Həllini gözləyən problemlər - dos.İlham Əhmədov

Həllini gözləyən problemlər - dos.İlham Əhmədov
 



​​​​​​Elm və təhsil sahəsində hələ də ciddi problemlərimiz var. Elm və Təhsil  Nazirliyinin yaranması ictimaiyyətdə müəyyən ümid yaratsa da, müvafiq fərmandan sonra keçən 9 ay ərzində heç bir irəliləyiş hiss edilməyib.

Nazirliyin fəaliyyətsizliyi və səriştəsizliyi göstərir ki, bu problemlərin yaxın illərdə həll edilmə şansı çox azdır. Çünki bu komandanın gündəliyində problemləri həll etmək, inkişafa nail olmaq kimi məsələlər, deyəsən, yoxdur. Sanki problemlərin çoxundan heç xəbərləri yoxdur, necə həll edə bilərlər bu problemləri? Problemlər nəzərlərinə çatdırılanda da heç həll etmirlər, çünki problemləri həll etməyə elmi-pedaqoji potensialları çatışmır.

Məlumdur ki, elm universitetlərdə inkişaf edə bilər. Bizim universitetlərdə elmin inkişafı üçün nazirlik son illər nə etdi? Universitetlərin pablik hüquqi şəxsə (PHŞ) çevrilməsində məqsəd nə idi, bu universitetlərə nə perspektivlər vəd edir, bu addım özünü doğruldurmu?

Əvvəllər universitetlər büdcəsinin 90%-ni əmək haqqı fonduna yönəldirdi. PHŞ olandan sonra isə büdcənin 80%-i əmək haqqı fonduna gedir. Bu isə artan qiymətlər fonunda universitet əməkdaşlarının maaşlarını və saathesabı dərslərin ödənişlərini Nazirlər Kabinetinin təsdiq etdiyi normativlər əsasında ödəməyə daha kifayət etmir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə düşünür? Universitetlər normal əməkhaqqı fondunu formalaşdıra bilməsələr də, nazirlik özünün təsis etdiyi fonda universitetlərin pul köçürmələrini tələb edir. Universitetlərin çoxu bu fonda 1-1,5 milyon manat arası köçürməli olub. Halbuki, nazirliyin universitetlərə heç bir real dəstəyi olmayıb. Bu pula universitetlər öz daxili imkanları ilə bəzi elm və təhsil yönümlü layihələr icra edə bilərdi.

Digər ölkələrin təhsil nazirlikləri universitetlərə ildə yüzlərlə qrant və milyonlarla pul verdiyi halda, bizimkilər universitetlərdən pul istəyirlər. 4, 5 milyard manat təhsil büdcəsi görəsən, bəs eləmir bunlara?

Gənc nazir bu vəzifəyə təzə təyin edildikdə, şəffaflıqdan, problemlər haqqında müzakirələr aparmaqdan ağız dolusu danışırdı. 3 il ərzində mövcud problemlərlə əlaqəli yüzlərlə təkilflər verilib. Bunlardan hansına reaksiya verilib?

Elm və təhsili olmayan ölkənin nə perspektivi ola bilər? Real vəziyyət göstərir ki, bu sahədə idarəetməyə peşəkar və qanunlara hörmət edən insanlar cəlb edilməsə, ayrılan büdcə nə qədər artsa da, heç bir irəliləyiş olmayacaq.

Bu il müstəqillik illərində heç vaxt olmadığı qədər təhsilə maliyyə ayrılıb, niyə onun xərclənməsi (daha doğrusu israfı) barədə ictimaiyyətə şəffaf hesabat verilmir? Ölkə prezidentinin ictimai nəzarət barədə tələbləri bu nazirliyə aid deyilmi?
Suallar çox, cavablarsa yox. Vaxt isə gözləmir...

Paralel.az

0.022742033004761