Həftənin ən diqqətçəkən məqamları İlham Şabanın ŞƏRHİNDƏ

Həftənin ən diqqətçəkən məqamları İlham Şabanın ŞƏRHİNDƏ
 


Azərbaycan hazırda Novruz bayramı tətillərini yaşayır. Qlobal bazarlarda enerji ilə bağlı xeyli maraq kəsb edəcək hadisələr baş verir. 

Qlobal bazarlar. Moldova bu həftə artıq Rusiya qazından tamam imtina etdiyini açıqladı. Bundan sonra Rumıniyadan qaz alacaq, maliyyə məsələsində də Avropa Komissiyası kömək edəcək. Özü də Moldova çalışacaq ki, qaz ucuz olan zaman daha çox alsın, istehlak etmədiyi həcmləri isə Ukraynaın yeraltı qaz anbarlarında saxlayacaq. Və bu o zaman baş verdi ki, Moldova prezidenti Mayya Sandu dövlət dili haqqında parlamentin qəbul etdiyi qanunu imzalayaraq onun rumın dili olmasını təsdiqlədi.

Beləliklə, Ukraynanı həqq yoluna gətirmək üçün 395 gün öncə Rusiyanın başladığı özlərinin ifadə etdiyi kimi “xüsusi hərbi əməliyyat” onunla nəticələndi ki, daha bir postsovet ölkəsi Moskva ilə bundan sonrakı yollarının tam başqa səmtdə olduğunu rəsmi kurs kimi elan etdi.   
Bu həftə ortası isə Avropa qaz infrastrukturu Assosiyasiyası (Gas Infrastructure Europe) açıqlayıb ki, Avropa İttifaqı üzrə yeraltı qaz anbarlarında olan ehtiyatlar 60,7 mlrd kubmetr həcmindədir və onlarda olan ehtiyatlar ümumi tutumun 55,6 faizini təşkil edir. Belə bir məlumat isə Avropada satılan qazın qiymətini minimal olaraq 435 dollara qədər uzuclaşdıra bildi. 

Rusiya-Çin münasibətləri. Bu həftə Rusiya və Çin rəhbərlərinin Moskva görüşü zamanı iqtisadi əməkdaşlığı genişləndirməklə bağlı verdikləri bəyanatlar az sonra məlum oldu ki, əsasən enerji üzərində köklənib. Yanacaq energetika sahəsinə kuratorluq edən Rusiya baş nazirinin müavini Aleksandr Novakın açıqlamasına görə, artıq fevralda Çin bazarına ən çox neft satan ölkə kimi Rusiya Səudiyyə Ərəbistanını geridə qoyub. Elə qaz məsələsində də Rusiya liderliyi ələ keçirib və Türkmənistanla Qətəri qabaqlayıb. 

Novakın açıqladığı rəqəmlərə görə, Rusiya Çin bazarında boru qaz satışına 2019-cu ilin dekabrından başlayıb. 2020-ci ildə 4,1 mlrd kubmetr qaz ixrac edən Rusiya, 2021-ci ildə bu həcmləri 10,4 mlrd kubmetrə qədər artırıb, 2022-ci ildə isə 15,5 mlrd kubmetrə çatdırıb. Cari il üçün proqnoz 22 mlrd kubmetrdir, 2025-ci ilə isə - 38 mlrd kubmetr.
Bundan əlavə Rusiya yaxın illərdə “Uzaq Şərq” qaz kəməri ilə Çinə daha 10 mlrd kubmetr qaz satmağı planlaşdırır. Bu da son deyil - uzunluğu 2600 km olacaq “Sibirin gücü-2” layihəsi üzərində hazırda son tamamlanma işləri gedir və bu onilliyin sonlarına qədər həmin kəmərlə Çinə daha 50 mlrd kubmetr qaz axmalıdır.

Mənim diqqətimi çəkən o oldu ki, Kremldə artıq tam şəkildə aydınlaşıb ki, başladıqları Ukrayna müharibəsi Qərblə münasibətlərin uzun illər boyu, bəlkə də onilliklərlə pozulması yoluna gedir.

Yəni Qərb üçün Rusiya ötən əsrin 60-cı illərindən oynadığı “enerji sandığı” rolunu itirir. Bəs onda iqtisadi inkişaf üçün kapitalizmdə gərəkli olan ən başlıca nemət – enerjini, Rusiyanın malik olduğu əsas sərvəti, nədən Çinin bazarına yönəldir? Axı Çin Qərbin əsas rəqibidir. Fikrimcə, baş verənlər yalnız aysberqin görünən tərəfidir. Görünməyən tərəfi isə ondan ibarətdir ki, son 30 ildə aparılan siyasət elə Rusiyanın Qərbdən uzaqlaşdırılması idi. Rusiya artıq üzü Çinə deyil, Çinlədir. Çünki alternativ yolu qalmayıb. Elə isə Qərbin nəyinə lazımdır Rusiya-Çin ittifaqı?

