FATİHƏ surəsinin tövhid-azadlıq bağlamında oxunuşu deyir ki...
Siracəddin Hacı:
- Fatihə açılışdır, insan azadlığının, ağıl, vicdan və iradəsinin köləlikdən – şirkdən qurtuluşunun əsaslarını açıqlayır – Qurani-Kərim insan azadlığının yolunu göstərən KİTABDIR;
- Qurani-Kərimi oxuyarkən daşlanmış şeytanın şərindən Allaha sığınırıq, bu, ilahi buyruqdur. Şeytan Allahın əmrini yerinə yetirməkdən imtina etdi, şeytan oldu, bu, azadlıqdan imtinadır, köləliyi seçməkdir. Allaha təslimiyyətin nəticəsi azadlıq, üsyanın nəticəsi köləlikdir. Köləliyi seçən fitrətindən, ilahi təyinatından uzaqlaşar, şeytanlaşar, şeytanlaşdırar, lənətlənər – ilahi rəhmətdən – azadlıqdan uzaq qalar;
- Şeytanın şəri – bu, köləlikdir, şeytanın bircə məqsədi var, o da insanları Allahın yolundan – azadlıqdan uzaqlaşdırıb kölələşdirməkdir;
- İnsanın şeytanın şərindən – köləlikdən qorunmaq imkanı var – Rəhman və Rəhim olan Allaha sığın – Onun buyurduğu kimi yaşa, sığınan, təslim olan qorunar, azad olar. Allah buyurur ki, şeytanın xas qullarıma təsiri – onları kölələşdirmək imkanı yoxdur, xas qullar azadlığı – hidayəti seçmiş insanlardır;
- Fatihə surəsini oxumağa Rəhman və Rəhim olan Allahın adı ilə başlayırıq – Onu azad olmaq niyəti ilə oxuyur, mərhəmətlə azadlıq arasında bağ qururuq, azad insanın əlamətlərindən biri də mərhəmətli olmasıdır, köləliyin hər çeşidini rədd edirik, ağıl, iradə və vicdanımızı ilahi kəlamın dəyərlərinə açırıq – anlayan azad olar, azadlığın əsası elm, köləliyin qaynağı cəhalətdir;
- Şeytanın şərindən qurtulmaq cəhalətdən qurtulmaqdır, şər qaranlıqdır, köləlik zülmət, azadlıq nurdur. Qurani-Kərim insanı qaranlıqlardan – köləliyin hər növündən nura – azadlığa çıxaran – qovuşduran Kitabdır;
- Fatihə surəsi öncə Allahı tanıdır, bu, insanı da tanıtmaqdır, sınır qoyur, Allahın varlığı Özündəndir, əzəli, əbədidir, ölməz, ehtiyacsızdır, insan, o sıradan bütün yaradılmışlar çox, fani – ölümlüdürlər, ehtiyaclı varlıqlardır – Allahı tanıyan həddini, sınırını bilər, sınırını bilən azad olar;
- Həmd - ən gözəl öygü – tərif aləmlərin Rəbbi olan Allaha məxsusdur – ölçüsüz tərif insanı yoldan çıxarar, təkəbbürə yol açar, təkəbbür kölələşdirər. Allah insanı sınırsız tərifləməyi ona görə yasaqlayır ki, onu köləlikdən qurtarsın, həddini, yerini bildirsin, sən Allah deyilsən, ey insan, sınırlı, qüsurlusan, hər şeyi bilməyə, etməyə gücün çatmaz. Sınırsız tərif də, tənqid də insanın əxlaqını pozar, onu azadlıqdan məhrum edər, tərif xəstəsi insanlar başımıza bəla olar;
- O ər-Rəbb olan Allahdır, Sahibdir, Tərbiyəçidir, ağlını, iradəni, vicdanını Onun ölçüləri ilə tərbiyə et ki, Allahı və özünü doğru tanıyasan, tanıyan azad olar. O, aləmlərin Rəbbidir – yaradılan hər şeyin sahibi, tərbiyəçisidir, aləmlərin Rəbbi olan Allahla yaradılmış, möhtac, sınırlı, ölümlü insan bir ola bilərmi? Bunu anlasan, həddini bilər, sınırsız təriflərdən qaçar, kölə olmazsan – həddini bilən azad olar, həddini bilməyən ziddinə çevrilər, şeytanlaşar, kölələşər;
Ardı var...
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH AĞLIMIZI, VİCDANIMIZI, İRADƏMİZİ AZADLIĞA AÇSIN, GÖZƏL İNSANLAR!
Paralel.az