Gözəldir... - Abdulla Saymaz

Gözəldir... - Abdulla Saymaz
 

Al, götür çiyninə, qoca məkanı,
Titrəsin, hiss etsin, Yer-Göy təkanı.
Görmək istəyirsən- Yaradan hanı?..
Mənasız istəyə gülmək gözəldir.
Arzun çin olmasa, bir də qoy dəmə,
Tək təbib- zamandır, belə qəm yemə.
Sevdiyin insana dərdini demə,
Xoş anı, sevinci bölmək gözəldir.
Götür-qoy eyləyib aparma hesab,
Cavabsız suala neyləsin kitab.
Hansı xatirələr verirsə əzab,
Yaddaşdan əbədi silmək gözəldir.
İstər nökər olsun, istərsə ağa,
Köhnə bir deyim var, bilirsən qağa.
Həmişə daş dəyər gəzən ayağa,
Cahanı görməkdən, bilmək gözəldir.
Həyat məngənətək tutub sıxırsa,
Ahın fəryad salıb ərşə çıxırsa,
Qismət yazan Allah gendən baxırsa,
Boş ver yaşamağı, ölmək gözəldir...
 
 
Paralel.az
0.067445039749146