TISBAĞA AXİLLESƏ ÇATA BİLƏRMİ?

TISBAĞA AXİLLESƏ ÇATA BİLƏRMİ?
 

Dos. İlham Əhmədov yazır:

Milli Universitetlərimizin "universitetlərin qlobal reytinq cədvəlləri"ndə ənənəvi olaraq aşağı yerlər tutmasına cəmiyyət olaraq biz artıq çoxdan adət etmişik. Bu vəziyyətlə barışmışıq da. Durumun dəyişdirilməsinin çox çətin (bəlkə də qeyri mümkün) olduğu qənaətinə gəlmişik.
Biz bu mövziya ilk dəfə 2008-ci ildə müraciət etmişdik. O vaxt bu mövzuda geniş araşdırma aparmış və ilk 10.000 universitetin sırasında yerimizin olmadığını müəyyən etmişik. Bu mövzuda o illər silsilə məqalələr yazmışdıq. Həmin əməqalələr ölkədə bu mövzuda ilk yazılar idi. Təəssüf ki, son 15 ildə nazirlik bu problemin real həlli üçün real heç nə etmədi. Universitetlər isə, öz daxili potensialı ilə bu geriliyi heç vaxt aradan qaldıra bilməzdilər.

Dünən MM-də "Ali təhsil haqqında" qanunun müzakirəsi zamanı da universitetlərin reytinqləri məsləsinə toxunuldu və deyildi ki, bizim geri qalmağımızın səbəbi zəifliyimiz deyil, digər universitetlərin sürətlə inkişaf etmələridir. Məncə əsas səbəb məhz zəifliyimizdir. Çünki, kimin zəif ya kimin güclü olması müqayisə əsasında bilinir. Bu müqayisədə istənilən parametr üzrə biz Avropa Universitetlərindən geridəyik. Bəlkə təmir tikinti məsələsində eyni səviyyədə olarıq.
Bəs universitetlərimizin zəifliyinin səbəbləri nədir? ETN deyir ki, TOP -500 reytinqində bizim universitetlər ona görə yoxdur ki, bizim ATM konkret istiqamətlər üzrə ixtisaslaşıb, universal-çoxprofilli universitetlərimiz azdır, yoxsa Bakı Slavyan Universiteti o sırada olardı. Fikir verin ki, nazir geriliyin səbəbini nədə görür? Bu yanaşma ilə biz 100 il sonra da bu geriliyi dəf edə bilmərik.

Həqiqətən də Avropa universitetləri kosmik sürətlə irəlilədikləri halda, bizim universitetlər sanki, piyada gedirlər. O universitetlərin 1 aylıq inkişafına biz illərlə vaxt sərf edirik. Səbəblər haqqında çox yazmış, çox danışmışıq. Amma aidiyyatı qurumların dəyirmanı öz işindədir yenə də. "Molla aş görəndə Quran yaddan çıxdığı" kimi, 4 qat böyümüş təhsil büdcəsi də universitetlərin problemlərini ETN -nin, təhsil məmurlarının yaddaşından tam silib deyəsən.

İki fərqli sürətlə hərəkət edən universitetlərin inkişaf dinamikasının müqayisəsi "Axilles və tısbağa" adlı məhşur paradoks yadıma saldı. Bu paradoksa görə əfsanəvi qəhrəman Axilles tısbağa ilə qaçış yarışına çıxmaq qərarına gəlir və qaçır, qaçır amma tısbağaya çata bilmir. Bizim universitetlərin inkişafı ilə əlaqəli müqayisə aparsaq, bu halda tısbağa Axillesin ardınca qaçır. Təbii ki, tısbağa çox yavaş gedir, Axilles isə sürətlə qaçır və tısbağa heç vaxt axillesə çata bilmir, bilməyəcək də. Onların arasında olan məsafə zaman keçdikcə sürətlə artacaq, bizim universitetlərlə Avropa universitetləri arasındakı məsafə kimi. Çıxış yolu isə sürətimizi artırmaq, vektorumuzu müəyyənləşdirmək, zəruri maliyyə yatırımı etmək və ən əsası - Avropalılar kimi "işi iş bilənə tapşırmaq" lazımdır.

 

0.01820707321167