"İt günündə" olan hüquqlarımız

 

"Bu gün-sabah Formula 1 başlayacaq, bəs onda neyləyəcəksiniz?"

Tomas Ceffersonun hələ 18-ci əsrdə qələmə aldığı sonradan ABŞ Konstitusiyasına əlavə edilmiş İnsan Haqları Bəyannaməsində insan haqları iki hissəyə bölünür - ilkin (doğal) vətəndaş hüquqları. İnsan vətəndaş hüququ bir vətəndaş olaraq qeydiyyata alındıqdan, yəni rəsmən həddibuluq yaşına çatdiqdan sonra qazanır.

Məsələn, nigah hüququ, seçki hüquqları, sürücü olmaq hüququ s. hüquqlar insana ölkədə rəsmən qəbul edilmiş həddibuluq yaşına çatdıqdan sonra verilir. Ona görə bu hüquqlar vətəndaş hüququ adlanır çoxsayli dünya ölkələrində bu hüquqlar kobud şəkildə pozulur. O cümlədən, Azərbaycanda da bu hüquqlar çox vandal şəkildə zorlanır. Məsələn, Azərbaycan Konstitusiyasına görə vətəndaşın seçki, azad toplaşmaq, azad söz demək hüququ var. Lakin seçki, sərbəst toplaşmaq, media s. haqqında qanunlar çərçivə qanunu olan Konstitusiyanı pozaraq, onun çərçivəsindən kənara çıxaraq bir sıra vətəndaş hüquqlarını məhdudlaşdırır. Tutaq ki, vətəndaşlar toplaşaraq nəyəsə etiraz etmək istəyirsə, hökumət qanunla deyir ki, bu barədə kimlərəsə xəbər verməlisən. Reallıqda isə icra hakimiyyətindən icazə almaği tələb edir. Halbuki Anayasada yazılıb ki, vətəndaşın azad toplaşmaq hüququ var. Əgər vətəndaş dövlət orqanından icazə almalıdırsa, deməli, məntiqlə həmin orqanın buna icazə verməmək hüququ yaranır. Hər hansı bir hüququn icrasına hansısa dövlət orqanı qadağa qoya bilirsə, artıq bu o hüququn azad olmadığına dəlalət edir. Ya hökumət Konstitusiyada bu hüququn qarşısından "azad", "sərbəst" sozlərini silməlidir, ya da hüquqa azdlıq verməlidir. Yəni onun heç kim tərəfindən qadağan edilə bilməməsini təmin etməlidir. Lakin Azərbaycan hökuməti bunun heç birini etmir - Konstitusiya ilə beynəlxalq təşkilatları aldadır, çərçivə qanununun çərçivəsindən çıxan qanunlarla isə vətəndaş hüquqlarını qeyri-qanuni olaraq məhdudlaşdırır. Bu hələ pozulan hüquqlarımızın ən betəri deyil, yuxarıda qeyd etdiyim kimi, bu baxımdan bizə tay olan kifayət qədər dünya ölkəsi var. Lakin doğal insan haqlarına münasibətdə dünya çoxdan dəyişib. Dünyanın kifayət qədər krallıqları var. Krallıqlarda ümumiyyətlə,  vətəndaşın seçki hüququ Anayasada da təsbit edilməyib. Amma vətəndaşın doğal hüquqları yüksək səviyyədə qorunur. Nədi ilkin (doğal) insan haqları? O haqlar elə hüquqları əhatə edir ki, insan ona doğulduğu andan sahiblənib. Azərbaycan hökuməti bütün strukturları ilə məhz ölkə əhalisinin doğal hüquqlarını pozmağa artıq vərdiş edib. Biz ən sadə hüquqdan söhbət açmaq istəyirik - ölkədə sərbəst hərəkət etmək hüququmuz var bunu qanunla heç kim bizə qadağan edə bilməz! Bu artıq seçki hüququ deyil ki, kiminsə prezident ya deputat olmasını əngəlləmək təhlükəsi yaratsın. Bütün seçkili təyinatlı vəzifələr görəvlər sizin olsun, bizim sərbəst hərəkət etmək hüququmuzu özümüzə qaytarın! Bu hüquq hardasa ucqar bir dağ kəndində pozulsaydı (hərçənd ki, hökumətin orada da bu hüququ pozmağa ixtiyarı yoxdur!), bundan heç kimin xəbəri olmazdı. Heç o qədər nəzərə çarpmazdı, çünki kəndlərimizdə kifayət qədər alternativ yollar var. Bir yolu bağlasan, kənd sakinləri başqa yolla hərəkət edəcək. Dərd burasındadır ki, insanların sərbəst hərəkət etmək hüququ ölkənin paytaxtında pozulur. Şəhərdə harasa getmək istəyərkən bir görürsən əli dubinkali yol polisi Ərəbzəngi kimi yolu bağlayaraq məğrur dayandırıb. Polisin çoxu yolda dayanaraq, sükan arxasında əsəbindən dil-didağını gəmirən sürücülərin bu halından həzz alır, gülümsəyərək, utanmadan sual da verirlər - "noolub?".

