Yalan vədlər, yoxsa gözə kül üfürməyin ADU modeli? - İtalyanşünas alim
Yalan vədlər, yoxsa gözə kül üfürməyin ADU modeli?
Aylardır, Azərbaycan Dillər Universitetində maaşların artırılacağı ilə bağlı şayiələrlə sadə müəllim kütləsini oyalayırlar. Hər kəs dinməz-söylənməz yanvar ayını gözləyirdi ki, yeni ildən əməkhaqlarında artım olacaq.
Dünən kafedra iclasında məlum oldu ki, havada gəzən şayiələr hava buxarının gözəgörünməz zərrəciyi qədər mif imiş! O mif ki, haqqında satirik dastanlar qoşulur* (bax: prof. Həbib Zərbəliyevin bəhs etdiyi “mıxolinqvistika” dastanı).
Zəhmətkeş müəllim heyətinin ümidlərinə ironiya edən ADU rəhbərliyi narazı müəllim ordusu yaratmaqla nəyə nail olmaq istəyir?!
Ölkə Prezidentinin müəllimlərin rifahını yaxşılaşdırmaqla bağlı çağırışlarına deyil, guya təkcə bir fakültənin - Tərcümə fakültəsinin - müəllimlərinin etirazına görə əməkhaqlarına naməlum gələcəkdə hansısa nisbətlə baxılacağının səbəbinin nədən qaynaqlandığını soruşan həmkarıma heç bir tutarlı cavabı olmayan, aylıq maaşı 5-6 il əvvəlki həyat standartında saxlamağı “budcədə pul yoxdur” deməklə əsaslandıran ADU rəhbərliyinin davranışları yeni suallara yol açır. Bu günə kimi heç bir dərslik, dərs vəsaiti, məqalə və s. çapına dəstək olmayan, hətta metodik və dərs vəsaitlərinin antiplagiat proqramından keçməsi xərclərini müəllimin çiyninə yükləyən, yüzlərlə ödənişli əsaslarla tələbəsi olan, üstəlik də, büdcəsinin təxminən yarısını dövlətdən alan bu qocaman ali təhsil ocağının büdcəsində niyə pul yoxdur?
Heç bir müasir təchizatla seçilməyən, ayaqyolundan yeməkxanasına qədər şəraitsizliyi aləmə səs salan, bir vaxtların nüfuzlu universiteti - Azərbaycan Dillər Universitetinin büdcəsində “pulun olmaması” müəmmalı görünmürmü?!
Paralel.az