AZƏRBAYCANDA BAŞ ELMİ İŞÇİNİN AYLIQ GƏLİRİ: 580 MANAT, 64 QƏPİK

AZƏRBAYCANDA BAŞ ELMİ İŞÇİNİN AYLIQ GƏLİRİ: 580 MANAT, 64 QƏPİK
 

Toğrul Vəliyev - İqtisadçı

"Azərbaycanda elmi fəaliyyətin vahid mərkəzdən idarə edilməsi dövrün tələbidir". Bu, "AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası" elmi jurnalının 2021-ci il, may-iyun nömrəsində dərc olun məqalənin başlığı idi. Məqalədə "dövrün tələbi"ndən başqa, elmə ayrılan vəsaitin ÜDM-də payının azalmağa doğru getdiyi qeyd olunurdu. Müəllif problemi aradan qaldırmağın yolundan danışır, "vahid mərkəzdən idarəetmə modelini tətbiq etmək məqsədilə AMEA-nın fəaliyyətini və strukturunu tənzimləyən normativ hüquqi aktlara ciddi dəyişikliklərin edilməsi"ni təklif edirdi. Sonraki hadisələr bu təklifin dəyərləndirildiyini göstərdi.

2022-ci il, iyulun 29-da prezident İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərman imzaladı. Ancaq fərmana əsasən elmi fəaliyyət bir yox, üç qurum (AMEA (Azərbaycan Milli Elmlər Akademiyası), Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi) arasında bölüşdürüldü. O zaman çoxları bu addımı "müsbət" qiymətləndirmişdi. Lakin “dövrün tələbi” yenə dəyişmişdi. Yuxarıda qeyd olunan yazının nəşrindən bircə il sonra təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov islahatların zəruriliyi haqda çıxış elədi, “AMEA-nın mövcud strukturu dövrün tələblərinə cavab vermir”, dedi.

Azərbaycanda elm necə inkişaf etdirilir?

AMEA-nın vitse-prezidenti, akademik İ. Həbibbəyli prezidentin fərmanını dəyərləndirərkən demişdi ki, islahatlar "ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycanda elm və təhsil daha da inkişaf edəcək". Buradan belə bir nəticəyə gəlmək olar ki, ölkədə elm və təhsilin inkişafına əngəllərdən biri də Botanika və digər institutların təhsil nazirliyinin strukturuna daxil olmaması idi. Eyni zamanda belə başa düşmək olar ki, AMEA-nın tərkibində qalan Tarix, Arxeologiya, Şərqşünaslıq, Fəlsəfə, Ədəbiyyat, Dilçilik, Memarlıq, Əlyazmalar, Folklor və Qafqazşünaslıq institutları inkişaf etməyəcəklər, çünki onlar təhsil sisteminə inteqrasiya olunmayıblar.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Şəfa Əliyev isə əminliklə qeyd edir ki, "Elm və Təhsil Nazirliyinin yaranması Azərbaycanda elmi tədqiqatlara dünyəvi yanaşmaların təmin edilməsini sürətləndirəcək". Təhsil İnstitutun direktoru Rüfət Əzizovun "Elmi inkişafın dəyər zənciri" məqaləsi isə, "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanı ölkədə elmin inkişaf zəncirinin qurulması üçün zəmin yaradır" sözləri ilə başlayırdı. Bir sözlə, dövlət qurumları nümayəndələri fərmanın elmin inkişafına səbəb olacağını deyirdilər.

Yaxşı, bəs elmin inkişafı harda görünür, necə ifadə olunur? Əlbəttə ki, müvafiq elmi nəticələrin əldə olunmasında. Bu elmi nəticələr nəyin hesabına əldə olunur? Əlbəttə ki, elmə ayrılmış vəsaitlərlə. Bütün dünyada belədir, elm dövlət hesabına maliyyələşir. Və praktikaya görə, elmə dövlət tərəfindən ayrılmış vəsaitin miqdarı ən azı ÜDM-in 2%-i həcmində olmalıdır. Bu, yalnız birbaşa xərclərdir. Başqa xərclər də var, məsələn, fundamental elmə ayrılmış xərclər vacib yeri tutmalıdır. Beynəlxalq Valyuta Fondunun saytında dərc olunmuş tədqiqat göstərir ki, ölkə iqtisadiyyatında innovasiyaların əldə olunmasının əsas yolu fundemental elmin inkişafından keçir. Yəni fundamental elmin inkişaf etmədiyi yerdə innovasiya gözləmək mənasızdır. Yeni texnologiyaların tətbiqinin əsasını ölkədəki startapların sayı yox, fundamental elmin inkişafı təmin edir. Həm də elmin bu istiqamətinin inkişafında əsas rol dövlətə aiddir (istər ABŞ-da, istər Danimarkada). Beləliklə, elmi inkişaf etdirmək istəyiriksə, əvvəl, əlbəttə, xərcləri artırmalıyıq. Bəs Azərbaycanda elmə ayrılan vəsait artırmı?

