Təhsil zəlzələləri daha dağıdıcıdır

Təhsil zəlzələləri daha dağıdıcıdır
 
 
İlham Əhmadov: 

Hər bir görülən iş keyfiyyətli olmalıdır. Keyfiyyətsiz işi görməkdənsə heç görməmək daha yaxşıdır. Hər bir işin keyfiyyəti isə icraçıdan çox, idarəedicilərdən, menecerlərdən, onların yaratdığı keyfiyyətin idarəetmə sistemindən asılıdır. Bunlar isə qeyri peşəkar olanda, işə qoyulan pul da, itirilən zaman da səmərəsiz olur.

Menecerlər bu halda öz qeyri peşəkarlığını gizlətmək üçün keyfiyyətsiz işə görə özlərini yox, icraçıları günahlandırır, onları mütəmadi imtahan, attestasiya, sertifikasiya edirlər. Vaxt qazanırlar ki, əsas "missiyalarını" tam yerinə yetirə bilsinlər. Günahı boynundan atmaq üçün hamını günahkar bilirlər, yalnız özlərindən başqa.

Öz qeyri peşəkarlığını etraf etmirlər, düşünürlər ki, müxtəlif təmtəraqlı tədbir və çıxışlarla, şoularla, pokazuxa ilə real vəziyyəti ört basdır edəcəyik. Amma vaxt keçsə də, heç nə dəyişmir. Keyfiyyətsiz iş yenə davam edir. Çünki, qeyri peşəkar idarəcilər əsl səbəbi tapa bilmirlər. Peşəkarla qeyri peşəkarların fərqi burda üzə çıxır.

Türkiyədə tikinti sektorunda olan korrupsiya bu sahədə keyfiyyətə imkan vermədi. Zəlzələ bu sektorda olan korrupsiyanı ifşa etdi. Yalnız bir bələdiyyənin ərazisində tikintidə korrupsiya yox imiş.

Bu fakt göstərir ki, hətta kiçik məmur belə korrupsiyaya qalib gələ, keyfiyyətli işə zəmin yarada bilər, əgər istəsə. Türkiyədə başqa sahələr, o cümlədən təhsil sektoru keyfiyyətlidir.

Bizim isə bütün sahələr, o cümlədən təhsil də elə Türkiyənin tikinti sektorunun günündədir. Təhsildəki zəlzələlər isə daha dağıdıcı olur, bir regionu yox, bütün ölkəni viran edir, bütün gəncliyin gələcəyini məhv edir. Təhsilimizdə isə düz 20 ildir fasiləsiz zəlzələlər baş verir, milyonlarla insan bundan ziyan çəkir, amma heç kimin ruhu da incimir, narahat olmur.

DİM hər il tələbə qəbulu və məktəblərin buraxılış imtahanlarının nəticələrini elan edəndə, bir zəlzələ baş verir. Amma bu zəlzələdə məsul kadrların heç burnu da qanamır. Nə olur məktəbliyə, valideynə, müəllimə və məktəbə olur.

Bu biabrçılıq artıq 20-25 ildir davam edir. Bizim TN fəaliyyətinə baxanda lap ATƏT-in rəhmətlik Minsk qrupu yadıma düşür. Onlar da illərcə belə, keyfiyyətsiz və nəticəsiz işlədi. Amma onların itirəcəyi bir şey yox idi, biz isə 20 ildir ki, çox şey itiririk.
 
Paralel.az
 
0.015361070632935