Gəlmisən - Osman Əhmədoğlunun Narınc Xatuna həsr etdiyi şeiri

Gəlmisən - Osman Əhmədoğlunun Narınc Xatuna həsr etdiyi şeiri
 

Dərviş Osman Əhmədoğlunun Narınc Xatuna həsr etdiyi şeiri təqdim edirik.
Allah hər birinə rəhmət eləsin.

Gəlmisən
Bulaq-bulaq qoşmaların izinə,
Təcnisimin cinasına gəlmisən.
Dodaqdəyməz gülümsəyər üzünə,
Bayatımın binasına gəlmisən.

Hər qayadan eşidərsən bir avaz,
Dərəm-təpəm mahnı deyər,götür yaz.
Sarvan olar bu karvana telli saz,
Gəraylımın minasına gəlmisən.

Qeyrətimiz bu dağlardan gələn səs,
Şöhrətimiz "misri","cəngi" müxəmməs.
Hörmətimiz zaman-zaman tükənməz,
İstəyimin mənasına gəlmisən.

Qorqud eli bu Borçalı,Başkeçid,
"Baş divani","Baş sarıtel", baş keçid.
Araz deyil,çınqıl keçid,daş keçid,
Bu vüsalı sına-sına gəlmisən.

Kim deyər ki oğuz yurdu təklənib,
Amallara ləli-gövhər yüklənib.
Burda hamı "cəngi" üstə köklənib,
Ərənlərin xanəsinə gəlmisən.

Mən uymaram ötərgi söz felinə,
Vurulmuşam həqiqətin ləlinə.
Narınc Xatun,Sən Osmanın elinə,
Arzuların dünyasına gəlmisən.

"Paralel.az"

0.060555934906006