Elm üçün ayrılan vəsait 202 milyondan 228 milyona qaldırılıb

Azərbaycanın 2023-cü il dövlət büdcəsindən görünür ki, elm üzrə xərclər 202 milyondan 228 milyona kimi artıb. Ancaq xərclərin strukturunu detallı şəkildə araşdıranda ortaya maraqlı məqamlar çıxır. Büdcədə fundamental elmə (Akademiya fundamental elmə aiddir) ayrılan vəsaitin həcmi azaldılıb. Əsas azalma əməkhaqqı xərcləri üzrə qeydə alınıb. Bir sıra institutların Elm və Təhsil və Mədəniyyət Nazirliklərinə verilməsi də əməkhaqqı xərclərinin azalması ilə nəticələnib. Bu isə elmi işçilərin sayının azaldılması deməkdir. Yəni, AMEA-da 9640 nəfər məşğul idisə, indi 8,5-9 min məşğul olacaq (minimal əməkhaqqının 300-dən 345-ə qalxdığını nəzərə alsaq, vəsaitin təqribən 8,5 min işçiyə çatacağını ehtimal eləmək olar. Yeri gəlmişkən, birbaşa AMEA-nın ştat vahidi azaldılıb, büdcədən maliyyələşən işçilərin say həddi 3510-dur).

Bəs bunun elmə xeyri olacaqmı?

Aşağıdakı cədvəldən gördüyümüz kimi, elmə ayrılan xərclərin əsas hissəsi maaşlara gedir (cədvəl 1-də yalnız birbaşa əməkhaqqı xərcləri əks olunub, sosial ayırmaları da (DSMF, İSF, İTSDA) nəzərə almaq lazımdır). Halbuki, fundamental elm maaşdan ibarət deyil. Laborator tədqiqatlardan tutmuş, qazıntılara kimi—müxtəlif xərclər var. Bu istiqamətlər kifayət qədər vəsait tələb edir. Amma onlara qalan hissə çox azdır. Həm də qalan hissənin böyük qismi təmirə-filan xərclənir.

Maaş xərclərinin strukturu. Elmlə məşğul olanlar texniki işçilərdən az maaş alır

AMEA-da çalışan işçilərin sayının şişirdildiyini çox eşitmişik. Məsələnin maraqlı tərəfi odur ki, Nazirlər Kabinetinin 2015-ci ildə təsdiqlədiyi qərara görə, AMEA-nın büdcədən maliyyəşən işçilərinin say həddi 11200-dür. Ancaq Nazirlər Kabinetinin məlumatına görə, 2022-ci il, yanvarın 1-də AMEA-nın 9640 işçisi olub. Belə çıxır ki, AMEA işçilərinin sayı ilə bağlı rəqəmlər nəinki şişirdilməyib, əksinə, qurumda işçi çatışmazlığı varmış.

Bundan başqa, işçilər arasında gəlir bərabərsizliyi müşahidə edilir. AMEA-nın Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq maaşları və ayrıca hər hansı elmi-tədqiqat institutunda çalışan elmi işçinin maaşı müxtəlif qərarlarla tənzimlənir. Məsələn, AMEA-nın Rəyasət heyətində çalışan mütəxəssisin (ən aşağı vəzifə) aylıq maaşı 624 manatdır. Hər hansı elmi-tədqiqat müəssisəsində çalışan baş elmi işçi (mümkün ən yüksək rütbə) 604 manat, elmlər doktoru olduğu halda elmi dərəcəyə görə əlavə 100 manat alır. Yəni, Rəyasət heyətində çalışanlar əsasən texniki (mühasib, katib və s.) işçilərdir. Amma onların əməkhaqqısı daha yuxarıdır. Bu, kimdə stimul yarada bilər? Kim elmlə məşğul olmaq istəyər?

Həmçinin, nəzərə almaq lazımdır ki, AMEA-da maaş sisteminin bir sıra özəllikləri var. Burda elmi işlə məşğul olub, uzağı “elmlər doktoru” dərəcəsinə yiyələnmək olar.Yəni elmi iyerarxiyada bundan yuxarı heç nə yoxdur. Vəzifəyə gəldikdə, xüsusi vəzifə sahibi olmaq niyyəti olmayan elm adamı ən yaxşı halda baş elmi işçi vəzifəsini ala bilər (bu da ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazandıqdan 9 il sonra, ya da ixtisas üzrə elmlər doktoru olandan 5 il sonra mümkündür). Baş elmi işçisinin maaşı isə, yuxarıda qeyd edildiyi kimi, maksimum 704 manatdır.

