Elm günü elm adamlarının bayramıdırsa... - Vüqar İsmailov

Elm günü elm adamlarının bayramıdırsa... - Vüqar İsmailov
 

Elm günü elm adamlarının bayramıdırsa, həmin gün elm adamına bu zülmü etməzlər.
Bir filmlərə, verilişlərə baxın. Hollivud, digər şirkətlər elmə, elm adamlarına aid o qədər filmlər çəkib ki. Görün orada elmə aid bayram əhvali ruhiyyəli tədbirlər, elm adamlarının mükafatlandırılması və s. necə keçirilir.

Elm günündə hesabatlar, uzun-uzadı bürokratik çıxışlar, söz alan məmurlar, deputatlar, akademiklər, 3 saatlıq fasiləsiz iclas, qapanıb bir yerdə oturmaq məcburiyyəti, sonda isə elm adamına verilmiş adi A4 kağızında tərifnamə. Orta məktəbin 1-ci, 2-ci sinif şagirdinə verilmiş tərifnamədən fərqlənmir. Adını da yaxşı görünsün deyə diplom qoyublar. Diplomun heç olmasa bir üz qabığı olar. Bunun heç üz qabığı da yoxdur. Nə isə. Evdə dedilər hələ şükür ki, bu A4 vərəqində çap olunmuş yazını ağ-qara formatda çap etməyiblər..

P.S.1. Dünən elm günü ilə əlaqədar keçiriləcək iclas zalına daxil olarkən məni bir nəfər qarşıladı: "Vüqar müəllim, xoş gördük". Bir az sevindim ki, nə yaxşı məni tanıdı. Düşündüm bu gün yəqin mənə 28 illik AMEA-da xidmətimə görə və ya AMS-də çap etdirdiyim kitabıma görə xüsusi mükafat verəcəklər. Sonra keçib oturmaq istədim. Böyük zalda 100-lərlə kreslolar vardı. Diqqətimi həm də divara yaxın qoyulmuş bir neçə adi stul çəkdi. Adətən iclaslarda belə stullar qoyulur ki, yer çatmayanda adamlar əyləşsin. Həmin şəxs mənə həmin stullardan birini göstərərək "Vüqar müəllim, burada oturacaqsınız dedi". Əyləşdim. Amma artıq başa düşdüm ki, mənə bu yeri göstərirlərsə, xüsusi mükafat filan ola bilməz. Sonra bir xanım yaxınlaşdı və "Vüqar müəllim, yeriniz rahatdır?" deyə soruşdu. Bu sual "lap ələ salmaq" kimi göründü, çünki zaldakı əksər kreslolar bomboş ola-ola, məni küncdə əyləşdirib, sonra da belə sualı niyə versinlər.
Bir qədər gözlədikdən sonra yerimi normal yerlərdən birinə dəyişdim.
Bütün bunlar baş verərkən yadıma Oksford Universiteti seminarında 2017-ci ildə etdiyim dəvətli məruzə düşdü. 1 saatlıq məruzədən sonra məni bir tədbirə dəvət etdilər. Tədbir zalına daxil olarkən bir nəfər mənə çox gözəl və səliqəli hazırlanmış buklet verdi. Bukletin içində zaldakı yerlərin sxemi, və həmin sxemdə harada oturacağım yer göstərilmişdi. Keçib oturanda da stolun üstündə "Professor Vugar Ismailov" yazısı vardı.
Bizdəki iclasda da kresloların üzərində nəsə cürbəcür yazılar vardı, amma onların heç biri mənim üçün nəzərdə tutulmamışdı..

P.S.2. Yadıma həm də AMEA-nın 9 Eylül universiteti ilə birgə bir neçə il əvvəl keçirdiyi online workshopa qatılmaq üçün mənə göndərdikləri email düşdü. Həmin emailin mövzu yerində belə yazılmışdı: "Cavab ver! Cavab ver! Cavab ver!".

P.S.3. Yadıma həm də mənə 2017-ci ildə
AMEA professoru adının verilməsi və 2 il sonra ləğv olunması düşdü.

P.S.4. Yadıma həm də bir neçə il əvvəl mənim iştirak etdiyim AMEA-nın elmi proqramından uzaqlaşdırılmağım düşdü. Orada pul var idi axı, mən kiməm ki, dövlətin böyük pullar ayırdığı proqramlarda iştirak edəm. Bəs akademiklər necə olsun?

P.S.5. Yadıma çox belə məsələlər düşür. Hamısını yazmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, mən alimə verilən qiymətin nə olduğunu çox yaxşı bilirəm..

"Paralel.az"

0.017179012298584