Putindən nə gözləyək?
Qəzənfər Həmidoğlu:
Putin başı kəsilmiş toyuq kimidir, ora-bura hoppanır, ətrafı qana bələyir. Rusiya liderinin fevralın 21-də Federal Məclisə müraciətini də güman ki, bu kontekstdə dəyərləndirməli olacağıq...
Xatırladaq ki, düz bir il əvvəl, 2022-ci il fevralın 21-də Putin Donbas separatçılarının qondarma “DXR” və “LXR” qurumlarını tanımış, ertəsi gün Federasiya Şurası dövlət başçısına xarici ölkəyə qoşun yeritmək səlahiyyəti vermiş və və üç gün sonra Kremlin sahibi müharibə elan etmədən xaincəsinə Ukraynaya soxulmaq qərarı vermişdi.
Kremlin qarşıdakı ikigünlük ssenarisi bundan xəbər verir ki, Putinin yeni hoqqasının şahidi ola bilərik. Çərşənbə axşamı günü Putin Federasiya Şurası və Dövlət Dumasının üzvlərini Kremldə toplayıb ənənəvi moizəsini edəcək, köhnə narrativlərini təkrarlayacaq. Çərşənbə günü Federal Məclis və ya Dumanın fövqəladə iclası olacaq. Tarixi təcrübə belədir: bu qanunverici orqanlar növbədənkənar iclaslarında adətən Putinin gedişlərini qanuniləşdirməklə məşğul olurlar. Məsələn, ya Krımın ilhaqını təsdiq edirlər, ya Putinin harasa qoşun göndərməsinə razılıq verirlər, ya da hansısa əraziləri Rusiyaya yapışdırırlar.
Fevralın 22-də Kreml həm də mitinq-konsert planlaşdırıb. Putinin elə bir “tarixi gediş”i olmalıdır ki, ertəsi gün parlamentdə təsbit edilməli və sonra da “Lujniki” stadionunda bayram edilməlidir.
Ukrayna müharibəsinin bir ili Kremlin hərbi-siyasi fiaskosunu ortaya qoydu, “Böyük Rusiya və möhtəşəm ordusu” barədə uzun illərin hay-küyü boşa çıxdı, Rusiya cəmiyyətinin hərb tərəfdarı olan böyük bir qisminin Putinlə bağlı gözləntiləri hələ basdırılmadısa da, ciddi şəkildə sarsıldı – zombiləşmiş xalq etiraf etmir, amma məyusdur və anlayır ki, rus ordusu Ukrayna bataqlığında çapalayır.
Rusiyanın hədəfi yalnız Ukraynanı işğal etmək və postsovet məkanında keçmiş hökmranlığını bərpa etmək deyildi, həm də Qərbi diz şökdürmək və Rusiyanın gücü ilə hesablaşmağa məcbur etmək idi. Amma Kreml umduğunu bulmadı, üstəlik, artıq işlər tərsinə gedir.
