Zəlzələlər və müharibələr - I yazı
Qalib ARİF:
Məntiqi təhlil
Məlum olduğu kimi, zəlzələlər və müharibələr - hər ikisi fəlakətdir, dəhşətli fəlakətdir. Zəlzələlər təbiətin əli ilə törədulən təbii, müharibələr insan əli ilə törədilən insani fəlakətdir. Birincilər təbiətdə, ikincilər cəmiyyətdə böyük faciələrə, kataklizmlərə səbəb olur. Amma bu fəlakətlərin fərqli cəhətləri olduğu kimi, bəzi oxşar cəhətləri də var. Hazırkı qeydlərin də məqsədi bu məqamları araşdırmaq və aydınlaşdırmaqdır...
Deməli, zəlzələlər bir qayda olaraq, saniyələrlə, bəzən dəqiqələrlə davam edir. Zəlzələlərdən əvvəl saatlarla, bəzən günlərlə "forşok"lar (zəlzələdən əvvəlki titrəmələr) müşahidə erilir. Zəlzələdən sonra isə "aftaşok" lar (zəlzələdən sonrakı titrəmələr) davam edir, arabir günlərlə çəkir. Yeri gəlmişkən, zəlzələlərin proqnozlaşdırılması da "forşoklar"ın izlənilməsinə və qeyd edilməsinə əsaslanır. Amma burda 100 faizlik zəmanət yoxdur, nəticə əllinin əlliyədir. Yəni forşakların yalnız yarısı zəlzələ ilə nəticələnir, yarısı isə, türkün sözü boş verir... "Aftaşok"larla da vəziyyət belədir, bəzən yenidən zəlzələ baş verir...
Məsələn, Çində keçən əsrin sonlarında 100 mindən çox əhalisi olan şəhərlərin biri ətrafında forşoklar qeyd olunur və şəhərin əhalisi təcili evakuasiya olunur. Güclü zəlzələ qeydə alınır və 10 minlərlə insan salamat qalır. Bundan bir neçə il sonra əhalisi iki dəfə çox olan başqa bir şəhərdə forşoklar baş verir və əhali evakuasiya edilir. Amma heç bir zəlzələ baş vermir və milyonlarla dövlət vəsaiti hədər xərclənir…
Və keçək mətləbə... Müharibələr də zəlzələlər kimidir, əvvəl "forşok"lar baş verir, sonra "aftaşok" lar gəlir. Müharibələrin proqnozlaşdırılması da bir qayda olaraq, "forşok"ların izlənilməsinə və qeyd edilməsinə əsaslanır. Məsələn, Qarabağ Müharibəsindən əvvəl “forşok"lar hardasa 2016-cı il Aprel toqquşmasından başlayaraq, 4 il çəkdi. Amma Ermənistan tərəfi nəticə çıxara, müharibəni proqnozlaşdıra bilmədi, işğal altında olan Azərbaycan torpaqlarını sülh yolu ilə qaytarmaq istəmədi. Nəticədə müharibə və erməni faciəsi qaçılmaz oldu. Ermənilər məğlub oldular, hətta dövlətçiliyi itirmək təhlükəsi qarşısında qaldılar. Ermənistanda bu gün də ixtişaşlar davam edir, hətta vaxtından əvvəl keçirilən parlament seçkiləri də bunun qarşısını ala bilmədi. Bu, məğlub müharibədən sonrakı “aftaşok”ların göstəricisidir…
Hazırda Azərbaycanda da qalib müharibədədən sonrakı titrəmələr - "aftaşok"lar davam edir. Ərazilərin minalardan təmizlənməsi, kommunikasiya xətlərinin çəkilməsi, social layihələrin həyata keçirilməsi və s… Bunun nə qədər çəkəcəyi məlum deyil, 1 il də, 5 il də çəkə bilər. Azərbaycanda 30 il elindən, obasından torpağından ayrı düşmüş məcburi köçkünlər də "aftaşok"ları dəyərləndirə bilmir, səbirsizlik nümayiş etdirir, konkret nəticələri bu gün, ya sabah gözləyir… İnsanların azad olunmuş torpaqlarda minaya düşməsi, faciələrin baş verməsi də bunun nəticəsidir.
II Qarabağ müharibəsində qələbədən sonra oyundankənar vəziyyətə düşən radikal müxalifət də fürsətdən istifadə etmək, hətta qələbəni ləkələmək yolu ilə gündəmə gəlmək istəyir. Amma zaman öz sözünü deyəcək, müharibənin "aftaşok"ları seyrələcək, hər şey öz qaydasına düşəcək. Xankəndində Azərbaycan bayrağı yellənəcək, Azərbaycan manatı işləyəcək...
Bəli, müharibələr də zəlzələlər kimidir, "aftaşok"ları dəyərləndirməmək, "forşok"ları dəyərləndirə bilməmək qədər böyük faciədir...
Paralel.az