Zəlzələ və insanın qədəri

Zəlzələ və insanın qədəri
 

Siracəddin Hacı:
- Türkiyədə dağıdıcı zəlzələ oldu, zəlzələni tektonik silahlara, “dış güclərə”, qədərə bağlayanlar, onun qiyamətin əlaməti olduğunu deyənlər, yazanlar var – Qurani-Kərim buyurur ki, son saat – ona yanlış olaraq qiyamət günü deyirlər, qiyamət dağılmaq, çöküş deyil, qalxmaq, qiyam etmək, ayaqüstə durmaqdır – birdən, gözlənilmədən, qəflətən gələcək. Gözlənilmədən gələn bir şeyin əlaməti olarmı, qiyamətin əlamətləri ilə bağlı olan hədislər uydurma deyilmi?;

“Qədər” sözü də, “zəlzələ” sözü də ərəbcədir. “Qədər” sözünün əsas mənaları “qanun”, “ölçü”, “sistem”, “nizam”dır, “təqdir etmək”, “güc yetirmək”, “sahib olmaq”, “qiymət”, “plan”... mənaları da var – Qurani-Kərimdə “q-d-r” kökündən törəmiş sözlər 132 dəfə işlədilmişdir. “Zəlzələ” sözü də “titrəmə”, “sarsıntı” mənalarını daşıyır;

-Zəlzələni qədərə, dış güclərə, tektonik silahlara bağlamağın heç bir elmi əsası yoxdur, uydurmadır, məsuliyyətdən qaçışdır, vicdansızlıqdır...;
- Qurani-Kərimin inşa etdiyi qədər anlayışının içi boşaldılmış, bu söz semantik terrora məruz qalmış, gerçək mənasını itirmiş, alın yazısı olmuş, insandan heç bir şey asılı deyil mənası yüklənmiş, cinayətləri gizləmək vasitəsinə çevrilmişdir;

-Allah buyurur ki, O, hər şeyi bir qədər, ölçü, qanunla yaratmışdır (54/49), Onun təsadüf adlı qanunu yoxdur, təsadüf olsa idi, elm olmazdı;
- Yaradılan hər şey bir ilahi qanuna bağlıdır, Günəşin, Ayın hərəkəti, suyun axması, küləyin əsməsi, çiçəyin açması, ürəyin, qaraciyərin, böyrəyin işləməsi ... bir qanunla gerçəkləşir, qanun, ölçü olduğuna görə elm var, əmək, arayış, təhsil, öyrənmə də var;
- Zəlzələ də bir qanun – ölçü ilə baş verir, onun da elmi, alimi var;  

Allah buyurur ki, zəlzələ olacaq – zəlzələ nəticəsində torpaq özünü yeniləyir, bütün mineral, müalicəvi sular zəlzələnin nəticəsidir, ey insanlar, o hər an ola bilər, sən işini bu qanuna uyğunlaşdır, tədbirli ol, tədbirsiz, əməksiz təvəkkül yoxdur;
- Allahın qədər qanunu insanı məsuliyyətdən azad etməz, əksinə, ona məsuliyyət yükləyər, belə olmasa idi, insana ağıl, iradə verilməsinin, Rəsullar, Kitablar göndərilməsinin, əməyin, mükafatın, cəzanın, cənnətin, cəhənnəmin, hər kəsə yalnız əməyinin qarşılığı var ayəsinin ... anlamı qalmazdı;

Qədəri sadə misalla belə tanıda bilərəm: futbol oyununun qanunları var, bu qanunlar əsasında necə oynamaq, qələbə qazanmaq, məğlub olmaq futbolçudan asılıdır, qoşma, qəzəl janrlarının qanunları var, ancaq bu ölçülərə uyğun şeir yazmaq şairin ağlından, istedadından, qabiliyyətindən asılıdır, şahmatın qaydaları bəllidir, hər fiqurun hərəkət xətti var, ancaq necə oynamaq şahmatçıdan asılıdır, teatr tamaşasının, filmin senarisi var, hansı obrazı seçmək, onu necə oynamaq aktyordan asılıdır, sizə verilən imkanı xeyrə də, şərə də çevirə bilərsiniz, çünki iradəli varlıqsınız, savab da, günah da buna uyğundur;

- 7.7 ölçüsündə zəlzələnin olması qədərdir – bir qanunla baş vermişdir, ancaq zəlzələdə bu qədər insanın ölməsi qədər deyildir, qədərin-qanunun pozulmasının nəticəsidir, ölçüyə-qanuna-qədərə əməl etmək nemətə, onu pozmaq fəlakətə yol açar, bu qədər insanın ölməsi haramın, rüşvətin, elmsizliyin, məsuliyyətsizliyin, şüursuzluğun, qanunsuzluğun nəticəsidir, məsuliyyəti insanlara aiddir;
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH BİZƏ QƏDƏR QANUNUNU DOĞRU ANLAMAĞI, AĞIL, İRADƏ VƏ VİCDANIMIZIN HAQQINI VERMƏYİ, MƏSULİYYƏTLİ OLMAĞI NƏSİB ETSİN!
AMİN!

Paralel.az

0.027448177337646