğəmbər tərəfindən Novruzda xəlifə elan edilib, yaxud Həzrəti Əli xəlifə olaraq Novruzda taxta çıxıb kimi rəvayətlərin bəziləri farslarla qonşuluqda yaşayan türk tayfaları tərəfindən də qəbul olunmuşdu. Novruzun dini motivlərlə əlaqələndirilməsi də məhz bununla bağlıdı.
Daha sonralar, tarixin başqa bir dönəmində “Novruz bayramı”na müəyyən qadağalar tətbiq edilsə də, bu qadağa sadəcə sözdə qalıb, əslində isə həmin vaxtda nə Azərbaycanda, nə də digər sovet respublikalarında bu bayram tədbirləri ciddi təqiblərə məruz qalmadı. Azərbaycanda və Mərkəzi Asiya ölkələrində insanlar həmişə bu bayramı evlərində, ailələrində qeyd ediblər. Bayram hazırlıqlarıda ki öz yerində.
Bəzi yazılı mənbələrə görə, Azərbaycanda, xüsusən də Bakı və Bakıətrafı kəndlərdə xüsusi qeyd olunan bu bayrama, uzaq Şərqdən gəlmə başqa ənənə də qarışıb. Belə ki, 12 illik heyvan təqviminə əsaslanan bu ənənəyə görə hər yeni il bir heyvan adı üzərində qeyd olur. Və bu təqvimin Çindən götürüldüyü bildirilir. Əslində Azərbaycana və Mərkəzi Asiyanın keçmiş respublikalarına "Yeni il" də miras qalıb. Bu xalqlar keçmiş SSRİ-də olduğu kimi dekabrın 31-ni Yeni il bayramı kimi qeyd edir, xristianlar kimi Milad ağacı bəzəyirlər. Amma bu bayram milli bayrama çevrilməyib. Bu, yəqin həmin xalqların müsəlman olması ilə bağlıdır. Hərçənd Novruzun da İslam dinilə əlaqəsi yoxdur.
Hətta İranın özündə qədimlərdən qeyd olunan Novruz İran İslam İnqilabından sonra bir neçə il qadağan edilsə də iranlılar bu bayramı yenə də qeyd ediblər.
Novruzun hansı xalqa mənsub olmasından asılı olmayaraq bu bayram ilk növbədə təbiətdə baş verən dəyişikliklə əlaqədardır. Yuxarıda göstərilən rəvayətdə bu məqam az da olsa əks olunmamışdır. Bütün bunlar Novruza sahib çıxa bilməyən farsların bu bayramı islamlaşdırmaq, ona dini don geydirmək üçün uğursuz cəhdlərindən idi. Böyük fikir adamımız M.Ə.Rəsulzadənin dili ilə desək, "Martın 22-si səhər təbiətlə birgə, yeni ruhla oyanmayan, Novruzun mahiyyətinə varmayıb, onu sadəcə bir mövsüm bayramı olaraq qəbul edən, bütün varlığı ilə yeni həyata başlamayan millət Novruza sahib çıxamaz. Bunun üçün türk olmaq gərəkir".
Bugünlərdə kinorejissor Füzuli Sabiroğlunun araşdırmasına rast gəldim. Füzuli müəllim həmin araşdırmada qeyd edir ki, azərbaycanlılar 1920-ci illərdə, yəni Azərbaycan Qırmızı ordu tərəfindən işğal edilənədək Novruzu böyük ruh yüksəkliyi ilə qeyd ediblər. Ömrü cəmi 17 ay olmuş Azərbaycan Respublikasında bu bayram iki dəfə - 1919-1920-ci ildə rəsmən təntənə ilə qeyd olunub. 1920-ci ilin Novruz bayramından bir ay sonra Azərbaycan sovetlər tərəfindən işğal edilib.
Füzuli müəllim öz araşdırmasında qeyd edir ki, Novruz bolşeviklər tərəfindən dərhal qadağan edilməyib və onu əvvəlki illərdə olduğu kimi açıq keçiriblər. 1921-ci ildə Azərbaycan bolşeviklərinin "Kommunist" qəzeti yazırdı ki, Novruz münasibətilə məktəblilərə bayram sovqatları paylanıb. Həmin il teatr və klublarda konsert və tamaşalar verilib.
Əslində, Azərbaycan milli teatrının kökləri Novruz bayramında oynanan "xalq tamaşalarına" gedib çıxır.
1925-ci ildə Sovet hökuməti Novruzla əlaqədar xüsusi qərar qəbul edib. Bu qərara görə Novruzun da başqa milli və dini bayramlar kimi dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulurdu. Lakin Sovet hakimiyyəti yerini bərkitdikcə digər milli-dini bayramlar kimi Novruz da mühafizəkar bolşeviklərin hücumuna məruz qaldı. Onlar istəyirdilər ki, yalnız inqilabi bayramlar keçirilsin. Hətta sovet Rusiyası öz rus xalqının da milli bayramlarını qeyd etməsinə mane olurdular ki, başqaları dərs alsın.
Beləliklə 1929-cu ildə Novruz dövlət bayramlarının siyahısından çıxarıldı və "Mübariz allahsızlar ittifaqı" deyilən təşkilat bayram günlərində küçə-küçə, ev-ev gəzir, bayramı qeyd edən, evində səməni yetişdirən, tonqal üstündən atılan kommunist və komsomolçuları cəzalandırırdılar. Cəza isə əsasən ictimai qınaqdan ibarət olurdu.
