Odu odla söndürərlər

Odu odla söndürərlər
 

Qalib ARİF:
"Qısa qeydlər" silsiləsindən
Bizdə deyirlər ki, odu su ilə söndürərlər. Təəssüf ki, bir çox misallarımız kimi, bu da yalan olmasa da, yalnışdır. Əvvəla, suyu hər deyəndə tapmaq olmur. Tapandan sonra da dayanmadan daşımaq və odun üstünə tökmək lazım gəlir. Yeri gəlmişkən, su odu söndürsə də, yanğını söndürmür, əgər yanğın güclüdürsə, daha da gücləndirir. Odur ki, yanğın söndürən maşınlar sudan yox, köpükdən istifadə edir. Deməli, odu odla söndürərlər?!

Hörmətli oxucu, yəqinlik hasil olsun deyə, əyani və dəhşətli bir misal göstərim. Təsəvvür edin ki, biz sizinlə payız çağındayıq, yetişib saralmış taxıl zəmisinin düz ortasındayıq. Taxıl hər tərəfdən yanır (Allah göstərməsin!) və od sürətlə bizə yaxınlaşır. Belə ekstremal vəziyyətdə nəinki su tapmaq, heç qaçıb qurtarmaq da mümkün deyil. Su axtardıqca və oddan qaçdıqca, biz yanğına daha da yaxınlaşmış oluruq. Bəs nə etməli, sakitcə dayanıb odu-alovu gözləməli?! Təbii ki, yox, ölümdən başqa hər şeyin çarəsi var. Sadəcə olaraq, axtarmaq və tapmaq lazımdır...

Deməli, taxıl zəmisində 2x2 ölçüdə sahəni təmizləyirik. Yanğın təhlükəsi olanda, bu, lap yalın əllə 15-20 dəqiqəlik işdir. Sonra ətrafımızdakı taxıllara od vururuq və özümüz təmiz sahənin ortasında dururuq. Od-alov bizdən sürətlə uzaqlaşır və eyni sürətlə bizə tərəf gəlməkdə olan yanğına yaxınlaşır. Və bizdən uzaqda rastlaşırlar, qarşılaşırlar... Necə deyərlər, "itin dişi, donuzun tükü", nə qədər didirlər, bir-birini didsinlər. Axırda bir-birinin axırına çıxacaqlar, amma əmin olun ki, bizə toxunmayacaqlar...

Bəli dostlar, pazı pazla çıxarırlar, odu odla söndürürlər. Nəticə çəxarmaq isə, hər kişinin öz işidir...
Paralel.az

0.11214208602905