Nə qədər ki, xəzinədar ədalətsizdir
Çöhrələrdəki gülüşə həsrət qalacağıq!
Deyirlər dünyanın ən xoşbəxt, ən gülərüz insanları İrlandiyada yaşayırlar. Səbəbini müxtəlif fikirlərlə izah edirlər...
Məsələn, uzun illər müharibə şəraitində yaşadığı İngiltərə ilə qonşu olmasına, tez-tez vikinq basqınlarına məruz qalmasına, həmçinin təcrid olunmuş bölgə olmasına baxmayaraq, İrlandiya xalqı heç zaman üzlərindəki xəfif təbəssümü əksiltmədilər. Yaşlı nəsldən olanlar bunu Allahın onlara lütfü kimi dəyərləndirirlər. Yaşlıların çox zaman qəmgin, həyata küskün, zəif və əsəbi olduğu haqda yürüdülən fikir və düşüncələri irlandiyalılar əsla qəbul etmirlər.
Son statistikaya görə, əhalisi 4 239 848 nəfər, ərazisi isə 70 208,67 km olan bu dövlətin iki rəsmi dili, irland və ingilis dilləri olsa da, burda yaşayan xalq öz mədəniyyətini qoruya bilib. Bizdən fərqli olaraq hara baxsan hər yerdə irlandca yazıların olması, özünəməxsus memarlıq nümunələri, hətta evlərin küçəyə açılan qapılarının belə, rəngarəng olması, milli xörəkləri və çoxsaylı içki növləri onların öz keçmişlərinə dərin sevgi ilə yanaşdıqlarının, onu yaşatdıqlarının sübutudur desək, yəqin ki yanılmarıq.
Qısası gülərüzlü, xoşbəxt insanların məskunlaşdığı bu məmləkəti gedib görsəniz təsdiq edərsiniz ki, İrlandiya həm gəzməli, həm də bir ömür yaşamalı dövlətdir ki, bu haqda daha çox şeylər yazmaq olar, amma bugünkü söhbətimizin səmti başqadı. Bunları sadəcə ona görə xatırlatdım ki, “Cənnət görmək istəyən, Azərbaycana gəlsin” deyimi reallığı heç zaman əks etdirmədi. Ən azı biz görmədik, bəlkə bundan sonraki nəsillər görər, onu da artıq zaman göstərəcək.
İstər bölgələrimizdə, istərsə də paytaxt Bakıda yaşayan doğma, yad tanıdığım, görüb rastlaşdığım insanların çöhrələrindən sanki eyni biçimdə aqressiya, təlaş, ümüdsüzlük, yorğun, solğun, bezgin baxışlar boylanır. Hamısı eyni biçimdə, inamsız, soyuq, küskün və boz rəngdə. Yəni insanların ictimai nəqliyyatda gedib-gələn, küçədə var-gəl edən, toya tələsik gəlib, tələsik yeyib çıxan, uşağını məktəbə qaça-qaçla aparıb-gətirən qismindən danışıram. Lüks arabalarda gəzənləri demirəm, onların üzlərini görmürəm ki, barələrində fikir də yürüdəm, hərəkətdə olan arabaları idarə edənlərə baxmaq kimi vərdişimin olmadığından.
Əslində bu xoşgörülü məsələ barədə həmişə düşünürəm. Elə yuxarıda irlandiyalıları misal gətirməyimin də səbəbi budur.
Doğrudu, daim sağdan-soldan, zaman-zaman düşmən kəsilənlərin hiylələrinə məruz qalmışıq, bunu unutmuruq, amma misal gətirdiyim o xalq da bizdən az yaşamayıb belə zülümləri. Yəni tarixə nəzər salsaq görərik ki, onlara da qənim kəsilənlərin insanlığa sığmayan ən ağır işgəncələrini görüblər, yaşayıblar. Amma buna rəğmən tarixdən silinmiş xalqlardan olmayıblar, varlıqlarını qorumağı bacarıblar. Bir sözlə, keçmişini unutmadan xoşbəxt yaşamağı yaxşı öyrəniblər, bizdən fərqli olaraq.