Nəhayət 1937-ci ildə, SSRİ Konstitusiyasının qəbulu ilə bütün dini və milli bayramlar qadağan edilib. Amma hətta o ağır repressiya illərində də adamlar Novruzu əziz bayram kimi qeyd etməkdə davam edirdilər. Bu rəsmi qadağa 20 il qüvvədə olub. Lakin 1953-cü ildə Stalinin ölümündən sonra bütün milli bayramlara "qeyri-rəsmi" icazə verilib. Daha doğrusu, həmin vaxtdan bəri adamlar Novruzu ailə çevrəsində keçirə biliblər.
Füzuli müəllimin araşdırmasında daha sonra qeyd olunur ki, bu bayramın dövlət səviyyəsində qeyd olunması hansısa səbəbə görə 1 il, yəni 1967-ci ilədək ləngiyib. Novruzun rəsmi keçirilməsi üçün Azərbaycan və Özbəkistan Kommunist Partiyaları Moskvaya müraciət edirlər.
Beləliklə, 1967-ci il martın 20-də Bakının qədim Qız qalası yaxınlığında el şənlikləri başlanıb və Bahar qızı şənliyə at belində gəlib. Belə bir fikir də var ki, Azərbaycan rəsmiləri “Bahar qızı” obrazı ilə “Qar qızı” (Snequroçka) arasında bir növ fərqlilik yaratmışdılar ki, “ruslar inciməsin”.
Araşdırmaya əsasən bayramın keçirilməsi üçün Moskvaya rəsmi müraciəti Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov etsə də, bayramın təşkilatçılıq işləri mərkəzi komitənin katibi Şıxəli Qurbanova tapşırılır.
Bir faktı da qeyd edək ki, bu rəsmilərin hər ikisi Bakıda doğulmuşdular. Elə “Novruz bayramı” da ənənəvi olaraq ən çox bakılıların bayramı kimi tanınırdı. Ş. Qurbanov həm də istedadlı yazıçı və dramaturq idi. Bəzi mənbələrə görə, “Novruz bayramı”ndan bir qədər sonra Ş. Qurbanov gözlənilmədən stomatoloqun kreslosunda vəfat edib. Rəsmi məlumata görə onun dişinə vurulmuş anesteziya iynəsi qəfil ağrı şoku vermişdi. Lakin rəsmi məlumat insanlar arasında yayılmış digər söz-söhbətləri bir az gücləndirmişdi. Sonralar hökumətin bütün təkziblərinə baxmayaraq Azərbaycanda bu gün də bir çoxları Qurbanovun KQB tərəfindən qətlə yetirildiyinə əsla şübhə etmirlər. Digər ironiya isə bundan ibarət idi ki, həmin gün Şıxəli Qurbanovun "Sənsiz" adlı pyesinin teatr premyerası keçirilirdi. O elə bu tədbirdə rahat iştirak etmək üçün onu artıq bir müddətdir ki, incidən diş ağrısından xilas olmaq istəmişdi. "Sənsiz" pyesinin premyerası onsuz keçirilmişdi.
Lakin rusların “Maslennitsa”sından fərqli olaraq “Novruz bayramı” 1968, 1969-cu və 1970-ci illərin əvvəllərində də daha böyük ruh yüksəkliyi ilə keçirilirdi.
Bəzi sosioloqlar 1967-ci ildə Novruzun rəsmi keçirilməsinə icazə verilməsini Moskvanın xarici siyasəti ilə bağlayırdılar.
Bu dövrdə SSRİ Yaxın Şərq ölkələri, o cümlədən İran və Türkiyə ilə yaxınlaşmağa çalışırdı.
İranın azərbaycanlı şairi Şəhriyar millətçi ruhlu "Heydərbabaya salam" şeirini yazmış, bu şeir Sovet Azərbaycanında da məhz o vaxt dərc olunmuşdu.
1968-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnevin İrana rəsmi səfəri hazırlanırdı.
Bütün hallarda SSRİ-də idarə olunan milli dirçəliş gedirdi. Bu istiqamətdə Sovet İttifaqı Azərbaycan və Mərkəzi Asiya xalqları ilə İran arasındakı mədəni əlaqələrə müsbər yanaşırdı.
Bu həm də bir növ NATO üzvü olan Türkiyənin türkdilli Sovet Asiyasına təsirini bloklamaq məqsədi güdürdü.
SSRİ rəhbərliyi pantürkizmdən fərqli olaraq, paniranizmdən çox da qorxmurdu.
1970-ci illərdə SSRİ-də vətəndaş azadlıqlarının yenidən daraldığı vaxtlarda Novruz dövlət səviyyəsində 1960-larda olduğu kimi səs-küylü keçirilmirdi.
Bu vəziyyət Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ilə dəyişdi. “Perestroyka” Novruzun Azərbaycan və Mərkəzi Asiyada dövlət səviyyəsində keçirilməsinə yol açdı.
1985-ci ildən sonra hətta kommunist və sovet qəzetləri də martın 21-də rəngli çıxırdı, ən başlıcası isə manşetlərdə daha "Bahar bayramından" yox, Novruzdan söz açılırdı.
1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi.
2000-ci illərin əvvəllərindən isə Novruz bayramında 10 gün qeyri - iş günüdür.
Sonda bunu da qeyd edək ki, elə Rusiyada da “Yeni il” bayramı ərəfəsində 10 gün istirahət günü kimi qeyd olunur. Bax, beləcə nə qədər imperiyalar dağılsa da ənənələr olduğu kimi qalır, yaşayır...
Və sonda həm araşdırmaçıların fikirlərinə , həm də müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, Novruz qədim türkün həm mövsümi həm də milli dirçəliş bayramıdır. Hər zaman bayram əhval-ruhiyyəsində olaq!