31 il daşa dönmüş xatirələr
Buz əridən ana fəryadı
Xocalı soyqırımından qaçaraq Qubaya sığınan Laləni ilk dəfə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"ndə tanımışam. Qaçqınlıq həyatı Lalənin zərif alnında elə dərin izlər salıb ki, Xocalıya, doğma yurduna dönsə belə, bu izlərin silinməsi mümkünsüz kimi görünür. İlk gündə gördüyüm kimi, daim xəyaldadı, kimisə, nəyisə gözləyir...
Dünən də həmin kompleksdə, Laləylə bir yerdəydik. Ön sırada bayrağımıza sarılmış azyaşlı oğlan gördüyü mənzərəyə, nənəsinin sakit səslə anlatdıqlarna elə diqqət kəsilmişdi ki...
Nənə 1918-ci ıl, Quba soyqırımı haqqında danışır, oğlan hadisəni yaşayırmış kimi dinləyirdi.
Çünki 1918-ci ıl türkün yaddaşından silinməyəcək bir tarixdi. Ermənilərin Azərbaycan türklərinə yaşatdıqları qorxunc olay türkün soyqırımıydı.
Memorial Kompleksindəki insan kəllə sümüklərinə sancılmış dəmir çiviyə baxırıq... Çivi dört yaşlı uşağın başından tapılıb. Görünən mənzərə ondan xəbər verir ki, vəhşi ermənilər gənc, yaşlı, körpə demədən hər kəsi böyük bir amansızlıqla qətlə yetiriblər. Bu soyqırım öz amansızlığı ilə bir daha tarixdə təkrarlanmayacaq qədər qorxunc görünsə də, lakin yenidən Xocalıda baş verdi. Əsrlər, qərinələr keçsə də unutmayacağımız bir hadisə oldu Xocalı hadisəsi. Bunu sadəcə özümüzə deyil, dünyaya nə qədər anlatmağa çalışsaq belə, azdır.
Muzeylə tanışlıq bitti, Lalə hələ də düşüncələrə dalmış şəkildə məzarlığı tərk etmək istəmir. Öz-özünə danışır: “Sən necə də haqlı idin. Xocalı soyqırımı 1918-ci ilin soyqırımının davamıydı”, deyir.
O məşum gecədə erməni güllələrindən onu qorumaq üçün bağrına basaraq üzü-üstə düşən anasının soyumuş bədənindən ayrılarkən nələr yaşadığını hər il görüşdükcə danışır və danışdıqca da yaşadığı anların təsirindən gözləri sanki hədəqəsından çıxmış kimi görünür. Bütün olub, keçənləri düşündükcə ağlı, ruhu az qalır onu tərk edə.
«Bu gün nənəmin sayəsində yaşıyıram, məni o qarlı gecədə erməni güllələrinin altından qaçırmağı bacarmışdı. Mənə, qızımın biricik yadigarı deyirdi. Bunu heç unutmaram»,- deyir.
Unudulası deyil. Azərbaycan ona dikilən xəyanətkar gözlərin hədəfi olduğunu necə unutmaq olar ki? Babəkin, Cavanşırın ölümünə səbəb olan o nankorları “Kitabi Dədə Qorqud” qara donlu kafirlər olaraq tanıdır bizlərə. Adları üstündədir o varlıqların ...
Dinc durmaq onlar üçün deyil. Son iki əsrdə ictimai-siyasi vəziyyəti öz xeyirlərinə dəyişməyə qədər nail olan erməni şovinistləri türk millətinə qarşı etnik təmizləmə siyasəti aparıb və bu gün də davam edir. Ardıcıl və məqsədyönlü şəkildə apardıqları təcavüzkarlıq siyasətini 1905-1906, 1918-1920, 1948-1953-cü və 1988-1993-cü illərdə də acımasızcasına həyata keşiriblər. Azərbaycanın müxtəlif bölgələrində İrəvan, Qars, Naxçıvan, Bakı, Quba, Şamaxı, Şuşa ərazilərində həyata keçirdikləri qətliamlar minlərlə soydaşımızın ölümünə səbəb olub. Onların öz yurdlarından didərgin düşməsinə, minlərlə milli mədəni dəyərlərimizin məhv edilməsinə səbəbkar olublar.
Tarix boyu yaşadığımız ən ağır faciələrdən birinin, Xocalı faciəsinin 31-ci ildönümünü qeyd etməyə hazırlaşırıq. Xocalı sakinlərinin hələ də gözləri yolda, qulaqları səsdə, yurdlarına dönəcəkləri günü gözləyirlər. Yeganə təskinlik tapdıqları məkan paytaxtın Xətai rayonunda yerləşən Ana harayı - Xocalı soyqırımı abidəsinin qarşısıdı. Vədə yetişəndə əllərində bir dəstə gül, gözləri nəmli seyrici olurlar balası əlində fəryad edən daş heykələ. Buz heykələ dönmüş üç balasını Xocalı meşəsində qoyub gəlmək məcburiyyətində qalan Sədaqət ananın lal fəryadı isə daş heykəlin fəryadına qarışır...
Düz 31 ildir köksündə daşa dönmüş xatirələri dilə gətirdikcə adamın damarlarında qanı donur. 1981-ci ildə dünyaya gətirdiyi ilk övladı Nəbini, sevincini doyaraq yaşaya bilmədiyi qız balası Sevinci, son beşiyi olan Romanı nə ümidlərlə, hansı əziyyətlərə qatlaşaraq böyütdüyündən danışanda kəlmələri doğazında düyünlənir. O ümidlər ki, bir gecədə hamısı buza dönmüşdü. «Həmin gecə ermənilər hər tərəfdən Xocalını mühasirəyə aldılar»,-deyir. Əlacsızlıqdan üz tutur Qarqar çayına. Balalarını kürəyinə alıb buzu qıra-qıra çayı keçib, ac-susuz, yalın ayaqla üç gün, üç gecə o qarlı meşədə gəzir. Üç balasını şalına bükür, buzlamış əl-ayaqlarını nəfəsiylə qızdırmağa çalışır, amma xeyiri olmur. Meşə balalarını əbədiyyən alır soyuq qoynuna, zalımcasına. Donmuş övladlarını ağacların dibinə qoyub uzaqlaşır.
Yenə həmin tarixi gözləyir. Ki, qübarlı qəlbilə, qürurla dik tutduğu başındakı agarmış saçlarına qışın sazağı sığal çəkərək, ağır, hüzün dolu addımlarla minlərcə ziyarətçisi olan heykəlin önünə gəlsin.
Tarixə əbədi həkk olunmuş 26 fevral Azərbaycan xalqı var olduqca təqvimdə öz müqəddəsliyini qoruyub saxlayacaq.
Bu tarixlər ona görə müqəddəsdir ki, xalqımızın ərazi butövlüyü uğrunda apardığı çoxillik mübarizənin qələbə ilə başa çatmasına, milli mənlik şürunun oyanmasına, qəhrəmanlıq tariximizin ən şanlı səhifələrindən biri olmasına şahidlik edirlər.
Xocalı faciəsi barədə mövcud faktları zaman-zaman dünya ictimaiyyətinə kitablar, qəzet və jurnallar, ümumiyyətlə mətbuat vasitəsilə çatdırmağa çalışsaq da, dünyanın bu faciə barəsində reallığı bilməsi üçün bu işi ardıcıl etmək borcumuzdu. Çünki bu hadisə insanlığa, bəşəriyyətə qarşı yönləndirilmiş ağır cinayətdi.