Zəlzələlər və inqilablar - II yazı

Zəlzələlər və inqilablar - II yazı
 

Qalib ARİF:
Məntiqi təhlil
Düşünürəm ki, inqilabları da zəlzələlərlə müqayisə etmək olar, hər ikisi insanlıq üçün böyük təhlükədir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, inqilablar da müharibələr kimi, təbii fəlakət deyil, insan əli ilə yaradılan insani fəlakətdir. Deməli, zəlzələlərdən fərqli olaraq, inqilabların da qarşısını almaq olar və lazımdır. Sadəcə olaraq, inqilablardan əvvəl cəmiyyətdə müşahidə olunan “forşoklar”ı (narazılıqları) izləmək və vaxtında qabaqlayıcı tədbirlər görmək lazımdır. Tarix göstərir ki, müharibələr kimi, inqilabların da qarşısını almaq onların nəticələrini aradan qaldırmaqdan qat-qat asandır. 

Məlum olduğu kimi, dünyada zəlzələ təhlükəsi olan və olmayan ərazilər və ölkələr mövcuddur. Birincilər seysmik aktiv, ikincilər passiv zonalar hesab edilir. Məsələn, dağ əmələ gəlmə proseslərinin hələ getdiyi Qafqaz ərazisi aktiv, bu proseslərin bitdiyi Ural passiv seysmik zonalardır. Bundan başqa, Yer qabığının tektonik plitələrinin qovşağında yerləşən ərazilər və ölkələr (Yaponiya, Türkiyə, Kaliforniya və s.) vardır ki, bunlar da seysmik aktiv zonalardır. Amma heç kim bu zonalrda nə vaxt zəlzələ baş verəcəyini bilmir. Elmi-geoloji dillə desək, bu zonalarda seysmik enerji toplanır və bu prosesi izləmək olur, amma müdaxilə etmək, eneji “qazanı”nın nə vaxt dolacağını və daşacağını bilmək olmur. 

Dünyada zəlzələ təhlükəsi olduğu kimi, inqilab təhlükəsi olan ərazilər və ölkələr də vardır. Məlum olduğu kimi, müasir dünya dəyərlərlə və maraqlarla idarə olunur. Dəyərlər dedikdə, haqq-ədalət, bərabərlik və azadlıq başa düşülür. Qərbdə bunlara Xristian dəyərləri, Şərqdə isə İslam dəyərləri deyilir, əslində isə, bunlar ümumi-bəşəri dəyərlərdir. Deməli, ölkələr dəyərlərlə idarə olunursa, hakimiyyətlə cəmiyyət arasında maraqların kompromisi mümkün olur və bu ölkələrdə inqilab təhlükəsi olmur. Yox, əgər ölkələr maraqlarla, xüsusən də şəxsi maraqlarla idarə olunursa, hakimiyyətlə cəmiyyət arasında kompromis yox, qarşıdurma yaranır və bu ölkələrdə inqilab təhlükəsi real olur. Məsələn, müasir Avropa, ABŞ, Yaponiya və s. inqilab təhlükəsi olmayan ərazilərdir, çünki hakimiyyətlə cəmiyyət arasında müəyyən kompromis əldə edilmişdir. Afrika, Ərəbistan, Rusiya, Çin kimi ərazilərdə isə, inqilab təhlükəsi realdır, çünki hakimiyyətlə cəmiyyət “stabil” qarşıdurmadadır. 

Deməli, seysmik təhlükəli ərazilərdə zəlzələ enerjisinin toplandığı kim, inqilabi təhlükəli ərazilərdə və ölkələrdə də inqilab enerjisi toplanır. Zəlzələlərdən əvvəl təbiətdə "forşoklar" müşahidə olunduğu kimi, inqilablardan da əvvəl cəmiyyətdə "forşoklar" - narazılıqlar müşahidə olunur. Doğrudur, birinci halda insan prosesə müdaxilə etmək, qarşısını almaq imkanı xaricindədir. Amma 2-ci halda, hakimiyyət müdrik və uzaqgörəndirsə, bu prosesə müdaxilə edə, hər dəfə “forşoklar” hiss edilən kimi, cəmiyyətlə müəyyən kompromis əldə edə, yəni inqilab enerjisini buraxa bilər. Hər bir ölkədə bunun üçün müxtəlif siyasi, iqtisadi, ictimai alətlər mövcuddur. Məsələn, ədalətli seçkilər keçirilə bilər, inhisarçılıq aradan qaldırıla, rəqabət mühiti yaradıla bilər, yeni iş yerləri açıla, vergilər və qiymətlər azaldıla, maaşlar artırıla bilər... 

Tarix göstərdi ki, bu alətlərdən imtina edən, yalnız kosmetik dəyişikliklər edən, bununla da hakimiyyət-cəmiyyət qarşıdurmasını dərinləşdirən SSRİ dağıldı, amma bu alətlərdən qismən istifadə edən, iqtisadiyyatda liberal islahatlara gedən, hakimiyyət-cəmiyyət kompromisi əldə edən Çin hələ də ayaqdadır və dünya iqtisadiyyatının ilk sıralarındadır. Bəli, seçim həmişə vardır, ancaq siyasi uzaqgörənlik və iradə lazımdır...
Paralel.az

0.083338975906372