Dünən bu barədəki suallarıma cavab tapmaq üçün küçədə, dükan-bazarlarda əhalinin müxtəlif təbəqələrinə aid insanları gördükcə fürsəti qaçırmayıb söhbət etdim. On adamdan səkkizinin üzündə kədərin qoyduğu dərin izlər, qəm-qüssədən yaranan qırışlar varıydı ki, hər birindən bir əsər yaranardı, qələmə alan olsaydı. Niyə, hansı səbəbdən bu qədər kədərli göründüklərini soruşdum. Məni maraqlandıran sualların cavabı sizlərdədi, dərdinizi mənə anladın, dedim. Yoxsulluqdan solmuş biri (adını çəkməyimə razı olmadı) məni bir xeyli lal baxışlarıyla süzdükdən sonra, axır ki, kimliyimi soruşdu. Barəmdə hərtərəfli məlumat alandan sonra dedi: “ Niyə belə olduğumu deməyimin mənası yoxdu, çünki bu sual vaxtında verilsəydi cavabı da vaxtında alardınız, artıq çox gecdi. Amma bir şeydə hələ gec qalmamısan, baxıram yaşına, hələ öyrənməyə zamanın var kimi görünür. Nə qədər ki, gec deyil, mənim vəziyyətimə düşənlərin sayı çox olmasın deyə düşünürəm tövsiyyələrimin sizlərə xeyiri ola bilər. Özüm çox gec anladım bunları, o zaman ki, ardınca ümidlə baxdığım qatar çoxdan keçmişdi, çata bilmədim, heç olmasa siz gecikməyin, dinləyin.
Bu həyatın bir çox qaydaları var:
- Xoşbəxt olmaq istəyirsənsə xəyallarının, arzularının ardınca get. Getməzsən bu səni ömrün boyu düşündürər, sakit buraxmaz;
- Çox sayda dostun olsun deyə uğraşma, yanında olanların qiymətini bil, ən dəyərli varlıqların ailəndir, onlarla çox vaxt keçirməyə çalış;
-Dünyanın acı çəkəcək, yıxıla biləcək məqamları da var, belə anlarda yanında kimlərin olacağını yaxşı düşün. Kaş ki, deməməkçün zamanını dəyərləndir. Ətrafındakı insanlar hər an xəta edə bilərlər, amma sən mütləq bağışlayan tərəfdə ol, belə etsən qazanan sən olacaqsan;
-Həyat çox zaman istədiklərini verməyəcək, lakin yenə də ürəyindən keçənləri ona pıçılda, nə zamansa istəklərin mütləq gerçəkləşəcək;
- Özünü tənqid etmədən, mahiyyətini dərk edə bilməzsən.
Sevdiyi, ya da sevildiyi insana sayğı duymayanlar, o üzüldüyü zaman da qayğı duymazlar. Hansı ki, o üzüldüyündə sənin də kədərlənməyin bir roman yazmış qədər dərin anlam ifadə edər. Çünki duyğuları bu qədər həssaslaşdıran və insanları bir-birlərinə yaxınlaşdıran onların sözləri deyil, hərəkətləridi;
-Dünyanın fani, əməllərinin qalıcı olduğunu düşün, necə ki, hansı şəkildə öləcəyinə zəmanət verə bilmirsən, eləcə də boş şeylərin ardınca da səfil olma. Çünki bir gün sonsuzluq səfərinə çıxmaq vaxtı yetişəndə, nə gətirdin deyə əməl dəftərinə baxacaqlar. O dəftərə nə yazıldığı isə sənin iradənə bağlıdı;
“Mən insanları və cinləri mənə ibadət etsinlər deyə yaratdım”, deyən Uca Allahın istəklərinə uyğun şəkildə həyatını yaşa ki, heybən daim dolu olsun;
-Bəzən qələbəlik yerdə olsan belə, yalnız qalıb ağlamaq istərsən, bəzən də doğma saydıqlarına sığınmaq istərsən səni anlamazlar. Dediyim budur ki, insanlar yalnız olduqları üçün deyil, yanlış qəlblərdə müsafir olduqları üçün xoşbəxt deyillər. Ona görə də nə dəyərini bilməyənlərin dükanının önündə əyləş, nə də səni anlamayanların ağır enerji və auralarıyla uğraşma. Dünya həyatı çox gözəl bir səhnədir, çıx rolunu doğru oyna;
-İnsanın qəlbində sevgi varsa aldatmaz və ağlatmaz. Çünki aldatmaq insan şərəfinə, ağlatmaqsa insan ürəyinə edilmiş ən hiyləgər hücumdu;
-Kaprizli insanlar iyrənc kompekslərini insanları tapdalayaraq həyata keçirirlər ki, öz yüksəlişlərinə çatsınlar. Amma bilməzlər ki, həyat başqalarına etdiklərilə onları imtahan edənədək peşlərini buraxmaz;
