Nəticə əldə eləmək üçün universitetlərdə elmi fəaliyyəti stimullaşdırmalıyıq -Professor

Nəticə əldə eləmək üçün universitetlərdə elmi fəaliyyəti stimullaşdırmalıyıq -Professor
 

Dünya universitetlərinin və elmi mərkəzlərinin reytinq cədvəlində Azərbaycan üzrə zəif göstəricilərin sosial şəbəkə və mətbuatda "Ali təhsil haqqında qanun"la eyni zamanda gündəmə gəlməsi vəziyyəti şərh etmək lüzumu yaradır. Bu statistika, təbii ki, təəssüf doğurur. Lakin hamı yaxşı anlamalıdir ki, bizdə "universitet elmi" anlayışı hazırda dünyada qəbul olunan elm deyil.

Bəlkə, ölkə rəhbərinin sərəncamına əsasən yaradılacaq elmi-tədqiqat laboratoriyaları və AMEA tərkibindən ETN-nə verilmiş sahə institutlarının universitetlərlə sintezi, inteqrasiyası növbəti mərhələlərdə bizə uğur qazandıra bilə. Yoxsa çılpaq divarlar və yazı taxtaları ilə biz yalnız təhsil haqqı hesabına büdcəsi formalaşan universitetlərdən elmdə yüksək reytinq göstəricisi istəyə bilmərik. İndiki məqamda hər şeyi əsasən iki amil həll edə bilər: "Ali təhsil haqqında qanun"da universitet elminə investisiya qoyuluşu mexanizminin təklifi və yaradılmasını gözlədiyimiz Elm və Ali Təhsil Agentliyinin məqsəd və funksiyalarının, fəaliyyət dairəsinin mövcud reallığa uyğun müəyyən olunması. Bu isə təbii ki, ölkənin ali qanunvericilik orqanında, onun Elm və təhsil komitəsində, təmsil olunmuş millət vəkillərinin də məsuliyyətidir. Universiteti normal təsərrüfat subyektinə çevirmədən, ona tam maliyyə sərbəstliyi vermədən, investisiya qoyuluşu eləmədən ondan yüksək elmi nailiyyət gözləmək yersizdi. Hələ texniki universitetlər, bazar iqtisadiyyatı, təsərrüfat, xidmət sahələri üçün mütəxəssis hazırlayan ali məktəblər üstün mövqedədilər... Aybaay yalnız maaş ödənişi üçün çarpışan humanitar və təhsil profilli universitetlerimiz də diqqət mərkəzinə gətirilməlidir. Buradakı vacib elmi-tədqiqat laboratoriyaları, tədris-mədəniyyət mərkəzləri üçün də maliyyə mənbələri müəyyən edilməlidir. Göstərilən "Qanun", Agentliyin əsasnaməsi, ilk növbədə, bu məsələləri prioritet istiqamət kimi nəzərdə tutmalıdır. Adambaşına maliyyələşməyə keçid zamanı elmi strukturların maliyyə resurslarının kəsilməsi öz neqativ nəticəsini göstərməkdədir.

Biz o ölkədən, bu ölkədən calaq etməklə, reallığa söykənməyən eksperimentlər, layihələr icra etməklə qeyri-müəyyən vəziyyətə düşmüşük. Əgər qonşu Türkiyə öz ali təhsil sistemini Avropa və Amerika təhsil modelləri, ölkənin təhsil təcrübəsi üzərində qura bilibsə, biz niyə təkmil təhsil qanunvericilik bazası barədə düşünmürük. Axı bizim təhsil bazamız daha möhkəm idi! Bu qanun layihələrinin müzakirəsi uzandıqca, təhsil müəssisələrinin geriləməsi də davam etmirmi? Ölkə konstitusiyası ilə yanaşı qoyula biləcək "Təhsil qanunu"na və ondan törəmə qanunlara biz statik qanunvericilik aktları kimi yanaşmamalıyıq. Cəmiyyətin günbəgün inkişafı, ən yeni çağırışlara cavabdehlik məhz onun icra və gözlənilmə səviyyəsindən asılıdır. Müfafiq icra orqanında təhsil qanunvericilik aktlarının dinamikliyinə və icrasına kompleks şəkildə nəzarətlə bağlı mükəmməl struktur olmalıdır. Şükürlər olsun ki, indi burada hüquqşünaslar üstünlük təşkil edir... Təkcə ETN və DİM-in cari fəaliyyətinin uzlaşdırılması mexanizminin olmaması tədris müəssisələri, təhsilalanlar və təhsil- erənlər üçün çoxlu problemlər yaratdığının fərqindəyikmi?..

Telman Cəfərov, Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim

"Paralel.az"

0.019537925720215