Türkiyədəki zəlzələ Azərbaycanda baş versə...
Hündürmərtəbəli binalarda yaşayanları fəlakət gözləyir
Türkiyənin Kahramanmaraş və digər on əyalətində baş verən zəlzələ hündürmərtəbəli binaların tam yarasız olduğunu üzə çıxardı. 7, 7 və 7, 6 bal gücündə baş verən 2 zəlzələ nəticəsində 13,5 milyon insan yaşayan ərazidə çox ağır faciəyə səbəb oldu. Dağılan və çökən binaların zəlzələyə dözməməsi binaları tikən şirkətlərin buraxdığı səhvlər üzündən kütləvi insan ölümü ilə nəticələndi. Hökümət səhv etdiyini gec də olsa, anladı və kütləvi insan ölümünə yol açan yararsız hündürmərtəbəli yaşayış binalarını inşa etmiş şirkətlərin rəhbər şəxslərini həbs etdi. Bu həbslər “daldan atılan daş” effekti versə də, hər halda, baş verən hadisəyə görə, hökumətin məsuliyyətini qətiyyən azaltmır.
Adətən dünyanın hər yerində hündür mərtəbəli yaşayış binalarının tikilməsi strateji məsələ kimi, dövlətin ciddi nəzarət altında gedir. Dövlətin tikinti üçün müəyyən etdiyi şərtləri yerinə yetirməyən tikinti şirkətlərinə yaşayış binası tikməsinə icazə vermir. İcazəsiz tikinti aparan şirkətlər müəyyən edildikdə isə, həmin şirkətlərə ən ağır cəza verilir.
Gəlin, Azərbaycanda son illər tikilən hündürmərtəbəli yaşayış binalarının vəziyyətini Türkiyədə baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələyə davamlılığı ilə müqaisə edək. Bəri başdan qeyd edim ki, ölkəmizin baş seysmoloqu Qurban Yetirmişli bu günlərdə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar ölkə televiziyalarına verdiyi müsahibədə bildirdi ki, son illər Azərbaycanda tikilən hündürmərtəbəli yaşayış binaları neçə bal gücündə zəlzələyə dözümlü olduğu müəyyən edilmədən istifadəyə verilib.
Azərbaycanda bütün növ tikilən binaların keyfiyyəti və zəlzələyə davamlılığını müəyyən edib, istifadəyə icazə vermək səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə verilib. Lakin, hətta zəlzələ olmadan belə, Bakıda yeni tikilmiş binaların uçma təcrübəsindən çıxış edərək, ehtimal edirəm ki, Azərbaycanda, o cümlədən çoxmərtəbəli yaşayış binalarının sürətlə tikildiyi şəhərlərdə 7 bal gücündə zəlzələyə davam gətirəcək binaların tikilməsinə inanmaq mümkün deyil.
Rüşvət və korrupsiyanın bütün sahələri təpə-dırnaq bürüdüyü Azərbaycanda hündürmərtəbəli yaşayış binalarının rüşvətsiz və qüsursuz tikilməsinə inanmaq qeyri-mümkündür. Ölkədə hündürmərtəbəli yaşayış binalarının tikintisi və satılması sahəsində mövcud olan çoxsaylı cinayətləri mübahisələndirməklə məşğul olan məhkəmələr hələ də işləri yekunlaşdıra bilmirlər. Yağışdan sonra çıxan göbələk kimi, çoxalan MTK-lar yüksək ballı zəlzələyə davamlı binalar tikmələri bir yana, dəlduzluqla məşğul olan MTK rəhbərləri camaatdan aldığı milyonlarla pulu mənimsəyir və dələduzluq məqsədilə bir neçə adama satılan evlərin pulunu geri qaytarmaq istəmirlər. Bu işdə məhkəmələrin də dələduzlara şərait yaratdığını nəzərə alsaq, vəziyyətin nə qədər dözülməz olduğu ortaya çıxar. Əgər ölkədə bu sahədə mövcud olan cinayət işlərinə nəzər yetirsək, başımız gicəllənər, hüşümuzu itirmək məcburiyyətində qalarıq.
Qayıdaq mətləbə. Yəqin yaşlı və orta yaşlı insanların xatirindən çıxmayıb. Bakı şəhərində sonuncu dəfə olan zəlzələ 2002-ci ilin noyabr ayında 5.6 bal gücündə baş verib və həmin zəlzələ nəticəsində hündürmərtəbəli binalardan uçanı olmasa da, xeyli binalar zədələndi, yalnız köhnə binalara ciddi ziyan dəydi. Bu nəticə ölkədə dövlətin nəzarətindən kənar tikilmiş hündürmərtəbəli yaşayış binalarının yüksək bal gücündə baş verə biləcək zəlzələyə davam gətirəcəyinə heç cür əsas vermir və artıq belə nağıllara xalq inanmır.
Düşünürəm ki, Azərbaycan hökuməti tikilib istifadəyə verilmiş bütün hündür çoxmərtəbəli yaşayış binalarını yubanmadan, təcili olaraq möhkəmlətmək və zəlzələyə davamlılığını müəyyən etmək üçün ciddi tədbirlər görməlidir. Bu zaman hər kəs rüşvət almağı özünü və xalqı məhv etməyə razılıq verirmiş kimi qəbul etməlidir. Zəlzələyə davamlıq dərəcəsi zəif olan binalarda mümkün möhkəmləndirmə işi aparılmalı və ya binanın xırda təsirdən uçmaq təhlükəsi varsa, həmin binada yaşayan insanlar üçün yeni bina tikilməsinə göstəriş verilməli, zəlzələyə davamsız tikinti aparmış şirkət rəhbəri barədə ciddi cəza tədbirləri görülməlidir.
Əks təqdirdə, Türkiyədə baş verən zəlzələnin Azərbaycanda təkrarlanmayacağına ümid edərək, xalqın kütləvi məhv olması ehtimalının gerçəkləşməyəcəyinə məsuliyyətsiz yanaşmaq ən böyük cinayətə əl atmaqdır..