Universitetlərimiz reytinqlərdə daim autsaydermi olacaq?

Universitetlərimiz reytinqlərdə daim autsaydermi olacaq?
 
Dos. İlham Əhmədov:

Hər dəfə Dünya Universitetlərinin reytinq cədvəli təqdim ediləndə bizim universitetlərdə bir balaca canlanma hiss edilir, bu haqda düşünmək istəyirlər. Sonra mövzu köhnəlir, yaddan çıxır, bir də növbəti ildə yada düşür, yenə 1-2 gün müzakirələr gedir... yenə "köhnə hamam, köhnə tas" məsəli olur. Ən yaxşı halda da bizim niyə geri qalmağımız haqqında yox, Lider universitetlərin nə səbəbdən lider olması haqında mücərrəd fikir mübadiləsi gedir.

5 il əvvəl NK "Tədqiqat universitetlərinin yaradılması" haqqında əsasnamə və meyarları təsdiq etdi. Az sonra mövzu unuduldu. Keçən il təsdiq edilən inkişaf stratefiyasında qeyd edildi ki, yaxın 5-10 ilə ölkədə 5 "Tədqiqat universiteti" yaradılsın.

Bu mövzudan söhbət gedəndə, menecerlər öz bacarıqsızlığını etiraf etmək əvəzinə tez günahkar axtarır, yenə də geriliyin əsas səbəbkari müəllimlər və alimlər olur. Sən demə ETN və ATM rəhbərləri universitetlərin sürətli inkişafı üçün lazım olan hər şeyi ediblər, amma "tənbəl və savadsız" müəllimlər və alimlər reytinqli jurnallara az məqalə yazırlar, heç olmasa ildə 1 Nobel mükafatı ölkəyə gətirmirlər. Yoxsa, çoxdan universitetlərimiz ilk 100-lükdə olacaqdı.

Amma heç bir menecer əziyyət çəkib Lider Universitetlərin təcrübəsini öyrənib tətbiq etmək istəmir. Onda çox qısa şəkildə də olsa onlara bildirim ki, bu işdə də velosiped yaratmaq lazım deyil.

Hər hansı universitetin Liderlər sırasına qalxması üçün hələlik ən azı bu 3 məsələni həll edin:
1) Universitetləri səxavətlə maliyyələşdirin.
2) Universitetin inkişafı üçün innovativ ideyalar yaradın.
3 ) Prosesləri təhsilə məsul şəxslər kimi müdrikliklə idarə edin.

Bu 3 məsələnin həlli bizdə nə dərəcədə realdır?

1) Universitetlərin səxavətlə maliyyələşdirilməsi bizdə hələ ki, olmayıb və belə getsə heç vaxt da olmayacaq, əksinə ETN öz yaratdığı fond üçün ATM-dən pul tələb edir.

2) İnnovativ ideyalar- bu da 30 ildə olmayıb və hələki gözlənilmir də, çünki, innovativ ideyaların formalaşmasına da tədqiqatlar, investisiya, pul lazımdır. Biz isə təhsil elmlərinə investisiya etmədən innovasiyalar etmək istəyirik. Bu isə mümkün deyil, 30 illik təcrübə bunu göstərdi.

3) Təhsildə müdrik rəhbərlik - bunu da müşahidə etməmişik, çünki, sahənin incəliklərini bilməyən menecerlər nə müdrik rəhbərlik edə bilərlər. Onların ən müdrik addımı öz bacarıqsızlığını etiraf etmək olardı.

Bu qədər sadə. İndi görək təhsilin "müdrik rəhbərliyi" bu məsləhətləri eşidib, universitetləri səxavətli maliyyələşdirəcəkmi, onlara innovativ ideyalar tapmaqda kömək edəcəkmi, bu ideyaların reallaşmasına dəstək verəcəkmi? Axı təhsil büdcəsi son illər 4,5 dəfə artıb, indi də olmasa, bəs nə vaxt? Yoxsa, elə əbədi olaraq universitetlərimiz reytinqlərdə autsayder qalacaq?
 
"Paralel.az"
 
0.025198221206665