-Məqam sahibi olmaq üçün Sənə badalaq atanların həndəvərinə bir daha yaxınlaşma ki, fürsət düşən kimi yenidə tələ qurmasınlar;
-İnsanlar daim axtarışdadılar, tərk edilməyəcəkləri sevgini, xəyanətə uğramayacağı dostluğu və yaşamadıqları xoşbəxtliyi axtarırlar. Tapa bilməyəndə də öz aləmlərinə çəkilib, yalnızlaşırlar. Amma çox gec anlayırlar ki, yalnız qalmaq pis deyil, üstünlükdü;
-Dostumdu, gec qalsam da məndən inciməz dediklərinizə gec olmadan sarılın, səmimiyyətinizdən sui-istifadə edənlərdən isə uzaq durun;
-Həyat yalnız beşikdən məzara qədərki müddətdən ibarət deyil, sevgini, hörməti, vəfa və şəfqəti, mərhəmət və gülümsəməni itirdiyin, unutduğun hər gün ölümdür, anlayana. Bu gözəl duyğuları itirmədən həyatı yaşarsan, o zaman qarşılaşdığın əngəlləri rahat aşarsan. Amma həyatın mənasını anlamadan yaşarsan, onda həyat səni qarşısıalınmaz sel kimi vurub uçurar;
-Hər kəs nə gəldi danışar, kimsə dinləyim deməz. Hamı arada guya susurmuş hiyləsi edər ki, mühakimə edən toplum bax, bunlardan, bu hiyləgərlərdən ibarətdir. Bəli, bizlər qarşımızdakını dinləmədən, anlamadan yarğılayıb cəzalandırmağa meyilliyik;
-Ən xoşbəxt insanlar səlahiyyət sahibi olmasalar da belə, arada körpü qurmağa çalışanlardı. Körpü qurmaq “Məni eşidirsənmi?”-demək deyil, “Səni eşidirəm” deməkdi. Ona görə də divarları hörmədən qarşıya diqqətlə baxın. Bunları bacaranlardı ən xoşbəxt insanlar;
-Üç tip insana, 1)soyu bəlli olmayana, 2) yolu bəlli olmayana, 3) huyu bəlli olmayana inanma. Soyu bəlli olmayanın kökü, yolu bəlli olmayanın hədəfi, huyu bəlli olmayanın xarakteri zəyifdir.
Bu dərsləri həyat mənə çox gec, hər şeyi itirəndən sonra, ailə vəziyyətimizin ağırlığı məni sıxıb bitirdikdən sonra, həyat yoldaşımın uzun müddət yataqda qalmasının çaşqınlığı və heç bir yerdən gəlirimiz olmadan dilənçi kökündəki yaşayışımdan usandıqdan sonra, əlillik almağımızın yolu rüşvətdən keçdiyini anladığımda, özümdən hər mənada aşağı insanların xidmətçisi kimi çalışanda, insan kimi normal yaşamaqdan məhrum olduğumda öyrətdi. O zaman ki, artıq unutmuşdum gülüşü, təbəssümü. Sən gülərdinmi bu dediklərimi yaşasaydın?”.
Cavab verə bilmədim.
Bu insanları çətin və dözülməz duruma salanların, çöhrələrini gülüşə həsrət qoyanların, ölkədəki hər yeri, dükan-bazarlarından tutmuş digər xidmət obyektlərinə qədər zəbt edən asiləri düşünürdüm, dinlədikcə.
Və nədənsə sovet ideoloqlarının təbliğ etdikləri “Çörək olsa, mahnı da olar" şüarını xatırladım.
Deyəsən indi anlayıram həmin o məşhur şüarın hakim olduğu dövrü yaşadığımı. Hər kəsin normal qidalana bilmədiyi, insanca yaşamaq arzusunda olduğu zamanda üzlərdən gülüş ifadəsinin niyə qeyb olduğunu yenidən anladım. Çox təəssüf ki, burda hamı ölkənin yalnız uğurlarından danışmağa adət ediblər. “Goreşənləri” önə verib xalqa məxsus olanları talayırlar, xalqa isə şişin ucunda verirlər yavan əppəyi. Ehtiyacdan çəkdiyimiz əzabları görməzdən gəlirlər, Fironlar kimi. Firavan həyat deyəndə özlərinin, xalq deyəndə isə qohun-əqrabalarının həyat tərzini ifadə edirlər. Ufacıq təbəssümə həsrət qalan kasıb insanlar haqqında təsəvvürləri belə, yoxdur, zalımların. Çöhrələrdəki kədər və aqressiya ölkədə pul yığmaq oyunu olduğu sürəcdə çəkilməyəcək, bunlar əsəbi, həyəcanlı, gərgin mühitin məhsuludur. Nə qədər ki, xəzinə quldur əlindədi, çətin ki, gülək. Amma yenə də hər şeyə rəğmən gülümsəyək, lap elə süni də olsa, şair demişkən, "Nə qədər yaraşır insana gülmək!"