Belə ki, ötən həftənin çərşənbə günündən başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti heç bir alternativ yol təklif etmədən Nobel prospektində qazıntı-təmir işlərinə başladı. Yeni Salyan Yolu istiqamətindən şəhərə gələn nəqliyyat vasitələri saatlarla "Şeytan çarxı"nın yanında gözləmək məcburiyyətində qaldılar. Bu biabırçılıq  beş gün davam etdi. Hər gün səhər saat 8.00-dan 10.00-a qədər, axşam isə saat 17.00-dan 19.00-a qədər yol polisi həmin yerdə hərəkəti tamamilə dayandırdı. Yol polisi tərəfindən yaradılmıs süni tıxacın uzunluğu beş kilometrdən çox idi.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirdilər ki, məsələdən xəbərimiz var, amma bizdən asıli olan problem deyil. Bakı Şəhər Dövlət Yol Polisindən isə bildirdilər ki, yol Bakı Şəhər İcra Hakimiyyətinin tələbi ilə bağlanıb, Nobel prospektindəFormula 1 ilə əlaqədar olaraq yol təmir edilir. Biz deyəndə ki, axı bu doğal insan hüququdur, niyə əhalinin sərbəst hərəkət hüququnu pozursunuz, "guya bizi sayan, sözümüzü eşidən var?" cavabını aldım. Bu cavabın çox dərin mənası var. Yəni hökumət rəhbərliyi özünün təyin etdiyi peşəkar menecerlərin belə, mövqeyinə məhəl qoymur, ölkə "mağara qanunları" ilə idarə edilir.

Ondan da maraqlı cavab Bakı Şəhər İcra Hakimiyyətindən gəldi - "Neyləyək, bəs yolu təmir etməyək? Bu gün-sabahFormula 1 başlayacaq, bəs onda neyləyəcəksiniz?" Özünü təqdim etməyən, məlahətli səslə məlahətsiz ifadələr izhar edən xanıma dedik ki, bizim sizə verəcəyimiz sualı üçün siz bizə verirsiniz? Bu dövlət tədbiridir, hamı buna dəstək verməlidir, bir-iki aylıq çətinlikdir, hamımız dözməliyik” - deyə, adının həsrətində qaldığimız xanım telefonu qapatdı.

Çox maraqlıdır - "bu dövlət tədbiridir"! Belə bir sual yaranır, dövlət kimdir üçündür? Dövlət bütün əhali, sərhədlər, ərazi,  hökumətdən s. qarışıq, biz birlikdə dövlət adlanırıq. Biz vətəndaş hüquqlarımızın bir hissəsini dövlətə tabe etmişik ki, o bizi cəmiyyət olaraq qorusun, digər hüquqlarımızın təminatına zəmanət versin. Elə isə vətəndaşın ən sadə doğal hüquqlarını (bu faktdan sərbəst hərəkət etmək hüququ) pozan bir tədbir (Formula 1) dövlət tədbiri ola bilərmi? Əlbəttə, ola bilməz. Bunun üçün dövlət vətəndaşdan əlavə mandat almalıdır - bu tədbiri keçirə bilərəmmi, bilərəmsə, harda keçirə bilərəm? Çünki bu tədbiri keçirmək dövlətə ya hökumətə vətəndaşın verdiyi mandata daxil deyil. Vətəndaş hüquqlarının bir hissəsi dövlətə verilməyib ki, onun köməyi ilə vətəndaşın digər hüquqlarını pozsun ya məhdudlasdırsın! Bu hüquqlar sənə ona görə verməyib ki, bir sürü harın avropalının xobbisini reallaşdırmaq üçün paytaxtın mərkəzi küçələrini iflic vəziyyətə salasan.

Hər il bu tədbirin Bakı şəhərinin mərkəzində keçrilməsi ölçüyəgəlməz hüquq pozuntusudur vaxtsa buna fərman verənlər cavab verməli olacaqlar.

Yeri gəlmişkən, bir məsələni vurğulayım ki, Formula 1”-i paytaxtın mərkəzində keçirməklə həm bizim doğal insan hüquqlarımızı pozurlar, həm dövlətin atributlarından biri olan, Dövlət Bayrağımızı ralli küçələrinə həkk edib, onu tötemi "sirk şiri" olan anqlosaksonlara taptaladırlar. Binəva Ərdoğan yerdən Türk Bayrağı yığmaqdan yoruldu, o, bayrağın müqəddəsliyini bizimkilərə, anqlosaksonlara başa şala bilmir. Amma deyəsən pandemiyadan sonra bizimkilərin ağlı başına gəlib. Keçən il deyəsən asfalta bayraq həkk etməmişdilər. Bu da ingilis pilotlarının xətrinə dəymişdi.

Məlumat üçun qeyd edim ki, bu il BakıdaFormula 1 Qrant Prisi aprel ayının 30-da keçiriləcək. Odur ki, tezliklə paytaxt sakinlərinin məhrumiyyətləri başlayacaq. Elə bu yol təmiri Bakıda ekstrimal hərəkət mövsümünün başlanğıcını qoydu. Beş gün yol təmir etdilər, indi yavaş-yavaş küçələrimiziFormula 1 ləvazimatları ilə "bəzəməyə" başlayıblar.

Sonda qeyd edim ki, artıq Azərbaycan dövlətini idarə edən hökumət çoxdan vətəndaş hüquqlarını ayaqlar altında taptalamaga vərdiş edib. Bu vərdişi ona kim unutdurmalıdır, kim onu bu hüquqlara hörmətlə yanaşmağa məcbur etməlidir? Bu sualın cavabını biz - huquqlarının bir hissəsini dövlətə təslim etməklə onu gücləndirən vətəndaşlar  tapmalıyıq!

 

0.11357498168945