Ekspert Qalib Toğrul: "Çalışıb qısa yazacam"

Ekspert Qalib Toğrul:
 



"Azərbaycan hökuməti qərar verib ki, Qarabağda torpaq islahatı keçirməzdən öncə İsrailin və Türkiyənin təcrübələrini öyrənsin. Çox güman ki, Türkiyədəki zəlzələni nəzərə alaraq kənd təsərrüfatı naziri İnam Kərimov ilk səfərini İsrailə edib, hazırda orada təcrübə öyrənməklə məşğuldur."

"Paralel.az" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qalib Toğrul öz "Facebook" səhifəsində paylaşıb.

O, qeyd edib ki, təcrübə öyrənmək üçün çox uğursuz ölkələr seçilib. "İsraildə torpaq islahatı 2009-cu ildə keçirilib. İslahat kənd təsərrüfatı torpaqlarını əhatə etməyib, həyətyanı torpaqların və daşınmaz əmlak altındakı icarədə olan torpaqların şəxsi mülkiyyətə verilməsini nəzərdə tutub. Məqsəd evlərin qiymətinin aşağı salınması, torpaqların idarə olunması ilə bağlı dövlət xərclərinin və bürokratik əngəllərin azaldılması olub. Bu gün İsraildə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi vur-tut 450 min hektardır, onun təxminən 160 min hektarı suvarılır. Müqayisə üçün deyim ki, bu gün Azərbaycanda təkcə “Agro Dairy”nin əkdiyi torpaqlar 100 min hektara yaxındır. İsaildə torpaqların cəmi 7%-i özəl sektordadır. Bu gün İsraildə hansısa uğurlu torpaq islahatından danışmaq yersizdir. Bu ölkənin kənd təsərrüfatı möcüzəsinin səbəbi yeni bitki sortlarının yetişdirilməsi, suvarmanın innovativ sistemlərinin və qabaqcıl texnologiyanın tətbiqidir."

Ekspert Türkiyədəki torpaq islahatlarına da toxunaraq qeyd edib ki, bu ölkədə torpaq islahatına iki dəfə cəhd olunub. "İkisi də uğursuzluqla nəticələnib, ikincidə CHP hətta hakimiyyəti Adnan Menderesə təhvil verməyə məcbur olub, yəni torpaq isalahatı keçirib, torpaqları ağalardan alıb yoxsul kəndlilərə vermək cəhdinin bədəlini ağır ödəyib, çünki Menderes də böyük torpaq sahələri olan ağa idi.
İkincisi, hökumət, Kənd Təsərrüfatı Nazirliyinin dili ilə torpaq islahatı nəticəsində kiçik torpaq sahələrinin yaranmasını I torpaq islahatının naqis tərəfi kimi təqdim edir. Halbuki, kənd təsərrüfatı az-çox inkişaf eləmiş ölkələrin təcrübəsi göstərir ki, bu sektor kiçik və orta fermerlərin çiynində dayanır. İnkişaf eləmiş ölkələrdə hökumətlər bizimkilərin xoşuna gəlməyəcək əks taktika işlədir, torpaqların bir neçə əldə cəmləşməsinin qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edir.

Məsələn, bu şəkildə: bir şəxsin 100 ha-dan (Rumıniya), 300 ha-dan (Macarıstan), 500 ha-dan (Polşa) çox torpaq sahəsi əldə etməsinə qadağa qoyur. Və yaxud digər bir tənzimləmə aləti: pay torpaqları satıla bilməz, yalnız icarəyə vermək mümkündür."

Qalib Toğrul Dünya Bankının ekspertlərinin və tanınmış tədqiqqatçı alimlərin araşdırmalarını da misal gətirərək qeyd edib ki, torpaqların bir neçə əldə cəmləşməsi iqtisadi inkişafı zəiflədir və kənd yerlərində yoxsulluğu artırır.
"Kənd təsərrüfatı sahəsində böyük təsərrüfatlar yalnız o zaman iqtisadiyyata pozitiv töhfə verir ki, dəqiq və ədalətli işləyən dövlət institutları mülkiyyət hüququnun qorunmasını təmin etsinlər və torpaqlardan təyinatına uyğun istifadə olunmasına ciddi nəzarəti həyata keçirsinlər. Eyni zamanda, kiçik və orta fermerlərin də böyüklər kimi ucuz maliyyə mənbələrinə və texnologiyalara rahat çıxışı olsun.

Torpaq islahatının keçirilməsi o zaman uğurlu sayılır ki, torpaqların kənd yerlərində yaşayanlar arasında bəarabər və ədalətli bölgüsü həyata keçirilsin, torpaqların kimlərinsə əlində cəmlənməsinə imkan verilməsin."

Və nəhayət, bu günədək aparılmış araşdırmalardan gəldiyi qənatə görə iqtisadçı ekspert bildirib ki, torpaqların inhisarçıların, məmurların əlində cəmləşməsi səviyyəsi ilə ölkədəki demokratiyanın səviyyəsi arasında tərs mütənasib əlaqə var."

0.013092041015625