Rusiya ilə münasibət yeni mərhələdə
Lavrovun ölkəmizə səfəri zərurətin nəticəsidir
Rusiyanın forpostu, oyuncaq Ermənistanın Rusiyaya qarşı dönük çıxması Rusiyanı Azərbaycanla daha sıx əməkdaşlığa məcbur edir. Rusiya iki yüz ildə çox zülm etdiyi Azərbaycanla hazırda isti münasibət qurmaq zorundadır. Nikol Paşinyanın Qərbin dəstəyilə hakimiyyətə gəlməsi və Ermənistanı Rusiyanın nəzarətindən çıxarıb Qərbə doğru çəkməsi Rusiyanı Cənubi Qafqaz siyasətində düzəliş etməyə sövq edir .
Rusiya XİN rəhbəri S. Lovrovun fevralın son günlərində Azərbaycana səfərini Rusiya ilə Azərbaycan arasında imzalanmış strateji müttəfiqlik sazişinin ildönümü ilə bağlı olduğu elan edilsə də, səfər zamanı əsas mü-zakirə mövzusu iki ölkə arasında münasibətlərin inkişafı, Rusiyanın Ermənistana və Azərbaycana perspektiv münasibəti daha əhatəli yer tutdu.
Avropa İttifaqının iki yüz nəfər kontingentinin fevralın 20-də Ermənistana gətirilməsi Rusiya ilə Ermənistan arasında münasibətləri gərginləşdirib və dramatik yön alıb.
Lavrov-Əliyev görüşünün təfərrüatı ictimaiyyətə tam açıqlanmasa da, görüşdə Rusiya ilə Azərbaycanın daha da yaxınlaşması Ermənistanın isə təkləndiyi qənaətinə gəlmək olar. Lavrovun Bakıya səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə gedən 1 saatlıq müzakirədən sonra yalnız bu nəticəyə gəlmək olar.
Ermənistanın Avropa İttifaqı müşahidəçilərini dəvət etməsi təbii olaraq, Rusiyanı Azərbaycanla yaxınlaşmağa məcbur edir. Hər iki dövlət arasında mövcud olan siyasətə yeni redaktələr edilir.
Dünyada indiyədək Rusiyanın forpostu kimi tanınan Ermənistan ondan imtina edir, Ermənistan vasitəsilə Qərb Cənubi Qafqaz regionuna girir, bu isə, onu göstərir ki, Rusiya Ermənistanla münasibətlərin üzərindən xətt çəkməyə doğru gedir.
Cənubi Qafqaz regionunda vəziyyətin ağır olduğu bəllidir. Ermənistanın və Azərbaycanın hansı siyasət apardıqlarını Rusiya yaxşı başa düşür. Rusiyanın müdaxiləsilə düşmən olan hər iki dövlət Qərbə inteqrasiya etməyə can atır. İlham Əliyev əsasən, Ermənistanın düşmənçiliyinə qarşı siyasət aparır, Ermənistan həm Azərbaycanın, həm də Rusiyanın əleyhinə gedir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra, artıq ikinci dəfə Rusiya və Azərbaycanın regional təhlükəsizlik maraqları üst-üstə düşür. Təsadüfi deyil ki, İlham Əliyev Lavrovla görüşdə dedi ki, 2023-cü ilin sülhə doğru dönüş ili olacağını, siyasi dialoq, nəqliyyat, ticarət və digər sahələrdə ciddi qarşılıqlı addımlara ümid etdiyini ifadə etdi. Müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamənin 1 illiyini təsadüfi olaraq yada salmadı.
İlham Əliyevlə görüşdə S. Lavrov Putinin adından belə bir ifadə işlətdi ki, Azərbaycanla Rusiya həm də qlobal əhəmiyyətli meqalayihələri müzakirə edir, hər ikimizin dostları da bu layihələrə maraq göstərir. Bu, Azərbaycan və Rusiyanın lider ölkələr olaraq iştirak etdikləri regionun perspektivlərini göstərir.
Hər iki ölkə rəhbərlərinin ifadələrindən aydın göründüyü kimi, regionun perspektiv inkişafında Ermənistan daha nəzərə alınmır.
Ehtimal etmək olar ki, Qarabağ problemlərinin həllində Rusiya öz siyasətini bundan sonra daha çox Azərbaycanla əlaqəli quracaq. Kreml fərqindədir ki, hazırda Paşinyan Fransa əsgərlərini Ermənistana gətirdisə, gələcəkdə Qarabağa, Xankəndinə gətirməyə cəhd edəcək.
Hər iki ölkə rəhbərliyi, xüsusən Ukrayna üzərindən Qərblə müharibə aparan Rusiya hazırda Azərbaycanla regional siyasətin daha ciddi, sıx əlaqəli şəkildə yerinə yetirilməsinə ciddi ehtiyac olduğunu hiss edir...
Ukrayna ilə müharibə şəraitində Azərbaycanın Rusiya ilə strateji əməkdaşlığının Qərb dövlətləri tərəfindən pis qarşılandığı çoxdan məlumdur. Lakin Qərb dövlətləri regionda ağalıq edən Rusiyaya qarşı Azərbaycanın aqressivlik nümayiş etdirməsinin ölkəmiz üçün mənfi nəticələr verəcəyini də nəzərə alırlar. Yaxud hələlik Rusiyanın nəzarətindən çıxıb, Azərbaycan Qərbə inteqrasiyaya can atdığına görə, ölkəmizlə münasibətləri kəskinləşdirməyi vacib saymırlar.
Bu isə, o demək deyil ki, Qərb ölkələri Azərbaycan hakimiyyətini siyasi fəaliyyət baxımından normal ölkə kimi qəbul edir. Qərbin bütün ictimai-siyasi təşkilatlarının hesabat və bəyanatlarına nəzər yetirsək, Azərbaycan dövlətinin avtoritar rejim tərəfindən idarə olduğu, insan hüquq və azadlıqlarının, demokratiyanın boğulduğu, azad söz və müstəqil medianın inkişafına imkan verməyən ölkələr sırasına daxil edildiyini gö-rürük.
Münasibətlərdən aydın görü-nür ki, Qərb dövlətlərinin hazırkı hədəfi dünya avtokratiyasının dayaqlarından olan Rusiyadır. Ukrayna-Rusiya müharibəsində birinciyə hər cür dəstək verən Qərb dövlətlərinin məqsədi Avroasiyanın yarısından çoxunu istismar edən Rusiyanı çökdürməkdə qərarlıdır.
Rusiya çökdükdən sonra isə, regionda baş verəcək dəyişikliklərin Azərbaycanı da əhatə edəcəyinə heç kim şübhə etmir.
Azərbaycanın hazırkı durumu nəfəsi kəsilməkdə olan əjdahanın ağzından qurtulmaq istəyən canlının durumu ilə eyniyyət təşkil edir. Rusiyanın çöküşü, digər region ölkələrilə yanaşı, Azərbaycanın da azad və müstəqil dövlət kimi inkişaf etməsinə təkan verəcəkdir.