Düşünürəm ki, Rusiya Çinlə əlaqələrini inkişaf etdirdikcə, Çinin içərilərinə yeridikcə... Çinin gələcəyi üçün real TORMOZLAYICI faktora çevriləcək. Unutmayaq ki, Qərb Sovet İttifaqını da uzunmüddətli dövrə hesablanmaş siyasəti ilə siyasi xəritədən yox edə bilmişdi. Ona görə də bütün bunlar necə baş verəcək, bunu zaman göstərəcək. 
Alternativ enerji. Martın 21-də isə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi – IRENA-nın təqdim etdiyi illik hesabatda isə bildirilir ki, 2022-ci ilin sonunda Yer kürəsində ümumi quraşdırılmış alternativ enerji mənbələrinin gücü 3372 QVt təşkil edib. İl ərzində bu güc 9,6% və ya rekord həddə 295 GVt artıb.

Müqayisə üçün: müasir atom elektrik stansiyasının enerji blokunun orta gücü adətən 1-1,4 GVt-dır. Bu hesabla ötən il dünyada istifadəyə verilən külək və günəş elektrik stansiyaları 200-dən çox atom elektrik stansiyası qədər elektrik enerjisi istehsal etmək gücünə malik olub.

Azərbaycandan Avropaya göndərilən hesab.  Bizə Qərbdən olan diqqət isə qazımıza görə artmaqdadır. Yola saldığımız həftə Avropa Statistika qurumu Azərbaycandan ötən il aldığı qazın dəyərini açıqlayıb. Məlumata görə, 2022-ci ildə Avropa İttifaqı ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15 milyard 598,8 milyon avro dəyərində təbii qaz idxal ediblər. 

Qeyd edilir ki, 2021-ci ildə Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyəri 3 milyard 892,2 milyon avro təşkil etmişdi. Bu baxımdan 2022-ci il ərzində Avropanın Azərbaycanda qaz tədarükü xərcləri 4 dəfə artıb.

Avrostat bildirir ki, Azərbaycandan alınan təbii qazın xərclərinin 85%-i İtaliyanın payına düşüb. 2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 13,2 milyard avro, Yunanıstan – 1 milyard 962 milyon avro, Bolqarıstan isə 383 milyon avro sərf edib.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumataına görə, 2022-ci ildə TAP kəməri ilə bu ölkəyə qaz nəqli 10 milyard 325 milyon kubmetr  təşkil edib. Elə bu məlumata əsasən dəqiq göstərmək olar ki, İtaliya bazarında Azərbaycan qazı ortalama 1000 kubmetri üçün 1283,66 avroya satılıb.  

Qeyd edim ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun da 12 milyard kubmetrə qədəri Avropaya nəql olunmalıdır.

Hazırda Azərbaycan Avropanın 4 ölkəsinə qaz ixrac edir və cari ilin sonunda beşinci ölkənin – Macarıstanın da bu siyahıya qoşulması gündəmdədir. 

Ötən il qazın qiymətlərinin yüksək olması və Azərbaycanın Avropa bazarında qaz satışını yüksək templə artırması bilirsinizmi ölkəmiz üçün hansı uğurlara yol açdı. 

Bahalı qazın dividendləri. İlk növbədə “Şahdəniz” kimi indiyə qədər Azərbaycanda həyata keçirilməmiş ən bahalı neft-qaz layihəsinin proqnozlaşdırıldığından xeyli əvvəl yatırılan kapitalın geri qaytarılması imkanları. Lap “Azəri-Çıraq-Günəşli” neft blokunun işlənməsində olduğu kimi. Qiymətlərin yüksək olması 2008-ci ildə bu layihə üzrə kapitalın tam geri qaytarılmasına şərait yaratdı və nəticədə Azərbaycan müqavilə şərtlərindəki ən yüksək mənfəət payını qazanmağa nail oldu. “Şahdəniz” üzrə həm ixrac həcmləri artdı, həm də qiymətlər. Demək, həm səhmdarlar daha yaxşı qazanc əldə edir, həm də Azərbaycan. 

Bu isə özünü ilk növbədə Azərbaycanın makroiqtisadi göstəricilərinin yaxşılaşdırılmasında göstərir. Baş nazir Əli Əsədov Novruz bayramı öncəsi parlamentdə hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı bəyan edib ki, Azərbaycanın valyuta ehtiyatları $5,3 milyard və ya 9,3% artaraq 62,5 milyard dollara çatıb. O, əlavə edib ki, 2022-ci ildə ölkənin xarici borcu $6,7 milyarda qədər və ya 9,5% azalıb və ÜDM-in 8,5%-ni təşkil edib. Əsədov vurğulayıb ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcu artıq 8 dəfə üstələyir.

Düzdür, Baş nazir valyuta ehtiyatlarımızın nəyin hesabına belə artdığını açıqlamayıb. Amma rəsmi açıqlanan statistika bunun əsasən məhz neft və qazdan əldə etdiyimiz gəlirlər hesabına baş veridyini ortaya qoyur. Təkcə Azəri-Çıraq-Günəşli layihəsi üzrə Neft Fonduna dövlətin payına düşən mənfəət 9 mlrd 889 mln dollar təşkil edib ki, bu da 65,7% artım deməkdir.

