“Böyük qayıdış”ın kiçik köçləri: damcılar nə zaman selə çevriləcək?

“Böyük qayıdış”ın kiçik köçləri: damcılar nə zaman selə çevriləcək?
 

Qalib Toğrul:
Bugün Tərtərin işğaldan azad olunmuş Talış kəndinə 20 ailə köçürülüb. Konkret tarix verilməsə də deyilir ki, ikinci mərhələdə daha 158 ailə köçürüləcək. Rəsmi məlumat aşağı-yuxarı bu qədərdir.

Mövzunu mən davam etdirim. Talış kəndinin əhalisi 2020-ci ildə 626 nəfər (139 ailə) olub, hökumətin proqnozuna görə, 2040-ci ildə 760 nəfər (169 ailə) olacaq. Kəndin mövcud məskunlaşma ərazisi 124.71 hektar, ehtiyat ərazisi 12.60 hektardır, inkişaf ərazisi yoxdur. Hökumətin hazırladığı plana görə, kənddə uşaq bağçası, məktəb, tibb məntəqəsi, icra nümayəndəliyi, poçt və polis məntəqəsi nəzərdə tutulur. Talış kəndində ağıllı evlər olmayacaq, ancaq əsasən yaşıl enerjidən istifadə olunacaq. Hər halda belə planlaşdırılır.

Yollara gəlincə, ərazidəki Tərtər ‒ Çaylı ‒ Suqovuşan ‒ Talış avtomobil yolu artıq çəklilib. Binası 2021-ci ildə qoyulan Talış–Tapqaraqoyunlu–Qaşaltı sanatoriyası (Naftalan) avtomiobil yolunun tikintisinin 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulsa da, bu mümkün olmayıb.Yolun uzunluğu 22 km-dir və Tərtər rayonu Talış məntəqəsindən başlayır, Tapqaraqoyunludan keçərək Qaşaltı kəndinə kimi uzanır. Hər iki yolun tikintisini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

Bugünkü köçlə birlikdə 2020-ci ildən 16 mart 2023-cü ilədək işğaldan azad olunmuş ərazilərə köçürülən ailələrin sayı 96-ya çatıb. Prezident martın 13-də Berlində alman şirkətləri ilə görüşdə deyib ki, 400-dən çox məcburi köçkün artıq Qarabağda məskunlaşdırılıb. 

Hökumətin proqramında 2025-ci ilin sonunadək 10 270 ailənin, 2026-cı ilin sonunadək isə 34 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi hədəf kimi qoyulub. 2020-ci ilin statistikasına inansaq, işğaldan azad olunmuş ərazilərdə qeydiyyatda təqribən 660 min məcburi köçkün var, onların 2040-cı ilədək geri qaytarılması planlaşdırılır. Hazırkı bölgü ilə işğaldan azad olunmuş ərazilərdə qeydiyyatda olan əhalinin 30%-i şəhər, 70%-i isə kənd əhalisidir. Məskunlaşmadan sonra bu nisbət dəyişə bilər, çünki bəzi kəndlərin şəhərlərə birləşdirilməsi gözlənilir.

Paralel.az

0.015960931777954