Düzdür, indi Kreml sahibinin imkanı yoxdur ki, hansısa böyük bir qələbədən danışsın, amma Putin rusları “itirilmiş ümidlər” kompleksindən çıxarmaq üçün simvolik olsa da, hansısa uğurlardan dəm vurmalı, hansısa nailiyyəti təqdim etməlidir. Məsələn, RF prezidenti 21 fevral xitabında deyə bilər: “Xüsusi əməliyyat” hədəfinə çatıb, ruslar yaşayan ərazilər azad edilib və Rusiyaya birləşdirilib, Ukraynanın demilitarizasiya və denasifikasiyası davam edir, Rusiya NATO ilə döyüşür, dünyaya gücünü göstərir, amma Rusiya “sülhpərvərdir”, hərbi dayandırıb danışıqlara hazırdır, falan-filan və peşməkan…
Amma bu, bəs etməz, ortaya əllə tutulacaq nəticə qoyulmalıdır. Digər tərəfdənsə müharibə davam edir, Putin belə görünür ki, sonuncu rus qalanadək vuruşmaq istəyir. Bu fonda istisna edilmir ki, Kremlin sahibindən hər şey, ən ağlasığmaz qərar və gediş belə gözləmək olar. Federal Məclisə xitabı ərəfəsində Putinin hərbi-siyasi və təbliğat boxçasında güman ki, bu variantlardan bir neçəsi var:
• Nəzəri cəhətdən mümkündür ki, ”xüsusi əməliyyat”ın bitdiyi bildirilir, “müqəddəs müharibə” elan edilir;
• Sərhədlər bağlanır, hərbi vəziyyət tətbiq olunur və total səfərbərlik elan edilir;
• Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələri yeni ərazilər kimi Rusiyaya birləşdirilir. Təsadüfi deyil ki, Bu qondarma qurumların başçıları da Kremldəki xitabət məclisinə dəvət edilib. Düzdür, Abxaziyadakı qondarma qurumun saxta prezidenti Aslan Bjaniya bildirib ki, “Moskvaya səfəri zamanı Abxaziyanın RF-nin tərkibinə qatılması müzakirə olunmayacaq”.
• Kremə dəvət edilənlər arasında Lukaşenko da var. Kremləyaxın Telegram-kanallar eyham edirlər ki, Putin çıxışı zamanı həvəsə gəlib Belarusu da Rusiyaya birləşdirə bilər. Bu, az ehtimal edilsə də, “batka” ölkəsini de-fakto Rusiyanın bir vilayəti kimi idarə edir.
Federasiya Şurası və Dövlət Dumasının ertəsi gün növbədənkənar iclas keçirməsi də güman ki, bu variantların gündəmdə olması ilə bağlıdır. Amma bu gedişlər və tryuklar prinsipcə heç nəyi dəyişmir. Onsuz da müharibə gedir, səfərbərlik prosesi davam edir və ölkədə hərbi vəziyyətin və ya müharibənin elanı döyüşlərin gedişinə ciddi dəyişiklik edə bilməz.
Putinin xitabı şübhəsiz ki, bazar günü başa çatan 59-cu Münhen Təhlükəsizlik Konfransına da cavab olacaq. Münhendə bütün Qərb liderləri çıxışlarında həmrəylik nümayiş etdirdilər: Putin müharibəni udmamalıdır. Bəyan edildi ki, işğalçı və imperialist Rusiya və onun “revizionist” lideri Putin Ukrayna torpaqlarından rədd olub getmədikcə, Kiyevə hərbi, siyasi, humanitar və maliyyə yardımı davam edəcək, Qərb heç zaman “yeni Moskva imperializmi ilə barışmayacaq”.
Münhen konfransı Cənubi Qafqaz və Azərbaycan-Ermənistan danışıqları baxımından da Kreml üçün narahatedici oldu. Bəlli oldu ki, sülh danışıqlarında Rusiya variantı alternativsiz qalmayıb və ya Brüssel prosesi, Qərbin vasitəçiliyi (Fransasız) hələ canını tapşırmayıb. Üstəlik, Rusiyanın “Vardanyan layihəsi”nə qarşı Azərbaycan “qırmızı çizgisi”ni ortaya qoydu.
Prezident İlham Əliyev konfrans çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusundakı plenar iclasda Azərbaycanın Qarabağın erməni icması ilə bağlı “yol xəritəsi”ni ortaya qoydu və Putinin Vardanyan kartını açıq və kinayəli tərzdə vurdu: “Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir... Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”.
Maraqlıdır, Lavrov fevralın 27-də Bakıya Qərbin fəallıq və təşəbbüsünə, həmçinin Bakının “Vardanyan layihəsi” ilə bağlı qəti qərarına qarşı hansı kontrarqumetlər gətiricək?
Bütünlükdə, Münhen konfransı Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdırmadı, amma hər halda sülh ümidlərini bir qədər artırdı...
Paralel.az