Təhsil eksperti : "Düzgün planlaşdırılma və proqnozlaşdırılmanın aparılmaması..."

Təhsil eksperti :
 

"Bu il, 2023-cü ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 min abituriyentin qəbulu proqnozlaşdırılır."

"Paralel.az" xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində paylaşıb.

O qeyd edib ki, ali məktəblərə 2024-cü ildə 63 000, 2025-ci ildə 68 000 və 2026-cı ildə isə 74 min tələbənin qəbul olacağı gözlənilir.

"Bizim orta məktəbləri 82-85 min şagird bitirir. Onların heç də hamısı ali məktəblərə qəbul imtahanlarında iştirak etmir.
Həmçinin orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə və xarici ölkələrin universitetlərinə qəbul olan şagirdlərimiz də var."

Ekspertin sözlərinə görə, düzgün planlaşdırılma və proqnozlaşdırılmanın aparılmaması ali təhsil müəssisələrinə mənfi təsir göstərir.

"Belə ki, onlar tədris ili üçün müəyyən olunmuş plan yerlərini doldurmayanda iqtisadi zərər çəkirlər.

Başqa bir məsələ: 2011- cu ildə ali məktəblərin plan yeri 30 min idi, 12 il sonra isə 60 min proqnozlaşdırılıb.
Bu 12 ildə nə qədər yeni universitet açılıb və ya nə qədər yeni universitet binaları tikilib ki, 100 faiz artımı qəbul edə bilirlər?

Hal-hazırda universitetlərin ərazisi, infrastrukturu normativ hüquqi aktlara görə bu qədər tələbəni qəbul etməyə uyğun deyil.

Həmçinin, bu qədər tələbəyə dərs deyəcək elmi dərəcəli müəllim kontingenti də yoxdur.

Bir vacib məqam var ki, I və IV ixtisas qrupu üzrə plan yerləri daha çox boş qalır. Hətta bu ixtisas qruplarında bəzi ixtisaslara 200 və daha aşağı balla dövlət sifarişi əsasında (pulsuz) qəbul olmaq olur.

Düşünürəm ki, kəmiyyəti qaldırılmaq hesabına keyfiyyəti aşağı salmaq olmaz- deyə, ekspert bildirib. 

"Paralel.az"

0.016189098358154