“Şahdəniz” layihəsi üzrə isə ilk dəfə 2022-ci ildə Neft Fonduna gələn daxilolmalar milyard dollar səviyyəsini keçərək 1 mlrd 443 mln-a çatıb. Qaz mənfəətimiz isə 63,1% olub. 

Qazdan bizə çatan mənffətin az olması Sizləri təəccübləndirməsin. Əvvəla, burada bir məsələ var ki, dövlət hələlik ona çatan mənffətin yalnız 30%-ni alır. Çünki xarici şirkətlər hələ 10 il öncə “Şahdəniz-2” layihəsinə kapital yatırmağa başlayıblar. Bu baxımdan hasilatın ilk dövrləri mənffətin də çox hissəsi onların payına düşür. Sonradan təbii ki, bütün xərclər ödənilən kimi əldə edilən mənfəətin 70%-i Azərbaycan dövlətinin payına düşəcək.

İkinci bir məqam isə ondan ibarətdir ki, Şahdənizdən Azərbaycanın daxili bazarı üçün ildə 4-4,5 mlrd kubmetr qaz alınır. Həmin qazın qiymətinin bir hissəsi dünya bazarında olan dəyərin təsirinə məruz qalır. Yəni deməyim budur ki, heç də “Azneft”in çıxartdığı qaz kimi ucuz  xammal deyil.

Onun dəyəri də ödənildikdən sonra Neft Fonduna gələn hissə dövlətin mənfəət qazı kimi rəsmiləşir. Bu baxımdan yaxın beşillikdə Azərbaycanın qaz gəlirlərinin neftdən olan qazancı üstələməsi heç də xülya deyil, reallıqdır. Bunun nə zaman baş verəcəyi isə daha çox bazardakı qiymətlərdən asılı olacaq. 

Bəli, hazırda bizim neftimizin azala azala irəliləməsi heç kəsə sirr deyil, və bu da ona görə baş verir ki, yataqlarımızın böyük əksəriyyəti ya özünün qocalıq dövrünü yaşayır, ya da işlənmənin daha mürəkkəb zamanına daxil olur. 
Neft-qaz statistikası. Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda 2023-cü ilin yanvar-fevral aylarında 5 milyon 113,3 min ton neft və kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,4% azdır. Buna baxmayaraq hesabat dövründə Azərbaycanda 4,2% artımla 8 milyard 8,5 milyon kubmetr qaz hasilatı qeydə alınıb. Qaz hasilatında əsas hərəkətverici qüvvə isə “Şahdəniz” yatağının ikinci mərhələsi üzrə əldə edilən nailiyyətlərdir. Layihənin operatoru olan bp şirkətinin proqnozlarına görə, bu il “Şahdəniz” yatağı üzrə hasilat özünün zirvə nöqtəsinə - illik 26 mlrd kubmetr səviyyəsinə çatmalıdır. 

Qazın artımı yaxşıdır. Amma onun energetika istifadə edilən hissəsi də artır. 

Suyun azalan enerjisi. Energetika nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 5.9% artaraq 5 mlrd 176.9 milyon kVtsaata qədər yüksəlib. Bütün elektrikin 96,6%-nin istehsalı istilik elektrik stansiyalarının payına düşüb. Su elektrik stansiyalarının istehsalda payı 2,35%-dək azalıb. Külək və günəşdən alınan elektrikin payı isə faktiki olaraq stabil qalıb - 0,34%. Balaxasnıdakı “Təmiz şəhər”də fəaliyyət göstərən Bərk Məişət Tullantılarının yandırılması zavodunun payına isə 0,71% düşüb.

Sonuncunun istehsal etdiyi elektrik enerjisinin həcmi faktiki olaraq külək və günəş turbinlərindən alınan enerjidən 2 dəfə çoxdur.    

Qeyd edim ki, Azərbaycanda 2010-cu ildə suyun enerjisindən alınan elektrikin enerji balansında xüsusi çəkisi 18,4%-ə qədər çatırdı. Həmin il hidroenergetiklərimiz 3,45 mlrd kVtsaat elektrik enerjisi istehsal etmişdilərsə, ötən il bu göstərici 1,59 mlrd kVt saata qədər azalıb. 

Bu baxımdan qlobal iqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması görün necə proqnoz edilməyən hadisələrə yol açır. Ona görə də ölkəmizdə enerjidən səmərəli istifadə inkişaf etmiş ölkələrdə olduğu kimi hər bir kəsin vətəndaşlıq borcuna çevrilməli, yaşıl texnologiyaların məişətdə və kiçik biznesdə əlçatanlığı isə hökumətin təxirəsalınmaz planlarında yer almalıdır. 

Paralel.az
Mənbə: Bizim.Media

0.013391017913818