Təhsil terroru necə olur? - Naşılıq, tamahkarlıq və məsuliyyətsizlik nəticəsində...

Təhsil terroru necə olur? - Naşılıq, tamahkarlıq və məsuliyyətsizlik nəticəsində...
 

Dos. İlham Əhmədov

Bir vaxtlar Türkiyədə  Prof. Mustafa  ZülküfAltanın Egitim terroru”  adlı çox maraqlı kitabı dərc edilmişdi. Düzü bu kitabı görəndə mövzu mənə qəribə gəldi. Fikirləşdim ki, təhsil hara, terror hara? Amma atalar yaxşı deyib, gülmə qonşuna, gələr başına.  Son illər təhsildə baş verənləri müşahidə edəndə, təhlil edəndə təhsil terrorunun necə baş verdiyini anlaya bilərik. Bu ən təhlükəli və strateji terrordur. Dövlət strateji obyektlərin terrordan qorunması üçün daim təhlükəsizlik tədbirləri təşkil edir, amma ən strateji sahə olan, milli təhlükəsizliyin əsasını təşkil edən təhsil sisteminin  təhlükəsizliyi deyəsən diqqətdən kənardaqalıb.

Proseslər göstərir ki, əsl terror təhsil sistemində baş verir. Gənc nəslin təhsil sistemində baş verən mənfi yönlü mənəvi, intellektual, fiziki təsirlərə məruz qalması terror deyil, bəs nədir? Fikir verirsinizmi, gənc nəsil kompleks mənfi təsirlərə məruz qalır. “Qara qızıl kapitalını insan kapitalına çevirmək”  beləmi olmalı idi?

Təhsildəki neqativ hallar son illər xüsusən çoxalıb. Bunun səbəbi nədir? Bizcə bunun əsas 3 səbəbi var: naşılıq, tamahkarlıq və məsuliyyətsizlik. Naşılıq, tamahkarlıq və məsuliyyətsizlik kimi rəzilliklərin biri kifayətdir ki, istənilən təhsil sistemi çöksün. Təəssüf ki, bizim təhsil sistemində bu 3 rəzillik illərdir kompleks halda təsir edir, bu isə sinergetik effekt yaradır, daha dağıdıcı təsir göstərir.

Dünya təhsilində baş verən sürətli inkişaf zəminində, milli təhsilimizdə baş verənləri müşahidə etmək çox üzücüdür. Axı, “təhsil millətin gələcəyidir”.

Son illər təhsildə nə baş verdi ki, bu qədər mənfi hallar yarandı və kütləvi xarakter aldı? Səbəblər çoxdur, hamısını təhlil etməyə çox  vaxt lazımdır, yəqin ki, gələcəkdə bu rəzilliklər dərindən təhlil ediləcək. Bu səbəblərin bəziləri zaman- zaman mətbuatda yazılıb. Biz bu yazıda üzdə olan bəzi məqamlara toxunacağıq.

Təhsilin ənənəvi olaraq 3 funksiyası var. Təlim, tərbiyə və inkişaf. Bu gün təhsil sistemimiz bu funksiyaların heç birini normal icra edə bilmir. Məktəbdə ciddi problemlərdən biri də tərbiyə işinin axsamasıdır.  Repetitorluğun kütləviləşməsi, dərslərə davamiyyətin pozulması v.s. tərbiyə işinin səmərəsini yox edib.  

Müəllimi davamlı olaraq gözdən salınan, gündə bir bəhanə ilə  müxtəlif imtahanlara cəlb edilən, stressdə saxlanılan, məsxərə obyekti olan, təhsil məmuru, “məktəblinin dostu”, məktəb direktoru, tərbiyəsiz şagirdlərin yanında heç bir haqqı və hüququ tanınmayan, bir sözlə müəllim olmasına peşman edilən insanların şagirdləri belə olmalı idi. Müəllimlərə qarşı olan sistematik hücumlar təbii ki, təsadüfi deyil.

