Yasamal faciənin bir addımlığında! - Rəsmi qurumlar isə əhəmiyyət vermir
Tanınmış ekspert problemə aydınlıq gətirdi
Qardaş Türkiyədə baş verən və bütün Türk dünyasını ağladan faciəvi zəlzələnin yaratdığı fəsadlar Azərbaycanda da inşaat işlərinə yenidən ciddi yanaşılması zərurətini ortaya qoydu.
Bu məsələ ekspertlər və Azərbaycanda inşaat işləri aparan şirkətlər tərəfindən geniş şəkildə müzakirə olundu.
Elə bu günlərdə "Kristal Abşeron" şirkətinin inşa etdiyi binaların əyilməsi faktı da məsələnin nə qədər problematik olmasından xəbər verir. Amma görünür ki, aidiyyatı qurumlar hələ də müşahidəçi mövqeyindədir. Amma ekspertlər həyəcan təbili çalaraq rəsmi qurumları hərəkətə keçməyə çağırır.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakının ən sıx məskunlaşma ünvanlarından olan Yeni Yasamaldan foto paylaşaraq, əslində üz-üzə qaldığımız reallığın hansı əhəmiyyətdə faciəvi olmasını diqqətə çatdırıb.
E. Fərzəliyev bu fotonu aşağıdakı kimi şərh edib: "Bura Yeni Yasamalın kiçik bir hissəsidir. Tikinti şirkətləri üçün, necə deyərlər yaşayış poliqonu. Allah zəlzələdən, yanğından, dağıntıdan və bütün növ fəlakətlərdən qorusun. Hər binada böyük bir kəndin əhalisi yaşıyır".
Binada yaşaşan sakinlər məsələyə aydınlıq gətirirlər ki, rayon ərazisində baş verən qanunsuz tikintilərə Yasamal RİH nəzarət etməlidir. Amma qanunsuz tikintilərə də rəvac verən əsas dövlət orqanı da elə Yasamal RİH-in başçısı Elşad Həsənov "Kristal Abşeron" MTK-nı himayə edən şəriklərdən biridir.
Əslində özbaşına şəraitdə inşa edilmiş bu binalarda insanların həyatı açıq risk altındadır. Elə bunu şərh edən sosial şəbəkə istifadəçiləri də eyni qənaətdədirlər.
Onlardan biri yazır: (Xəzər Fətdayev) "Yeni Yasamala baxanda adama elə gəlir ki, ya Azərbaycanda memarlıq və İnşaat Universiteti yoxdur, ya da Bakıda şəhərsalma və arxitektura komitəsi..."
Bəli, məsələ məhz bu qədər faciəvidir. Hər halda, Allah uzaq eləsin... hansısa formada bu binaların etibarlı olduğuna cəmiyyəti inandırıb, özünü hazırki məsuliyyətdən yayındıranlar da anlamalıdır ki, bu gün bu binaların halına ağlamasaq, sabah analarımız ağlar qalacaq...
Ona görə də təcili olaraq rəsmi qurumların müdaxiləsi vacib hesab olunur...
Ən azından Yeni Yasamalda tikilən hündür mərtəbəli binalarda kütləvi təftiş aparılmasına ciddi zərurəti yaranıb.
Paralel.az