Yuxarı əməkhaqqı alanlar AMEA-nın həqiqi (akademiklər) və müxbir üzvləridir. Üzvlüyün isə, elmi fəaliyyətlə birbaşa əlaqəsi yoxdur, üzvlük elmi dərəcə deyil, üzvlər müəyyən müddətdən bir keçirilən səsvermələr nəticəsində seçilərək, həqiqi və ya müxbir üzv olurlar. Doğrudur, adətən elmdə böyük rola malik olanları müxbir və ya həqiqi üzv seçirlər. Ancaq bu, şərt deyil. Buna baxmayaraq, həqiqi üzvlər öz vəzifə maaşlarına əlavə 2 min manat, müxbir üzvlər isə 1,2 min manat alırlar.

Fəlsəfə doktoruna ayda əlavə 60 manat verilir

Təxmini hesablama aparanda maraqlı vəziyyət yaranır. AMEA-nın saytındakı məlumata görə, 2022-ci ilin sonunda akademiyada 57 həqiqi və 88 müxbir üzv olub. Həqiqi və müxbir üzvlər çox vaxt elmlər doktoru elmi dərəcəsinə malik olur, institutlarda ya baş elmi işçi, ya direktor, ya da direktor müavini vəzifəsində çalışırlar. Akademiyanın həqiqi və müxbir üzvlərinin gəlirlərini, ortalama olaraq, baş elmi işçinin gəlirləri kimi hesablasaq, belə nəticəyə gəlirik: 2022-ci ildə 145 nəfər akademiya işçisinə azı 3,86 milyon manat əməkhaqqı verilib. Üstəlik, bu 145 nəfərdən 11-nin vəzifə maaşı Vahid Tarif Cədvəliylə yox, “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarla tənzimlənir. Belə olan halda bu adamların vəzifə maaşları 1976 manatı keçir. Nəticədə 145 nəfərin payına ən azı 4 milyon manat düşür.

Yuxarıda, cədvəl 1-də göstərmişdik: 9640 nəfərin ümumi maaş fondu 110,2 milyon manat təşkil edir. Yəni, 145 nəfərin orta aylıq nominal əməkhaqqısı 2,3 min manat təşkil etdiyi halda, 9,5 min işçinin orta aylıq nominal maaşı 931 manatdır (ehtimal ki, bu da reallığı əks etdirmir). Onu da nəzərə almaq lazımdır ki, reallıqda AMEA-da çalışanların böyük hissəsi ən yaxşı halda kiçik elmi işçi və böyük elmi işçi arasında vəzifələrdə çalışır. “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na görə bu vəzifələr Vahid Tarif Cədvəlində 9-14 ödəniş dərəcələrinə aiddilər. Bu ödəniş dərəcələri üzrə əməkhaqqı isə ayda 415-508 manat arasındadır. Çalışdığı sahə üzrə fəlsəfə doktoru olanlar ayda əlavə 60 manat alırlar.

Elmi seçərsizmi?

Təsəvvür edin ki, 15 ildən çoxdur AMEA-da çalışırsınız. Bu dövr ərzində elmlər doktoru elmi dərəcəsinə nail olmusunuz. Müvafiq stajınız da sizə baş elmi işçi vəzifəsinə yiyələnməyə imkan verib. Bu halda sizin formal gəliriniz ayda 704 manat olacaq. Amma vergilər və digər ödənişləri çıxanda sizə 580,64 manat çatır. Halbuki, sayı 3 dəfə çox olan dövlət qulluqçuların ortalama aylıq nominal maaşı, məsələn, 2021-ci ildə 1274,1 manat təşkil etmişdi (bu, ölkə üzrədir, Bakı üzrə 1731 manat olub). Hansı istiqaməti seçərsiz?

Bəs islahatlar nəyi dəyişdi? "Ümumi dövlət xidmətləri üzrə tətbiqi tədqiqatlara" ayrılan vəsait 2 dəfə artırıldı. Bu istiqamət üzrə çalışanlar (kimlərdir? hansı dövlət qurumuna dövlət xidməti üzrə tətbiqi tədqiqat lazım olur?) üçün əməkhaqqı da 3,5 dəfə artırıldı. Yəqin ki, əlavə ştat və s. yığmaq imkanları yarandı. Bəs fundamental elm?

Paralel.az

 

0.017189025878906