"Dilimizi tarixin arxivinə atmağın millətə qayğıkeşliklə nə əlaqəsi ola bilər?!"
Günel Bayramova, Azərbaycan
Dillər Universitetinin baş müəllimi, italyanşünas alim, dilçi-komparativist
Türkiyənin böyük bir fəlakət içində olduğu bir vaxtda, türk xalqının bütün dünyanın dəstəyinə ehtiyacı olduğu bir vaxtda Şahbaz Xuduoğlunun “Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik” kimi ideyalarla çıxış etməsi provokasiya ola bilər. Bir ölkənin gənclərinin rus və ya türk dilində mütaliə etməsi həmin ölkənin dilinin yer üzündən silinməsinə səbəb ola bilməz.
Əgər yerli auditoriyanın əcnəbi dildə oxumasının qarşısını almaq istəyirsinizsə, niyə milli köklərimizin əsas atributu, milli mənliyimiz və kimliyimizin göstəricisi ana dilimizdə elmi-kütləvi, bədii, texniki və s. mənbələrin artırılmasına, dünya mənbələrinin dilimizə tərcüməsinin mütləqliyinə, elektron bazaların yaradılmasının tezləşdirilməsinə çağırışlar etmirsiniz, ey ziyalılar, akademiklər, alimlər və s.lər.
Saflığı hələ 1620-ci ildə italyan aristokratı Pietro della Vallenin Səyahətnamələrində, Türk dilinin qrammatikası (Azərbaycan dilinin orijinal qrammatikası -2020) əsərində qeyd olunan, ayrı-ayrı Avropa dilçi və səyyahların Venesiya, Vatikan əlyazmalarında əbədiləşdirilən məhz Azərbaycan türkcəsinin öz ziyalılarımız tərəfindən gözümçıxdıya salınmasının, ən azı son 20-30 ildə bu dildə bütün resursların canlandırılmasına təşəbbüs edilməməsinin, yaxud çox zəif təşəbbüs edilməsinin səbəbi nədir?! İngilisə, rusa, farsa rəğbəti əldə dəstək edib dilimizi tarixin arxivinə atmağın millətə qayğıkeşliklə nə kimi əlaqəsi ola bilər?!
Bu gün türk dili də, Azərbaycan dili də hər biri öz rəngarəngliyi, unikallığı ilə millətlərimizin ortaq və fərqli cəhətlərini, gen yaddaşını özündə daşıyır. Bu gen yaddaşını bizim genimizdən silmək istəyənlərin, ən çox da belə həssas məqamda belə mövzuları gündəmə gətirənlərin xoş niyyəti hiss olunmur.
"Paralel.az"