"İslahatçı menecerlərin" gözləntisinə uyğun olaraq şagirdlər tərbiyəsizliyin yeni, “innovativnövlərini yaradaraq cəmiyyəti "heyrətləndirirlər". Xaotik hala salınmış təhsil sistemi, TV, KİV artıq uşaqların həyat ideallarını dağıtmışdır, milli dəyərlərdən tam ayrı salmışdır. Oğlanlar kriminal liderlərə, qızlar efirlərdə özünü reklam edən şou biznes qadınlarına oxşamaq istəyirlər. Tələbələrin kriminal aləmin liderlərinə rəğbəti nə deməkdir?

Təhsildəki vəziyyətin ağırlığı hamını, o cümlədən parlament üzvlərini də narahat edir. Hər dəfə gündəlikdə təhsil dair məsələlər olanda ciddi tənqidlər eşidirik.  MM-də  Hökumətin hesabat iclasında millət vəkili Zahid Orucun çıxışı maraqlı idi: 2022-ci ilin hesabatını qəbul edərkən ölkə prezidentinin bəyan etdiyi "21-ci əsrin tələbləri ilə çalışan yeni elita" quruculuğu və şəffaf idarəçilik əsas meyar olmalıdır. Keçmişdə baş verən məmur cinayətləri, nazirlərin həbsi, büdcəyə, dövlətə və rəhbərə xəyanətlərin aradan qaldırılmasının yeganə yolu tələbənin təhsil aldığı universitetin, şagirdin oxuduğu məktəbin, uşağın dil açdığı bağçanın büdcəsi, rayonun təhsil xərcləri, ölkə boyu həyata keçirilən layihələrinin dəyəri haqda hər gün insanımıza məlumat verməkdir. Bu, hökumətin vəzifəsidir. Lakin media və vətəndaşlarda aşkarlığa laqeyidliyin səbəbləri var”.

Bu iradların bəziləri haqqında fikir bildirmək istəyirəm.  

1. Millət vəkilinin sadaladığı büdcə talançılığı və xərclərinin qeyri şəffaflığı kimi əsasən təhsil sistemini qeyd etməsi təsadüfi deyil. Təhsil sistemi ölkə tarixində ən böyük büdcəsinə çatıb, amma təhsilin keyfiyyətində və digər göstəricilərdə heç bir fərq, inkişaf hiss olunmur. Deməli ya həddən artıq naşıdırlar ya da yüksək mənimsəmələr var. Bəlkə də, hər ikisi var. Nə qədər ki, təhsil xərclərində şəffaflıq olmayacaq, bu pullar ciblərə axacaq.

2. "21-ci əsrin tələbləri ilə çalışan yeni elita" quruculuğunda vəziyyət ETN-də çox biabrçı haldadır. Mürəkkəb və dinamik sahə olan təhsil sistemini dünyanın indiki sürətli inkişaf mərhələsində naşı adamlardan ibarət komanda necə irəli apara bilər? İşsiz Mühasib və hüquqşünaslar ittifaqı təhsilə nə verə bilər?

Bunlar deyəsən nə qanunları, nə dövləti, nə onun rəhbərliyini saymırlar.

3. "Keçmişdə baş verən məmur cinayətləri, nazirlərin həbsi, büdcəyə, dövlətə və rəhbərə xəyanətlər ..." təəssüf ki, hələ də davam edir.

4. “ media və vətəndaşlarda aşkarlığa laqeyidliyinsəbəbləri var”. Bəzi media və vətəndaşlarda aşkarlığa laqeyidlik isə  bəzi dövlət qurumlarının heç  bir təklifə, tənqidə  qarşı tam biganəliyi ilə əlaqədardır.  Amma bu saymazlıqdan yox, daha çox qeyri peşəkarlıqdan yaranır. Çünki, çox böyük qisim öz yerində deyil.

Sonra da nazir deyir ki, xalq hökumətdən narazıdır, mən nə edim? Xalq hökumətdən yox, yerində olmayan təsadüfi məmurlardan narazıdır.

Cəmiyyət  21-ci əsrin tələbləri ilə çalışan yeni elitagözlədiyi halda, naşılıq, tamahkarlıq məsuliyyətsizliyin sinergetikasının şahidi oluruq.

Paralel.az

0.021505117416382