Ramazan orucu Allahın tərbiyə proqramıdır - XIV yazı

Ramazan orucu Allahın tərbiyə proqramıdır - XIV yazı
 

Siracəddin Hacı: 
(QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ - BƏQƏRƏ, 183-187)
“(O sayılı günlər) Ramazan ayıdır ki, insanlığa rəhbər olan, bu rəhbərliyin açıq-aşkar dəlillərini (bəlgələrini) daşıyan və haqqı batildən ayıran Quran bax (məhz) bu ayda endirilmişdir. Sizdən biri bu aya qovuşanda oruc tutsun, xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin! Allah sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. (O) oruc günlərinin sayını tamamlamağınızı, sizi doğru yola qovuşdurduğu üçün Onu ucaltmağınızı və şükür etməyinizi istər” (2/185)

XIV YAZI

1) “(O sayılı günlər) Ramazan ayıdır ki…”
ALLAH yüz səksən dördüncü ayədə “sayılı günlərdə” buyurmuşdu. Şərh etdiyimiz ayədə o sayılı günlərin Ramazan ayı olduğunu açıqlayır.
“RAMAZAN” sözü “r-m-d” kökündəndir, bu mənaları olduğu irəli sürülmüşdür:
a) Allahın adlarından biridir – bu görüş əsassızdır, belə ki, Qurani-Kərimdə Allahın Ramazan adı yoxdur. Allaha ad və sifətləri Özü verər, kimsənin Ona ad / sifət vermək haqqı yoxdur;
b) gur yağan yaz yağışı, bu yağış yeri, havanı tozlardan / kirlərdən təmizləyər. Ramazan orucu da o yağış kimidir, insanın bədənini maddi, vicdan, ağıl, qəlb və ruhunu mənəvi zəhərlərdən təmizləyər;
c) qovurucu istilik – Günəşin istiliyi nəticəsində daş qızır, çayda, dənizdə çiməndən sonra ayağını daşın üzərinə qoyur, istiliyini hiss edirsən, bu istilik insanın ruhunu dincəldir. İstiliyin həm yandırma, həm də təmizləmə özəlliyi var, yəni Ramazan orucu insanı maddi, mənəvi kirlərdən təmizləyir, günahlarını yandırır;
d) otun biçilməsi – sahənin təmizlənməsi;
e) oxun ucunun itilənməsi üçün iki daşın arasına sürtülməsi – bu yolla oxun ucunun pası silinir, nəticədə, kəskinliyi, itiliyi, deşmə imkanı artır;
Bu izahların ortaq nöqtəsi TƏMİZLİKDİR, yəni Ramazan orucu insanları maddi, mənəvi kirlərdən təmizləyir.
ALLAH ayədə “Ramazan ayı” – “şəhru Ramazanə” buyurur. “Şəhr” sözü “ş-h-r” kökündəndir, tanınan / bilinən anlamını daşıyır, “ay” / “şəhr” hilalın çıxması ilə bilinən / tanınan – bəlli olan zaman dilimidir. Ay / şəhr bir şeyin ortaya çıxmasını ifadə edir. “Şöhrət” sözü də eyni kökdəndir, şöhrət bir şeyin ortaya çıxması, tanınmasıdır, hilal görünür, ayın gəldiyini xəbər verir, hər kəs də Ramazan ayının başladığını bilir.
Ayədəki “Ramazan ayı” – “şəhru Ramazanə” ifadəsi o sayılı günlərin Ramazan ayı olduğunu ifadə etmək üçün seçilmişdir, bu ifadə o sayılı günləri açıqlayır (qeyd edək ki, Ramazan ayında oruc tutulmasının tarixi Qurani-Kərimin nazil olması ilə başlamır, öncəki nəsillərin də bu ayda oruc tutduqları bilinir).
“RAMAZAN AYI” ifadəsinin vurğularını belə də oxuya bilərik:
- tutulması fərz olan oruc Ramazan ayı orucudur – o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;
- Ramazan ayı orucunu tutun – o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;
- Ramazan ayında oruc tutmağınız sizin üçün daha xeyirlidir – o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;
- o sayılı günlər Ramazan ayıdır – o Ramazan ayı ki, Qurani-Kərim bu ayda nazil olmağa başlamışdır;
RAMAZAN qəməri (Ay təqvimi) ayların doqquzuncusudur. Ramazan orucu hilalın görünməsi ilə başlayır. Burada təəssüflə qeyd etmək istəyirik ki, İslam alimləri dəfələrlə bir araya gəlsələr də, elmi müzakirələr aparsalar da, çoxluq eyni qərarı qəbul etsə də, siyasi səbəblərlə İslam ümməti Ramazan orucunu eyni gündə başlayıb eyni gündə bitirə bilmir, bu da ümməti parçalayır, birlik şüurunu zəiflədir, qaşınmayan yerdən qan çıxarır.
Fikir ayrılığına səbəb olan sual budur: Ramazan hilalı dünyanın hər hansı bir bölgəsində görünəndə, yoxsa hər ölkənin əhalisi öz ölkəsində hilalı görəndə oruc tutulmağa başlanmalıdır? 1978-ci ildə İstanbulda keçirilən elmi konfransda İslam alimləri belə bir qərar verdilər: əsas olan Ramazan və bayram hilalının dünyanın hər hansı bir yerində görünməsidir, təqvimlər də bu hesaba görə tərtib olunmalıdır. Bu doğru qərara baxmayaraq, ayrı-ayrı dövlətlərin siyasi iddiaları İslam ümmətinin birliyinə imkan verməmiş, Ramazan orucunun başlanğıc və bitiş tarixi, eləcə də bayramın ilk günü ilə bağlı fərqlər ortaya çıxmışdır.
Ardı var...

Paralel.az

0.037124872207642